1 Dekabr 2015 12:37
11 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilimizdə bəzi mürəkkəb adlar dilin lakoniklik tələblərinə cavab vermir. Rəsmi idarələrin adlarında belə bəzən ifrat sözçülük müşahidə olunur.

İdarəetmənin tələblərinə uyğun yaradılmış müəssisə və təşkilatların adlandırılması zamanı dilin tələblərinə uyğun abreviasiya (qısaldılmış adqoyma) mexanizmindən istifadə də aktuallıq kəsb edir. Bir sıra hallarda çətin tələffüz olunan qəliz abreviaturalar alınır.

Bəs nə etməli? İdarə və qurum adlarının sadələşdirilməsi daha məqsədəuyğun olmazdımı? Bu sualla mütəxəssislərə müraciət etdik.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov idarə və təşkilat adlarının yığcamlığına tərəfdardır. O hesab edir ki, bu adların çoxunda yanlışlıq var: “Onların bir qismi yeni qurum kimi həyatımıza, dilimizə təzə daxil olub. Müsbət haldır ki, yeni yaradılmış təşkilat və idarələrin adları Azərbaycan dilinin 2013-cü ildə çap olunmuş orfoqrafiya lüğətində ilk dəfə yer alıb. Onların doğru yazılış qaydalarını lüğətdən götürmək olar. Yəni orfoqrafiya lüğətindən istifadə edən hər kəs artıq yeni təşkilat adlarını asanlıqla yaza və mənimsəyə bilir.

Fikrimcə, bəzi idarə adlarında qüsur axtarmağa dəyməz, çünki onları başqa cür adlandırmaq və yazmaq, sadəcə, mümkün deyil. Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, Azərbaycan Beynəlxalq Bankı kimi adları nəzərdə tuturam. Çünki bunların adı da, ifadə forması da dil qaydalarına uyğunlaşıb. Həmçinin Heydər Əliyev Fondu, Dövlət Bayrağı Muzeyi, Dövlət Sərhəd Xidmətinin adları konkret və yığcamdır.

Ancaq elə idarə adları var ki, onlarda islahat aparmaq olar. Məsələn, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Bu adı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Komitəsi kimi yazmaq daha düzgündür. Burada “üzrə” və “dövlət” sözlərinə ehtiyac yoxdur. “Üzrə” bizim dilin sintaktik quruluşuna aid deyil, rus dilindən tərcümə ilə gələn modeldir. Azərbaycan Respublikasından söhbət gedirsə, məlumdur ki, dövlət qurumudur. Ona görə həmin söz artıqdır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin adı da dilimizə uyğun deyil. Onu Azərbaycan Respublikasının Diasporla İş Komitəsi kimi ifadə etmək olar. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu kimi adlar da bu sıraya aiddir. Hansı qurumun tərkibində “Azərbaycan Respublikası” sözü varsa, bu, “dövlət” sözünün ekvivalenti deməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının adında isə “yanında” sözü artıqdır. Əslində, Azərbaycan Respublikası Prezidentinin Ali Attestasiya Komissiyası adlanması daha məqsədəuyğundur. Bütün bunlar rusdilli sintaksisin konstruksiyasından irəli gəlir.
Eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası. Görün necə uzun adlardır. Onların abreviaturasını yazmaq və tələffüz etmək də qeyri-mümkündür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adında da “üzrə” hissəciyi artıqdır. Dövlətin Tələbə Qəbul Komissiyası adı daha məqbul variantdır. İfadələrdə “üzrə”, “yanında”, “dövlət” sözlərinin götürülməsi məzmuna xələl gətirmir.

Ümumiyyətlə, quruma ad seçiləndə Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınmalıdır. Elə təşkilatlar var ki, dil mütəxəssislərinə müraciət edir, onların fikirlərindən faydalanır. Əgər hansısa qurum adı dünyaya inteqrasiya nəticəsində başqa dildən tərcümə edilirsə, o tərcümə peşəkar dil mütəxəssisinin redaktəsindən keçməlidir. Əks təqdirdə qüsurlu nümunə ortaya çıxır.

Dövlət idarələrində və özəl qurumlarda dil mütəxəssislərinə ayrıca ştat da verilə bilər, onların xidmətlərindən müqavilə ilə də faydalanmaq olar. Dilçilərin idarə və qurum adlarını dəyişmək səlahiyyəti yoxdur. Biz sadəcə, tövsiyə verə bilərik”.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova deyir ki, təsdiq edilmiş idarə və qurum adlarında islahat aparmaq onların məzmununa xələl gətirə bilər: “Biri var qondarma adlar - onları sadələşdirə, ixtisar edə bilirik. Ancaq konkret müəyyənləşmiş adları necə dəyişə, onlara necə düzəliş verə bilərik? İkincisi, idarə və təşkilat adlarında məzmun öz əksini tapmalıdır. Terminologiya Komissiyası təsdiq olunmuş adları qısalda bilməz. Məsələn, bizim komissiya Nazirlər Kabineti yanındadır. Biz “yanında” sözünü ixtisar eləsək, qurumun adını necə ifadə edərik? Adlarda bir sözü ixtisara salsaq, funksiyası dolğun ifadə olunmayacaq.

Terminologiya Komissiyası olaraq dildə ağırlıq yaradan sözlərin qarşısını almağa çalışırıq. Ancaq məzmunun ifadə olunması naminə qurum adı 5-6 sözdən ibarət olsa belə, onu ixtisara salmaq düzgün deyil. Bəzi adları daha işlək formaya salmaq üçün abreviaturasını təklif edirik”.

Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi Sevinc Məmmədova qurum adlarının qısaldılmasını və sadələşdirilməsini məqsədəuyğun hesab edir: “Uzun və mürəkkəb idarə adları bəzən anlaşılmazlıq yaradır, abreviaturasının tələffüzü də çətin olur. Ancaq qurumlara ad seçiləndə Dilçilik İnstitutuna müraciət edilmir. Hər hansı yanlışlıqla bağlı tövsiyələr veririk, bu tövsiyələr isə ictimailəşmir”.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, idarə və qurum adları onların vəzifə və funksiyalarına uyğun gəlməlidir: “Mən özüm idarə və təşkilat adlarının qəlizliyi ilə bağlı problem olduğunu düşünmürəm. Ancaq belə bir problem varsa, müvafiq instansiyalara ya ayrı-ayrı dilçilər, ya da Milli Elmlər Akademiyasının müvafiq institutları müraciət edə, təkliflər irəli sürə bilərlər”.

Millət vəkilinin sözlərinə görə, qurumlara ad seçimi ilə bağlı qanunvericilik yoxdur: “İndiyə qədər elə bir ad olmayıb ki, dilçilərdə ciddi narazılıq yaratsın. Onu da deyim ki, təşkilat adlarının həddən artıq qısa olması vətəndaşlarda həmin qurumların hansı vəzifəni yerinə yetirməsi barədə suallar yarada bilər.
Şübhəsiz, dövlət idarələrinin adı aydın və anlaşıqlı olmalıdır. Özəl təşkilat adı isə artıq sahibkarın seçimidir və özünün nüfuzuna hesablanır”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər