2 Dekabr 2015 10:53
2 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı Azər Abdulla ilə müsahibəni təqdim edir.

– Azər müəllim, az yaşınız yoxdur, çoxlu əsərlər yazmısınız, bəs niyə yazıçı kimi o qədər də tanınmırsınız?
– Kəramət bəy, səni görüm məndən də çox yaşayasan, çox yaşamağın acısımı, şirini-sevincimi çoxdu, özün biləsən.

– Təşəkkür edirəm...
– Əslində, yaşıma görə az yazmışam. Az tanınmağımın çox səbəbi var, onlardan birinin suçu özümdədir. Qalan səbəblər də tale məsələsidi. Bir səbəbi də elə sənsən.

– Necə yəni, mənim günahım nədir?
– Hələlik sənin günahın nədir, soruşma, mənə elə gəlir, söhbət boyu cavab aydınlaşacaq...

– Xalq yazıçısı Anar müəllimi çox istəyən adamlar arasında mənə elə gəlir, səmimi olanlardan birisiniz. Yəni hiss olunur, ona olan sayğı-sevginizdə təmənna yoxdur. Bu istəyiniz necə yaranıb? Amma bəzən də bu şeylərə görə sizə sadəlövh deyirlər.
– Anar bəyə olan sayğı-istəyimin başlanğıcı uzaqlara, tələbə illərimə gedib çıxır. Altmışıncı illər Azərbaycanın ədəbi mühitində güclü Nazım Hikmət və Rəsul Rza havası vardı. Bu iki sənətçi ən çox sevdiyim, şeirlərinə vurulduğum şairlərdi. Anarı tanımadan ona ilkin rəğbətim, sevdiyim şairin oğlu kimi başlayıb, sonra gənc Anarın mətbuatda ilkin çap olunan maraqlı, gözəl hekayələrindən. Sonra iyirmi il Anar bəyin baş redaktoru olduğu “Qobustan” incəsənət dərgisində çalışdığım çağlar onun yüksək mədəniyyəti, dərin elmi, etikası, millətsevərliyi, etibarlılığı, insani keyfiyyətləri, geniş erudisiyası ona olan sayğımı-istəyimi ilbəil artırıb.

– Yəni səbəb bunlardır...
– Təkcə mənə elədikləri yaxşılıqlara görə deyil, bir yazar, bir sənətçi, bir vətəndaş kimi xalqına, türk dünyasına sonsuz məhəbbətinə görə Anar bəyə sayğılar-sevgilər bəsləmişəm. Türk olub, insan olub, ədalətli, insaflı olub Anar bəyi sevməmək mümkünsüzdür.

– Sizcə, sadəlövhlük pis şeydirmi?
– İkiüzlü, satqın, araqarışdıran, qeybətcil, yaltaq, paxıl, saxtakar, hiyləgər... bu kimi alçaq xüsusiyyətlərdənsə sadəlövhlük toya getməli cəhətdir. Sadəlövh adamın təsəllisi, ovunmağı budur ki, buraxdığı yanlışdan, səhvdən başqaları yox, özü ziyan çəkir.

– Siz nə vaxtdan yazmağa başlamısınız?
– Şeir yazmaq yox, şeir quraşdırmaq çabalarım çox gec olub, on səkkiz, on doqquz yaşlarımda. Özü də “yazdıqlarımda” hiss, duyğu deyilən şeylər yox idi. Quru, bayağı, didaktik, “fəlsəfi” şeirlərdi.

– Qalır o şeirlər?
– Yox, bir il ötəndən sonra onlar mənə gülməli gəldi, cırıb atdım. Yaşadığım ömrün bu ucalığından baxanda görürəm, məndə hər şey bir qədər gec alınıb. Deyəsən, həyata keçirə bilmədiyim bəzi missiyalarımı yerinə yetirmək üçün Tanrı mənə, bayaq dediyin kimi çox yaşamaq fürsəti verib.

– Deməli, birinci şeirlə başlamısınız, sonra nəsrə keçmisiniz...
– Elədir.

– Bəs niyə sizi daha çox yazıçı kimi tanıyırıq? Heç görməmişəm, kimsə sizin şeirlərdən danışsın.
– Ramiz Rövşənin gözəl esseləri, gözəl nəsr nümunələri var, ancaq onu şair kimi tanıyırlar. Mənə gəldikdə, görünür, nəsrim şerlərimi üstələdiyinə, şeirlərimin üstünə kölgə saldığına görədir.

– Bir fikir var. Deyir, bütün yaxşı nasirlər uğursuz şairlərdir. Razısınızmı?
– Deyirsən “bir fikir var”, onda olarmı dediyin məsələylə bağlı bir fikir də mən söyləyim...

– Buyurun.
– Əgər yaxşı nasir sözünü işlədirsənsə, o yaradıcıya uğursuz sözünü yamamaq insafdan deyil. İvan Buninin gözəl şeirləri olsa da o, nasir kimi tanınır. Mən ona uğursuz şair deməzdim. O, bütün gücünü, enerjisini şeirə versəydi, poeziyasını naz-nemətlə yemləyib bəsləsəydi, qayğısına qalsaydı, qüdrətli şair kimi də tanına bilərdi. Eləcə də Viktor Hüqo. Eləcə də Ramiz Rövşən qüdrətli nasir kimi tanınacaqdı.

– Siz hansı ədəbi nəsilə aid olunursunuz?
– Bu söhbətimizdə başqa bir müsahibəmdə verdiyim cavabı təkrarlamalı olacam: yaşıma görə altmşıncılar, yazdıqlarıma görə səksən, doxsanıncı illər nəslinə.

– Adətən, adamlar danışır ki, məni o vaxt çap eləmədilər, qoymadılar üzə çıxam və s. Bəs sizə kimlər mane olub?
– Çap işiylə bağlı ayrı-ayrı vəzifə, iş başında oturanları suçlandırmaq o qədər də insafdan deyil. Ümumi halda deyilsə, mane olan varlıq, zəhmindən adamın bütün varlığını donduran hamının içində “əyləşmiş” sovet rejimiydi. Ancaq bir nüansı-çaları da yaddan çıxarmaq olmaz. Hamı o rejimin, o mühitin içində olsa da adam vardı, hələ qış gəlməmiş yayın ortasında belə “titrədiyindən” pencəkdə, plaşda dolanırdı, adam da vardı, son baharın sonundakı sazağa-soyuğa meydan oxuyaraq mərdi-mərdanə yalın köynəkdəcə gəzirdi.

– Bəs rejimə meydan oxuyub “titrəməyənlər” kimləriydi, birinin adını çəkə bilərsinizmi?
– Birini niyə, ikisini də çəkə bilərəm.

– Çəkin...
– Anar bəyin “Qobustan”da, Əkrəm Əylislinin “Gənclik” nəşriyatında, sonrasa “Azərbaycan” jurnalında elədikləri cəsarət o çağlar üçün əsl igidlik idi.

– Sizin “Qəmərlidən keçən qatar” əsərinizi və “Gül yağışı” hekayələrinizi oxumuşam. Hər iki əsərin usta bir nasir qələmindən çıxdığı aydındır. Bəs niyə Anar müəllimin bir əsəri çap olunan kimi, hərə bir yazı yazır, hərə bir müzakirə, dəyirmi masa hazırlayır, amma sizin “Qəmərlidən keçən qatar”dan, “Gül yağışı”nızdan bir kəlmə söz deyən yoxdu?
– Gəl bu məsələyə ədalətlə yanaşaq. Birinci, boynumuza alaq, Anar sıradan bir yazıçı deyil. Onun gözəl nəsr əsərləri var. Tez-tez çap olunmağa da, xarici dillərə çevrilib nəşr edilməyə, əsərlərinin tamaşaya qoyulmağa, kinoya çəkilməyə, barəsində məqalələr, kitablar yazılmağa haqqı çatır. Bəzən onu görkəmli yazıçıların övladı olduğuna, valideynlərinin hesabına asanlıqla ədəbiyyata gəldiyinə görə ittiham edirlər. Gülməli deyilmi?

– Məncə, yox...
– Axı Rəsul Rza, İlyas Əfəndiyev kimi tanınmış başqa yazıçılarımız və onların övladları da olub. Hanı bəs onların övladları? Anar, yaxud Elçin barəsində yazanlara qadağamı qoyulmalıdır? Ötəcək iyirmi-otuz il, atan şair Qəşəm Nəcəfzadə, Xanəmir Telmanoğlu, Zahid Sarıtorpaq, Vaqif Bəhmənli, Şərif Ağayar, deyək ki, Rasim Qaraca daha da tanınacaqlar. İmişli, Qubadlı, Şamaxı, Füzuli, Əli Bayramlının ucqar kəndindən gəlib gah yataqxanada, gah evlərdə kirayəşin qalıb yerlə-göylə əlləşən otuz yaşlı istedadlı əsəbi, çılğın gənc şair əlli-əlli beş yaşlarında Kəramət Böyükçölün, Ərtoğrul Xanəmiroğlunun, Zahid Sarıtorpağın adını bilmədiyim övladının ədəbiyyata, yaxud, hər hansı bir sənətə, vəzifəyə əziyyətsiz, atalarının hesabına hazıra nazir yiyələndiyinizi deyəndə sən acı-acı, rişxəndlə gülümsəməyəcəksənmi? İndi qayıdıb bir nəzər salaq tənqidçi, ədəbiyyatşünasların və qəzet, jurnal baş redaktorlarının vicdanına, əxlaqına, ədəbi zövqünə. Əgər bunlar Anarın, Elçinin səlahiyyətinə, vəzifəsinə görə deyil, yalnız əsərlərinin dəyərinə görə bir-biriylə yarışıb yazırlarsa, bəs bu zavallılar görəsən, Əli Həsənli kimi iddiasız, ancaq özünü ədəbiyyata qurban vermiş, son dərəcə talantlı, öz üslubu olan nasiri nədən görməzliyə vururlar?

– Əli Həsənlini mən də tanımıram, yaşlımı adamdı?
– Məndən iki yaş balacadı... Onun barəsində on illərdi kimlərə danışmamışam. Avtoritet yazarlardan tutmuş, nüfuzlu, sözü keçən tənqidçilərəcən...

– Azər müəllim, bəlkə bəxtini bağlayıblar?
– Əli Həsənlinin yox, qəzet-jurnal redaktorlarının, tənqidçi, ədəbiyyatşünasların bəxtləri, gözləri bağlandığından onu duya bilmirlər. Əli bəyin “Qayıq”, “Xof”, “Sovxa adam”, “Səs”, “Qonaq”... (“Qonaq” hekayəsini bu ilin noyabr ayında “Kaspi” qəzetində çap elədiyinə görə Fərid Hüseynə alqışlar olsun) kimi beş-altı hekayəsinə çəkinmədən şedevr demək olar. Onun hələ altmışıncı illərdə yazdığı şeir, hekayə, esselərində postmodernizm nümunələrini, istedadlı yazıçı Həmid Herisçi oxusaydı, bədənindən şimşəkvari titrətmə keçərdi.

– Yeri gəlmişkən, yazıçının başını aşağı salıb yaradıcılığı ilə məşğul olması fikrinə münasibətiniz necədir? Ümumiyyətlə, yazıçının başı aşağı olmalıdırmı?
– Qələmlə yazdığım uzun illər qarşımdakı vərəqin üstünə əyilərək, həm də müqəddəs sözün, yazının qarşısında baş əyərək, sənin təbirincə desək “başımı aşağı salıb” yazmışam. Son vaxtlar bilgisayarla yazmağa başlayanda başımı qaldıraraq yazmaqdayam. (gülüş)

– Maraqlıdır...
– İndisə sualına ciddi cavab vermək istərdim. Bu sualın birbaşa mənə ünvanlanmasa da yenə də bir ucu gəlib mənə toxunur. Bir az öncə az tanınmağımın bir günahı da sənsən dedim. Mənimlə müsahibə aparırsansa, deməli, səninçün maraqlı adamam.

– Əlbəttə...
– Əgər maraqlıyamsa, son vaxtlar mətbuatda tez-tez adı hallanan “Qəmərlidən keçən qatar”, “Gül yağışı” yazılarımdan savayı nə üçün başqa yazılarımdan məsələn, Mehdi Bəyazidə həsr elədiyim “Söz havası”, yaxud, “Mismar” hekayələrimdən birinin adını çəkə bilmirsən? Əgər bir balaca maraqlansaydın, yeri gəlmişkən, “Babalarımızın ruhu inciyər”, “Sağalmayan yaralar”, “Bir görüş gecəsi”, “Ay bu ziyalılar, ay bu aydınlar” kimi onlarla publisist yazılarımdan bircəciyini oxusaydın, barəmdə belə düşünməzdin.

– İradlarınızda haqlısınız, amma mən məşhur əsərlərinizi oxumuşam, necə ki, Orxan Pamukun, Dostoyevskinin də bütün əsərləri ilə tanış deyiləm...
– Demirəm, bütün yazdıqlarımı oxumalıydın. Bir halda, mənimlə müsahibə aparırsan, onda az da olsa yaradıcılığımla tanış olmalıydın. Adını çəkdiyim, uzunçuluq olmasın deyə adını çəkə bilmədiyim bəzi yazılarımın altını çəkdiyim, yəni cəzalandığım da olub...

Bu müsahibənlə bağlı bir məsələni də vurğulamaq istərdim. Yazıçının, bir sözlə, sənətçinin misiyası birinci sırada namusla yazıb yaratmaqdır. Bütün sənətçiləri meydanlarda tətillərə, mitinqlərə qoşulmamaqda, siyasi məsələlərə qarışmamaqda suçlamaq, kürsülərdə alovlu nitq söyləməməkdə günahlandırmaq məncə, düzgün deyil. Qüdrətli yazıçı yazı masasının arxasında əyləşib başını aşağı əyərək susqunluq içində ədəbiyyatda inqilab edə bilər.

– Məsələn...
– “Qoca və dəniz”, “İvan İliçin ölümü”, “San-Fransiskolu cənab”, yaxud, Meşa Səlimoviçin “Dərviş və ölüm” əsərləri ədəbiyyatda, sənətdə zəlzələ, inqilab deyilmi?

– Azər müəllim, yaşlı yazıçılarımız tez-tez birinin də üstünə beşini qoyub danışırlar ki, biz cavanlıqda aləmi bir-birinə qatırdıq, heç kəsdən çəkinmir, heç kəsdən qorxmur, sözümüzü açıq, birbaşa dilə gətirir, məharətlə vuruşurduq. Bəs sizin gəncliyiniz necə keçdi, siz də vuruşurdunuzmu?
– Gözəl, qüdrətli əsərlər oxuyanda sarsılır, o səviyyədə yaza bilmədiyimdən əl-qolum boşalır, vuruşmağa həvəsim qalmırdı. Güc toplayıb özümə gələndən sonra özüm-özümlə vuruşurdum.

– Bilirsiniz ki, 1 Aprel aldatma günü kimi qeyd olunur. Siz də aprelin 1-də dünyaya göz açmısınız. Belə bir gündə doğulmağınızı necə yozursunuz? Yoxsa belə yozumlara inanmırsınız?
– On yaşımdan başlanıb bu çağacan doğum günüm ailəmizdə martın iyirmi birində qeyd olunmaqdadır. Anam deyirdi bayram günündə dünyaya gəldiyindən adını Bayram qoymaq istəyirdik. Bir aprel tarixinin yaş kağızıma hardan, necə düşdüyünü bilmirəm.

– Oğlunuz Alpay Azər də istedadlı nasirdir. Amma demək olar, o da sizinlə eyni xarakterdədir, eyni xasiyyətdədir. Hətta deyərdim, sizin kimi gülür, sizin kimi danışır, sizin kimi yeriyir... Yaradıcılığınızda da fikrimcə, oxşar şeylər yox deyil. Cəmiyyətdə baş verən hadisələrə münasibət, daha doğrusu, münasibətsizliyiniz bir-birinə çox bənzəyir. Ata ilə oğulun bir-birinə bu qədər oxşaması sizcə, yaxşı bir şeydirmi?
– Alpayla mənim bir-birimizə bənzəməyin ancaq dışarı görüntülərini tuta bilmisən. Bənzəməyən cəhətlərimiz daha çoxdur. Əlbəttə, öz qüsurlarımı, Alpayda görəndə kədərlənirəm. Ancaq hamıda olduğu kimi bənzəyişin əksəriyyəti irsi, genetik ötrüldüyündən doğal-təbii hal kimi baxır, ovunur, təsəlli tapıram.

– Bir nasir kimi, Alpayın yaradıcılığına münasibətiniz necədir?
– Çalışqanlığını, mütaliəsini, hər sözün, hər cümlənin üstündə əsməsini, bir hekayəsi ərsəyə gəlincə dönə-dönə qayıdıb işləməsini, yazısındakı incə yumoru, mətndə bəzi mətləbləri eyhamla verməsini, mənə tanış olmayan mövzulardan yazmasını dəyərləndirirəm.

– Hardasa Vaqif Səmədoğlunun sizə həsr elədiyi bir şeirini oxumuşdum. Vaqif müəllimlə yaxın dost idinizmi?
– Bəy, səncə dostun yaxını, uzağımı olur? Məncə, dost sözünün önündə sifət işlənməməlidir. Mən onun poeziyası kimi özünü də çox sevmişəm. Ciddi görkəmli, qaraqabaq görünən Vaqif Səmədoğlunun içi işıqla, adamı bir sayaq qüssədən ayırıb yüngülləşdirən, sevindirən yumorla dolu xeyirxah, müdrik insan idi. Kədərdə, qaranlıqda iynənin ucu boyda sevinci, işığı sezən həssas insandı. “Oğuz eli” qəzetində işlədiyimiz çağlar, bir-birimizə son dərəcə doğmaydıq, hər yarım saatdan bir otağımıza gələr, öz işıqlı yumoru, zarafatı, atmacalarıyla işçiləri sevindirib geri dönərdi...

– Həmin şeirdə Vaqif müəllim sizə sual vermişdi:

Azər, neyçin pis günlər,
Yaxşı gündən çox olur?

– Hə, bu misralar altmış illiyimdə mənə bağışladığı şeirdəndi.

– Bu şeirdəki suala necə cavab verərdiniz?
– Kəramət bəy, “Azdrama”da Vaqif bəyin yetmiş beş illik yubleyində kövrək, şirin səsiylə dediyi “O qədər suallar var, heç birinə cavab verə bilmirəm” sözlər yadındadırmı?

– Yadımdadır...
– Şairin şeirlə məndən soruşduğu bu sualın cavabını da Tanrıdan başqa bir kəs bilmir.

– Bildiyimə görə, Anar müəllim yaxın dostunuzdur. Bəs niyə Xalq yazıçısı olmursunuz? Hər halda, Yazıçılar Birliyinin sədri kimi təqdimatı Anar müəllim verir.
– Birincisi, bilməlisən, Anar bəy hər hansı bir ədəbi adı təkcə dostluğa, dostbazlığa görə deyil, ədəbiyyatın, yazının, dəyərinə, ona edilən xidmətə görə verir. İkincisi, sən dediyin adı vermək məsələsi, yazıqlar olsun, təkcə Anar bəydən asılı deyil. Üçüncüsü də istər yaş, istər təcrübə, istərsə də ədəbiyyatı bilmək baxımından sayın Anar bəy müqayisə olunmayan dərəcədə ədəbiyyatı, onun dəyərini, məziyyətini səndən də, məndən də yaxşı bilir. Bəlkə o, məni bir yazar kimi dediyin ada heç layiq bilmir. Ancaq bu an yadıma düşən bir məsələni deməliyəm.

– Buyurun.
– Bilməmiş olmazsan, birillik prezident təqaüdü almaq üçün adamlar Yazıçılar Birliyinə gedib necə dava-şava qaldırır, etik normalara sığmayan ədəbsizliklər edirlər. Kiməsə ağız açmadan, xahiş etmədən mən də, rəhmətlik Tofiq Abdin də Anar bəyin təqdimatıyla həmin təqaüdü almışıq.

– Azər müəllim, səhv eləmirəmsə, 75 yaşınız var. Əvvəl dediyim kimi, bir-birindən gözəl əsərlər yazmısınız. Amma məncə, siz də dəyərini, qiymətini almayan yazıçılarımızdan birisiniz. Düzünü deyin, buna görə narahtsınızmı? Buna görə heç əsəbiləşib, hirslənirsinizmi?
– Əli Həsənlidən, Vaqif Bayatlıdan, Ramiz Rövşəndən, Məmməd Orucdan... qabaq nəzərdə tutduğun o adı, yaxud, dəyəri mənə versələr, rahatsız olaram. Bəlkə bu cavabıma görə də məni yenə sadəlövh hesab edəcəksən... Mən ürəkdən gələn sözümü dedim.



Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər