7 Dekabr 2015 17:33
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhurlar “Günəşli” yatağında baş verən dəhşətli hadisə ilə bağlı təəssüratlarını Teleqraf.com-la bölüşüblər. Səslənən fikirləri təqdim edirik:

Nazpəri Dostəliyeva: “Neft buruqlarına dəfələrlə konsertlərə getmişəm. O insanların necə həvəslə işlədiklərinin şahidi olmuşam. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Orada yaşlı nəsil, gənclər var idi. Allah kömək olsun, itkin düşənlər tapılsın. Nə olursa-olsun hər həlak olan insanın baş daşı, qəbir evi olmalı, doğmaları ziyarətə getməlidir. Dünyadan köçən zəhmətkeş insanların yeri behişt olsun. Faciəyə görə özümü çox pis hiss edirəm. İki-üç gündür ki, xəbərlər məni çox sarsıdır. Allah bir də xalqımıza belə qara gün, peşmançılıq göstərməsin. Allah bütün Azərbaycan xalqını qorusun”.

Brilliant Dadaşova: “Çox üzücü hadisədir, xalqımızın başı sağ olsun. Faciədə doğmalarını, yaxınlarını itirən bütün insanlara səbr, dözüm arzulayıram”.

Nura Suri: “Bu faciəyə görə çox pis olmuşam. Allahdan xalqımıza səbr arzulayıram. Onu da deyim ki, bir müddət əvvəl bəzi insanlar Parisdə baş verən hadisə ilə bağlı profil fotolarına Fransa bayrağını qoymuşdular. Azərbaycanda böyük bir faciə olub, amma həmin insanların profil şəkillərində Azərbaycan bayrağını görmədim. Bu qədər insan faciəli şəkildə itkin düşüb. Bundan böyük dərd ola bilər? Onlar Azərbaycana görə öz profil şəkillərini niyə dəyişmədilər? Niyə dünya azərbaycanlıları xarici ölkələrdə Azərbaycan səfirliyinin qarşısına toplaşıb başsağlığı vermədilər, gül çələngi qoymadılar? Bu suallar mənim üçün açıq qaldı. Çox istərdim ki, millətimiz bir-birinin sevinci və kədərində bir olmağı, can yandırmağı bacarsın. Hələ ki, bunu hiss etmirəm. Bu hal ürəyim ağrıdır”.

Alim Qasımov: “Bu hadisə bütün ölkənin fəlakətidir. Xalqımıza səbr diləyirəm, dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verirəm”.

Məleykə Əsədova: “Çox pis olmuşam. “Günəşli” platformasında baş verən hadisə bizim üçün böyük faciədir. Ölənlərin ailələrinə səbir diləyirəm. Allaha dua edirəm ki, itkin düşənlər tapılsınlar. Allah valideynlərə, bacı-qardaşlarımıza səbir versin. Mənim bacımın yoldaşı da dənizdə işləyir. Küləkli günlərdə həmişə dənizdə olur. Allah bütün insanları, xüsusilə çətin işdə işləyənləri qorusun”.

Xatirə İslam: “Deməyə söz tapmıram. İki gündür şokdayam. Allah kömək olsun. Çox dəhşətli hadisədir”.

Elza Seyidcahan: “Başımıza gələn böyük faciədir. İki gündür ki, hər birimiz o faciəni yaşayırıq. İtkin düşənlərin ailələrinin, yaxınlarının, eləcə də, Azərbaycan xalqının gözü yolda qalıb. İnşallah, itkin düşənlərimiz tezliklə tapılar. Mən deyərdim ki, onlar vətən yolunda şəhid oldular. Alah rəhmət eləsin!”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər