Teleqraf.com “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov və aktyor Coşqun Rəhimovla müsahibəni təqdim edir.
- Mart ayında beş günlük “8 March” adlı konsert proqramı ilə Heydər Əliyev Sarayında çıxış edəcəksiniz…
Coşqun Rəhimov: Əslində, ildə iki dəfə – aprel və mart aylarında tamaşaçıların görüşünə gəlirik. Hazırda martda verəcəyimiz konsertə hazırlaşırıq. “8 March” adlı proqramı qadınlara həsr eləmişik. Burada müxtəlif parodiyalar, eləcə də, yeni səhnəciklər olacaq. Aktual, cəmiyyətdə baş verən hadisələrə toxunacağıq.
- Bu dəfə parodiya hədəfinizdə hansı müğənnilər olacaq?
C.Rəhimov: Axır tanınmışlar özləri-özlərini parodiya edirlər, bizim işimizi əlimizidəm alıblar. Amma bu vəziyyətdən çıxış yolu tapacağıq. Əslində, bizim işimiz parodiya yox, cəmiyyətdə baş verən hadisələrə yumor vasitəsilə münasibət bildirməkdir. Xoşumuza gələn veriliş, aparıcı olan zaman onu parodiya edirik.
- Ssenarist olaraq daha çox iş Müşfiq bəyin üzərinə düşür. Bütün parodiya hədəflərinizi Müşfiq bəy təyin edir?
C.Rəhimov: Təbii ki, ssenari müəllifi olaraq Müşfiq Abbasov təyin edir. Amma Müşfiq hansısa obrazı oynamaq təklif edəndə müzakirə edirik. O demək deyil ki, Müşfiq parodiyanı yazsın və sən mütləq onu oynayasan.
Düzdür, aktyor heç bir obrazdan boyun qaçırmamalıdır. Amma parodiyada sırf kimisə güzgü kimi göstərmək çox çətindir. Ona görə də məsləhətləşərik ki, nəyi edə bilərik, yaxud edə bilmərik.
- Heç olubmu ki, Müşfiq bəy hansısa obrazı sizə təqdim edib, amma son anda parodiyanı dayandırmısınız?
C.Rəhimov: Elgiz Əkbərin parodiyası səhnəyə çıxana qədər alınmırdı. Təsəvvür edin ki, ssenari yazılıb, konsertə az vaxt qalıb, amma parodiya alınmır. Amma konsert zamanı çox yaxşı alındı və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Səhnə çətindir, qrimi, geyimi və s. var.
Müşfiq Abbasov: Əksinə də olub. Bəzən konsertdən sonra hansısa obraz özümüzün xoşumuza gəlməyib deyə yığışdırmışıq.
C.Rəhimov: Səhnə möcüzəvi yerdir. Bir çox insanlar səhnəyə şadlıq sarayı kimi baxırlar. Onun da səbəbi qeyri-peşəkar olmaqlarıdır.
- Məşhurlardan kimi parodiya edərkən çətinlik yaşamısınız?
C.Rəhimov: Tək mən yox, Rəfael də parodiya eləyir. Aygün Kazımovanı, Könül Kərimovanı parodiya edərkən çətinlik yaşamışam.
M.Abbasov: Ən asan parodiya hədəfimiz müğənni Rəhim Rəhimli olub.
C.Rəhimov: Bəli. Ən rahat parodiya etdiyimiz aparıcı Elgiz olub. Səhnəyə çıxandan sonra tamaşaçıların qəbul etməsi, kulis arxasında uşaqların Elgizə çox oxşayırsan deməsi və s. bizə dəstək oldu. Bilirsiniz, aktyor üçün təkan olmalıdır. Ona istedadını, bacarığını ortaya qoymaq üçün istiqamət vermək lazımdır.
- Elza Seyidcahanı parodiya elədiyinizə görə sizi məhkəməyə vermişdi...
C.Rəhimov: Məhkəmədə biz qalib gəldik. Bizim bir neçə məhkəmə prosesimiz olub. 100 min civarında təzminat təyin edildi. Təzminat hələ də bizim hesaba oturur.
- Sonra barışdınız...
C.Rəhimov: Birinci dəfə parodiya etməyimizi nəzərdə tuturam. Hələ də bizə 100 min borcludur.
- Tamaşaçılar sizin konsertlərinizə çox gəlirlər. Digər həmkarlarınızın konsertlərində elə deyil. Necə düşünürsünüz, sizin daha çox sevilməyinizin səbəbi nədir?
C.Rəhimov: Ona görə ki, daha çox işimizlə məşğul oluruq. Deyirlər ki, hər aktyorun öz tamaşaçısı var. O fikirlə razı deyiləm. Tamaşaçı eynidir. Biz neynəyək ki, tamaşaçıların çoxu bizi seçib. Tamaşaçıya nə xoş gəlirsə, nəyi bəyənirsə ona can atır. O ki qaldı həmkarlarımıza, onlara da uğurlar arzu edirik. Hər birimizin öz yolu var.
M.Abbasov: Yəqin ki, biz daha milliyik, ona görə.
C.Rəhimov: Milli, səmimi...
C.Rəhimov: Biz səhnəyə güldürmək xatirinə çıxmırıq. Hədəfimiz insanları güldürmək deyil.
- Bəs, gələcəkdə nəyi planlaşdırırsınız…
C.Rəhimov: Ümumiyyətlə, biz ətrafda baş verən hadisələrə, mövzulara toxunuruq. Bizi nəsə incidir, ağrıdırsa, onu gülüş dili ilə cəmiyyətə çatdırırıq. Problem məni incit
məsə, o, rolu oynaya bilmərəm. Güldürmək üçün qadın paltarı geyinmirik, hədəflərimiz var.
M.Abbasov: Hadisənin, problemin həllinə çağırış var. Hamı o xüsusiyyətləri, özündə, dostunda, qonşusunda görür. Real hadisələrdir. Yəni ki, o tipli insanlar bu şəhərdə var.
- "Bu şəhərdə" komandası deyəndə hər üçünüz nəzərdə tutulursunuz. İllərdir dostluğunuzu, yaradıcılıq birliyiniz necə qoruyub saxlayırsınız?
C.Rəhimov: İnsani keyfiyyətlərimiz yüksək olduğuna görə dostluğumuzu qoruyub saxlayırıq. İnsani keyfiyyət nədir? Dostun ayağının altını qazmamaq, dostu arxadan vurmamaq, mətbəxi qonaq otağına çıxarmamaq və s. Yəni ki, nə baş verirsə özümüz həll edirik. Bizim də problemlərimiz var. Hər şey göründüyü kimi deyil…
- Nə vaxtsa “ayrı-ayrı fəaliyyət göstərsəydik də bu qədər tanına bilərdik” deyə düşünmüsünüz?
M.Abbasov: Bəlkə, bundan da çox tanınardılar. Rafael və Coşqun respublikada tanınmış aktyorlardır.
C.Rəhimov: Bizim hər birimiz öz yerimizdəyik. Düzdür, bizim də problemlərimiz, çatışmayan cəhətlərimiz var. Amma bunu özümüz həll etməyi bacarırıqsa, öhdəsindən gələ bilirksə, nə xoş bizə.
C.Rəhimov: Gərək yalnız sənətdə deyil, ailəndə, dostlarının, qohum-əqrəbanın içində də qəbul olunasan.
- “Parni iz Baku”nun üzvləri “Speys”, “Lider” kanallarının onlara qadağa qoyduğunu demişdi. Sizə necə, hansısa kanal tərəfindən qadağa qoyulubmu?
M.Abbasov: Əksinə, bizə dəfələrlə kosertimizin yayımlanması üçün təkliflər gəlib. Bütün televiziya rəhbərləri ilə gözəl münasibətlərimiz var. Bizə heç kim tərəfindən qadağa qoyulmayıb.
Sadəcə iki dəfə ayrı-ayrı vaxtlarda parodiya etməmək üçün xahiş ediblər. Biz parodiya etdiyimiz insanlara dostluğumuzu göstəririk. Heç vaxt parodiya ilə kimisə alçatmamışıq, tapdalamamışıq, şəxsiyyətinə toxunmamışıq. Əksinə, parodiya etdiyimiz subyekti yuxarı qaldırmışıq. Parodiya edilənin özü də, tamaşaçılar da ləzzət alıb.
Məsələn, Nanə Ağamalıyevanı parodiya edən zaman tamaşaçı tərəfindən alqışlanırsa, deməli, o, dəbdədir. Əgər Nanəni parodiya edən zaman səhnədə kəkələyən kimi təqdim etsək tamaşaçı o səhnəyə gülməyəcək. Çünki Nanə real həyatda kəkələmir.
Hər şeyi olduğu kimi göstərəndə uğurlu alınır. Bizə heç vaxt qadağa qoyulmayıb. Çünki biz ssenari də təkrarçılığa yol vermirik. Yalnız toy səhnəsidir ki, o səhnədə də mövzular təkrarlanmır. Dialoqlar fərqli olur.
- Bəs, kimsə deyib ki, məni də parodiya edin…
M.Abbasov: Bəli, belə xahiş bir neçə məmur tərəfindən olub. Deyiblər ki, mənim rəhbərlik elədiyim qurumda nöqsan varsa, parodiya edin. Eləcə də, müğənnilər, aparıcılar, aktyorlar deyiblər ki, bizi nə vaxt parodiya edəcəksiniz? Çünki hamı bilir ki, göz önündə olanlar parodiya edilir.
- Müşfiq bəy, ssenari yazarkən olub ki, ssenarini Coşqun üçün yazmısınız, amma obraz onda yaxşı alınmayıb. Yaxud da əksinə, Rafael üçün yazmısınız, obraz Coşqunda daha yaxşı alınıb?
M.Abbasov: 12-13 il əvvəl elə səhvlərə yol verə bilərdim. Dəqiq xatırlamıram. Amma ssenarini yazanda konkret bilirəm ki, Coşqun və Rafael nəyi bacarırlar.
C.Rəhimov: 15 il ərzində bir çox qruplar yarandı, amma tezliklə dağıldı. Amma "Bu şəhərdə" indiyə qədər stilini, formasını saxladı. İnkişaf edə-edə formamızı qoruyub saxlamışıq. Kiminsə bostanına daş atmıram. Qılınclayan, söz deyən, bizim sayəmizdə reytinq qazanmaq istəyənlər də oldu. Amma biz onlara sənətimizlə cavab verdik. Onların məqsədləri yox idi. Bu sənətə niyə gəldiklərini bilmirdilər. Təki onlar efirlərdə olsunlar. Bizi yaxın günlərdə hansısa efir məkanında görmüsünüz? Xeyr, çünki efirə çıxmağa can atmırıq. Mənim üçün Müşfiqlə hansısa ssenarini müzakirə eləmək daha maraqlıdır, nəinki televiziyada, hansısa maraqsız verilişdə iştirak eləmək. Həyasızlıq naminə bu işin qulpundan yapışmaq olmaz. Ona görə də abırlı aktyorlar kənara çəkiliblər. Bəzi aktyorlar özlərini gülünc vəziyyətə qoyub. Adlarını da aktyor qoyublar.
- Hansısa obrazınıza görə tənqid olunmusunuz?
C.Rəhimov: Bir az əvvəl keçən konsertimizin bəzi fraqmentlərinə baxırdıq. Deyirdik ki, filan səhnədə başq cür oynasaq, daha yaxşı olardı. Yəni ki, özümüz özümüzü tənqid edirik.
M.Abbasov: Birinci özümüz-özümüzü tənqid edirik.
- Bakıda “Bu şəhərdə” adlı restoran var idi. Sizin obyektiniz idi?
C.Rəhimov: Artıq “Bu şəhərdə” adlı restoran yoxdur.
M.Abbasov: “Bu şəhərdə”nin heç bir obyekti, biznes sahəsi yoxdur. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsində “Bu şəhərdə” brendini patentləşdirdik. “Bu şəhərdə”nin adından heç kimin hansısa məqsədlə istifadə etməyə ixtiyarı yoxdur.
C.Rəhimov: “Bu şəhərdə” adlı, market, avtosalon və iki restoran var idi. Hər birinin də rəhbəri başqa insanlar idilər.
M.Abbasov: Avtosalonun divarlarına Rəafel və Coşqunun fotolarını vurmuşdular. O bizə problem yaradırdı. Çünki insanlar elə bilirdilər ki, obyektlər bizimdir.
C.Rəhimov: Deyəndə ki, obyektlər bizim deyil. Düşünürdülər ki, yalan danışırıq, göz qaytarırıq.
M.Abbasov: Hansısa obyektimiz olsa konsertlərimizdə reklam edərdik.
Rəqsanə