Dünyanın, dünya ədəbiyyatının gedişini dəyişən, yeni bir yol, yeni bir cığır açan insanların həyatı həmişə diqqət mərkəzində olub. İstər sağlıqlarında, istərsə də ölümlərindən illər, yüzillər keçsin, onlar haqqında olan, ya da uydurulan çoxlu əhvalatlar oxumuşuq, oxuyuruq.
Tale dedikləri, bəlkə, təsadüflərdən ibarətdi, ya da kim bilir, bəlkə, zərurətdi. Adı hər nə olursa-olsun, tale bəzən heç vaxt bir-birini tanımayan insanları eyni yollardan keçirir. Bundan isə bəzən əsrlər sonra bəşəriyyət xəbər tutur.
***
XIX əsr Azərbaycan, eləcə də, ümumtürk ədəbiyyatının oyanış dövrüdür. Ədəbiyyatdakı divan ənənələri sıradan çıxır, köhnəlmiş ədəbi ənənələr öz yerini yeni janrlar, yeni ədəbi ənənələr, yeni yaradıcılıq prinsiplərinə verir.
Hər bir xalqın ədəbiyyatında baş verən inqilabi dəyişiklərin kökündə o inqilabı yaratmış şəxslərlə yanaşı, ictimai-siyasi vəziyyətin də mühüm rolu vardır.
XIX əsrin 50-60-cı illəri istər Azərbaycanda, istərsə də Türkiyədə ədəbiyyatın yeni mərhələyə qədəm qoyduğu zaman kəsimidir.
Yaxın və Orta Şərq maarifçilik hərəkatının, Azərbaycan ədəbiyyatında maarifçi realizmin öncüsü və avanqardı Mirzə Fətəli Axundzadənin yaradıcılığının ən parlaq dövrü bu illərə təsadüf edir.
Elə bu dönəmdə qonşu Osmanlıda da ədəbiyyatda yeni bir hərəkat vüsət almaqda idi. Bu, Tənzimat hərəkatı idi. Tənzimat Osmanlı imperiyasının 1839-cu ildə həyata keçirməyə başladığı islahatın adı idi və Osmanlının Avropa və Rusiya müdaxiləsinə qarşı öz varlığını qoruma çabası olaraq meydana çıxmışdı.
Dövlətlərin həyata keçirdiyi bütün islahatlar kimi, bu islahatlar da ədəbiyyatdan yan keçmədi. Avropa ədəbi modelinin türk ədəbiyyatına gəlişi də elə bu dövrə təsadüf etdi. 1860-cı ildə İbrahim Şinasi yaradıcılığı ilə başlanan Tənzimat ədəbiyyatı, Azərbaycan romantizminin təməl sütunlarından olan Hüseyn Cavidin də üzv olduğu “Sərvəti-fünun” (1895) ədəbi məktəbinin yaranması ilə başa çatdı.
Türk millətinin iki böyük ədəbiyyat dühası – Mirzə Fətəli Axundzadə və İbrahim Şinasinin həyat və yaradıcılıqlarındakı bənzərliklər, bəlkə də, eyni dönəmin nümayəndələri olduqları üçün daha çox diqqətimizi çəkir.
Hər iki ədib müxtəlif illərdə doğulub. Lakin onların hər ikisinin mövlud ili haqda üç versiya mövcuddur. Mənbələrdə Mirzə Fətəlinin 1811, 1812 və 1814-cü ildə doğulması haqda qeyri-dəqiq informasiyalar var.
İbrahim Şinasinin doğum tarixi ilə bağlı da üç versiya var: fərqli mənbələr 1824, 1826 və 1827-ci illərdə doğulması haqda məlumat verir.
Onların həyatının digər bir oxşar tərəfi hər ikisinin erkən yaşda atasından ayrı düşüb ana qohumlarının himayəsində böyüməsidir. Belə ki, Mirzə Fətəli hələ iki yaşında olarkən anası Nanə xanımla atası Mirzə Məhəmmədtağı ayrılır. Bundan sonra kiçik Fətəli anasının əmisi Axund Hacı Ələsgərin himayəsinə keçir və onun sayəsində mükəmməl təhsil alır. Onun vasitəçiliyi ilə Tiflisə gedərək baron Rozenin dəftərxanasında Şərq dilləri mütərcimi şagirdi vəzifəsinə düzəlir. Rus dili savadını artırmaq üçün rus məmurlardan birinə təhkim edilir.
Şinasinin atası yüzbaşı Məhmət ağa Rusiya-Osmanlı savaşında şəhid olduqdan sonra balaca İbrahim anasının qohumlarının himayəsinə keçir. İbtidai təhsilini Məhəllə Sıbyan Məktəbində, daha sonra Fevziyə Məktəbində tamamladıqdan sonra ailə dostlarının köməyi ilə Topxanada dövlət dairələrinin birində yazı işləri bürosunda işə başlayır. Burada yüksək rütbəli dövlət adamları ilə tanış olur, onlar vasitəsilə xüsusən fransız dilinə maraq göstərir. Bir fransız zabit ona fransız dilini öyrədir.
Axundzadə və Şinasinin həyatəndakı oxşarlıqlar bununla da bitmir. Onların hər ikisinin həyatının yönünü dəyişən müəllimlərinin olması diqqət çəkir. Axundzadənin müəllimi olan Mirzə Şəfi Vazehin onun həyatını dəyişməsi, aralarında keçən məşhur dialoq ədəbiyyatla maraqlanan hər kəsə məlumdur. Vazeh öz zəkası ilə molla olmaq istəyən bir gəncdən xalqın həyatına nüfuz edən, ədəbiyyatın dəyişdirilməsi mümkünsüz sayılan çərçivələrini qıran Mirzə Fətəli yaratdı.
Şinasi Topxanada İbrahim adlı müəllimdən ərəb-fars dillərini öyrənir. İbrahim əfəndinin köməyi ilə Şərq elmi-fəlsəfi dəyərlərini və mədəniyyətini yaxından tanıyır. Elə burada çalışarkən bütün dünyagörüşünü və yaradıcılıq istiqamətini dəyişən insanla, müsəlmanlığı qəbul edərək Rəşad adı alan Çateauneufla tanış olur. Qərb dünyagörüşünə olan rəğbəti onunla tanışlıqdan sonra oyanır və Parisə getməyə onun sayəsində nail olur.
Hər iki sənətkar keçmiş ədəbi ənənələrin mövcudluğu daxilində parlamağı seçmədilər. Çünki onların məqsədi öz varlıqlarını göstərmək yox, yeni bir cığır açmaq, bu cığır vasitəsilə xalqa çatmaq idi. Onların ədəbiyyata gəlişinə qədər köklü bir ədəbiyyat mövcud idi. Ancaq xalqdan uzaq olan, xalq üçün yox, müəyyən dairəyə hesablanmış, yalnız savadlı təbəqənin anladığı bu ədəbiyyat həm maarifçilik, həm də Tənzimat hərəkatı üçün qəbuledilməz idi.
Ancaq əsərlərini hər nə qədər yeni ənənələr əsasında, yeni janrda yazsalar da, onlar klassik irsə rəğbətlərini də gizlətmirdilər. Yaradıcılığa nəzmlə başlayan Axundzadə və Şinasi öz şeirlərini əruz vəznində yazmışdılar.
Axundzadənin 1850-ci ilə qədərki dövrü əhatə edən şeir yaradıcılığı “Dövrandan şikayət” mənzuməsi, “Puşkinin ölümünə Şərq poeması”, iki təcnis və bir neçə farsca mənzumədən ibarətdir.
“Dövrandan şikayət” Axundzadənin Vazehin təsiri ilə dini təhsildən uzaqlaşmasından sonra qələmə alınıb. “Səbuhi” təxəllüsü ilə yazılan əsərin birinci hissəsi onun yeni yol axtarışları haqqındadırsa, ikinci hissəsi Tiflisdə yaşayan “bilikli bir fəzilət sahibinə” həsr olunub.
Əruz vəznli şeirlərini “avam lisanında” və ya “saf türkcə” yazan İbrahim Şinasi əsərlərindən birini Osmanlı sarayındakı himayədarı Rəşid Paşaya həsr edir, onu maarifpərvər, xalqın səadət payı hesab edir.
Bununla belə, şeirin aparıcılığına qarşı çıxan sənətkarlar nəsr və dramaturgiyanı daha üstün hesab edirdilər.
Onların yeni tipli əsərlərində divan şeirinə xas olmayan yeni cəhətlər ortaya çıxır. Nəsr və dramaturgiyada forma, məzmun, ideya, fikir kimi yenilikçi məqamlar daha qabarıq şəkildə öz əksini tapır. Ailə-məişət və sosial problemlər gündəmə gəlir.
Azərbaycan ədəbiyyatında ilk Avropa üsullu komediyanın əsasını Axundzadə qoyur. “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri ilə Axundzadə xalqa “enir”, onun qaranlığını, tamahını, bu tamah uğruna aldanışını təsvir edir. Bu qaranlıqda bir işıq yanır – şair Hacı Nuru.
Şinasinin 1860-cı ildə yazdığı “Şairin evlənməsi” komediyası ailə-məişət mövzusundadır. Bu əsərdəki Müştaq bəy obrazı ilə Hacı Nuru obrazı arasındakı bənzərlik diqqəti çəkir. Ancaq süjet bənzərliyini nəzərə alsaq, bu əsər Axunzadənin “Hekayəti-xırs quldurbasan” əsəri ilə səsləşir. Əsərlərin hər ikisi evlilik mövzusu üzərində qurulub. Hər iki əsərdə fırıldaqla müəyyən nəticəyə nail olunsa da, sonda hadisələrin üstü açılır.
Türk ədəbiyyatşünasları Şinasi dramaturgiyası ilə Molyer komediyaları arasında bir bağlılıq görürlər. “Şairin evlənməsi” komik planda yazılsa da, içində bir dramatizm vardır” deyə ədəbiyyatşünaslar qeyd edir. Mirzənin əsərləri də ədəbi tənqidçilər tərəfindən Molyerlə müqayisə olunur. Hətta bəzi qaynaqlar Axundzadənin “Hacı Qara”sı ilə Molyerin “Xəsis”ini eyniləşdirirlər.
Azərbaycan və türk ədəbiyyatlarında qərb ənənələrinin öncüləri olan Mirzə Fətəli və İbrahim Şinasi qərb ənənələri ilə yazılmış ilk məqalələrin müəllifləridir. Şinasi “Tərcümani-əhval müqəddiməsi” adlı məqaləsi Tənzimat ədəbiyyatının ilk məqaləsidir. Axundzadə kritika, yəni tənqid sahəsində ilk məqalələrin müəllifidir. Onun “Nəzm və nəsr haqqında” məqaləsində təsvir etdiyi ideal şeirin tərifi Şinasi yaradıcılığında da müdafiə olunur. Axundzadə Firdovsi, Nizami, Cami, Sədi, Mollayi-Rumi və Hafizi “nadir vücuda gələn” şairlər hesab edir. Elə Şinasi də klassik ədəbiyyatın nümayəndələrini öz nəzm yaradıcılığına nümunə götürür. Mövzunun birliyi və formanın bütövlüyü hər iki sənətkarın yaradıcılığının əsas qayəsidir.
Mirzə Fətəlinin ən böyük arzularından biri əlifba islahatı idi. O, tərtib etdiyi əlifbanı Osmanlı sultanına təqdim etmək üçün bir neçə dəfə saraya gedir. Axundzadənin bu çalışmaları ömrünün sonuna kimi davam edir. Şinasinin həyatında da daim məşğul olduğu bir məsələ var idi. Ancaq o, azərbaycanlı mütəfəkkirdən fərqli olaraq əlifba yox, lüğət hazırlayırdı.
Axundzadə və Şinasi arasındakı daha bir ədəbi oxşarlıq isə heç birinin hekayə və roman müəllifi olmamasıdır.
İbrahim Şinasi Osmanlı hökumətinin rəsmi olaraq xaricdə oxutduğu ilk tələbədir. Parisdə təhsil alan ədib haqda bu günə qədər bir çox iddialar ortaya atılıb. O iddialardan biri də onun Parisə mason ustadı Rəşid Paşa tərəfindən göndərildiyidir. Sonradan İstanbula qayıdan İbrahim, Paşa tərəfindən vəliəhdə təqdim edilir. Hətta bu tanışlığın vəliəhdi masonluğa cəlb etmək məqsədi daşıdığı qeyd edilir. Böyük bir ədəbi hərəkatın öncüsü olan bir şəxsiyyətin ölüm zamanı, dəfni, dəfn yeri haqda heç bir məlumat yoxdur. Onun dəfnində hətta ən yaxın dostu Namiq Kamal da iştirak etmir.
Eyni iddialar Mirzə Fətəli haqda da zaman-zaman səslənməkdədir. Onun cənazəsinin günlərlə ortada qaldığı, heç kimin onu dəfn etməyə meyl etmədiyi kimi fikirlər uzun sürən müzakirələrə səbəb olub.
1849-cu ildə fransız dili bilgisini təkmilləşdirmək və təhsil almaq üçün Parisə gedən Şinasi altı il orada qalır. Bu müddət ərzində positivist düşüncənin ən önəmli təmsilçilərindən olan Ernest Renanla dostlaşır. Bu tanışlıq onun dünyagörüşünün dəyişməsinə səbəb olur. Əsərlərində də özünü göstərən positivist düşüncə tərzi bu tanışlığın bəhrəsidir. Onun əsərlərində lirizm çatışmazlığının da pozitivizmdən gəldiyi aydın görünür. Həqiqəti çılpaq göstərən, iman-ağıl arasında qalanda isə ağılı seçən sənətkar ağılçılığın ilk təmsilçisidir.
Allaha imanda İslamdan uzaq durmaq kitabsız din anlayışının Şinasi yaradıcılığındakı təzahürü idi ki, bu da Qərb dünyagörüşündə Volterlə birlikdə yayılmağa başlayan deizmin təcəssümüdür.
Gələk Axundzadə yaradıcılığında pozitivizm məsələsinə. Axundzadə yaradıcılığında “-izm”lərin mövcudluğu mübahisəli mövzudur. Ancaq pozitivizmin sırf adından da göründüyü kimi, müsbət nəticəyə hesablandığını iddia etmək olmaz. Pozitivizm baş verən hadisələrdə köklü səbəblər axtarmayan, olmuş faciələri belə olması gərəkən hadisələr kimi qəbul edən, gerçəyin görülə bilən əlaqələrlə sərhədləndiyini qeyd edən bir dünyagörüşüdür. Mirzə Fətəlinin komediyalarında bunun izlərini aydın görə bilirik. O, əsərlərində baş verən hadisələrin heç birini qeyri-adi hadisə kimi təqdim etmir, hər şeyi olduğu kimi qəbul edir. Bəzi ədəbiyyatşünaslar tərfindən onun əsərlərində baş verənlərin heç də olması gərəkən kimi olmadığı qeyd edilir. Bunu senzura, ya da ədibin vəziyyətlə barışması kimi qeyd edirlər.
Axunzadə “Aldanmış kəvakib” əsərində müvəqqəti olsa da, Şah Abbası taxtdan salır. Bununla despotizmin məhvinin mümkünlüyünü göstərir. Bu baxımdan onun yaradıcılığında hələ ibtidai formada da olsa, pozitivizmin rüşeymlərinin olduğunu qeyd edə bilərik.
Mirzə Fətəli Axundzadənin dini dünyagörüşü ilə bağlı iddialar “Kəmalüddövlə məktubları” əsərini yazdıqdan sonra yayılır. Feyzulla Qasımzadə onun ölüm döşəyində dediyi sözləri yazır: “Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətindən dirilərin necə xilas olduqlarının mənim üçün heç bir əhəmiyyəti yoxdur”.
Sovet ideologiyasının dini rədd etdiyi məlumdur. Axundzadənin son sözləri sovet ideologiyasının hakim olduğu ədəbi mühitdə ateizm kimi təqdim edilib. Lakin nəzərə almalıyıq ki, o, Allaha yox, dinə inanmadığını qeyd edir ki, bu da deizmə daha yaxındır.
Maddi və fiziki dünyanın varlığını əsas amil olaraq qəbul edən pozitivistlər bu baxımdan deizmə yaxınlaşır.
Vəfa Babasoy