29 Dekabr 2015 17:41
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səsi və üzü bizə doğmadır. Bilirəm niyəsini soruşmayacaqsınız, amma mən yenə də qısa xatırlatma edim. “İtkin gəlin”lə həyatımıza girən əməkdar artist Elşən Rüstəmov hazırda iki teatrda çalışır, yüksək reytinqlə nümayiş olunan “Bir ailəm var” serialı ilə demək olar ki, hər gün evimizə qonaq gəlir.

Onunla müsahibəni çoxdan istəsəm də görünür qismət bu günə imiş. Akademik Milli Dram Teatrının qonaqlar üçün ayrılmış məkanında görüşdük, söhbətimiz o qədər maraqlı oldu ki, foto çəkdirməyi belə unutduq.

Deyir, illər öncə sənətdən ayrılmaq qərarına gəlir. Özünü heç bir rejissorun aktyor komandasında görmür, səhnələrində çıxış etdiyi iki teatr da onun üçün doğma və əzizdir.

“Gündəlik Teleqraf”ın suallarını Əməkdar artist Elşən Rüstəmov cavablandırıb.

- Elşən bəy, Sizi necə təqdim edək: Gənc Tamaşaçılar Teatrının, yoxsa Akademik Milli Dram Teatrının aktyoru?
- Aktyor kimi təqdim edin. Kimisi Gənc Tamaşaçılar, kimisi də Milli Dram Teatrının aktyoru kimi tanıyır.

- Bu etirafım bir tamaşaçı etirafıdır: Siz məni təəccübləndirən aktyorlardansınız. Sizi ilk dəfə “İtkin gəlin”də gördüm, elə o vaxtdan istedadınızı illərlə kəşf edirəm və bir tamaşaçı kimi bu, xoşuma gəlir. Çalışqanlığınızı çox təqdir edirəm.
- Təşəkkür edirəm. Aktyorun inkişafı çox önəmlidir. Dediniz məni ilk dəfə “İtkin gəlin”də görmüsünüz. Amma mən ondan da öncə 1992-ci ildə “Etiraf” filminə çəkilmişdim. Özü də baş rola... Ssenari müəllifi Cəmil Quliyev, rejissor Şamil Əliyev idi. Amma kütləvi şəkildə “İtkin gəlin” serialından sonra tanındım. Bacardığım qədər çalışqan olmağa səy göstərirəm.

- “İtkin gəlin”ə çəkilməyiniz necə baş vermişdi?
- Serialın rejissoru Lütfi Məmmədbəyov mənim səhnə danışığı müəllimlərimdən biri olub. Həmin ərəfələrdə o, mənə ssenarini verdi. İlk və yeganə işbirliyimiz onda oldu. Tələbə idim, 3-cü kursda oxuyurdum. Və mən bu serialın efirdə yayımlanacağına bir o qədər də inanmırdım. Çünki o dövr çox qarmaqarışıq, çətin dövr idi. Serial televiziyada göstərildi və məni hamı tanımağa başladı. Ondan sonra boşluq olmadı, mütəmadi olaraq çəkilirdim. Hüseyn Mehdiyevin “Özgə vaxt”, sonra Eldar Quliyevin “Nə gözəldir bu dünya” və s. filmlərə çəkildim. Teatrdakı fəaliyyətim isə 1993-cü ildən başladı.

- Masallıda anadan olmusunuz. Aktyor olmaq üçün rayondan Bakıya gəlmisiniz. Nə qədər bu sənəti sevmək lazım idi ki, bu addımı atasınız.
- Məktəb yaşlarım sovet illərinə təsadüf edir. Gözəl dövr idi, hətta deyərdim ki, mənim “qızıl dövrlər”im idi. İstək var idi, çünki o vaxt çox uşaqlar filmlərdən imitasiyalar edirdilər. Rolları öz aramızda bölürdük, oynayırdıq, heç kəs bunun nə qədər ciddi olduğunu dərk etmirdi. Yuxarı siniflərdə oxuyanda mən qərara gəldim ki, aktyor olum. Və bu istiqamətdə səylə çalışırdım. 1988-ci ildə Bakıya gəldim, imtahan verdim, amma kəsildim. Moskvaya getdim, bir ildən sonra qayıtdım və bu dəfə qəbul olundum. Görünür istəyim güclü olub ki, Moskva illərimdə də bu istəklə yaşamışam. İkinci kursda oxuyanda da “Etiraf”da baş rola çəkildim.

- Aktyorun şansa, yoxsa istedada daha çox ehtiyacı var?
- Bəxt məsələsi önəmlidir.

- Elə aktyorlar var ki, parlaya bilmirlər...
- Bu, onların istedadsızlıqlarına görə deyil. Şans işidir. İstedad var, şans yoxdursa, o zaman istedadınızı heç kim görməyəcək.

- Amma istedadsız aktyorlar da çoxdur. Bunu qəbul edirsiniz?
- Aktyorlara istedadsız deyəndə mənə pis təsir edir. Mənə elə gəlir ki, istedadsız aktyor yoxdur. Bəlkə mən səhv edirəm? Aktyorda istedadın az və ya çox olması ilə razı ola bilərəm, amma tamamilə istedadsız olması ilə razılaşmaram. Sadəcə, aktyorlarda elə məqamlar, elə ştrixlər var ki, onları rejissor üzə çıxarmalıdır. Burada da şansın böyük rolu var.

- Rolun böyüyü-kiçiyi önəmlidirmi?
- Amerikan aktyoru və rejissoru Orson Uels deyirdi: “Elə aktyorlar var ki, ancaq böyük rollar üçün yaranıblar”. O, özü də həmişə böyük rollar ifa edirdi. Bəlkə də özünə görə bunu deyirdi. Hardasa bu yanaşmada həqiqət var. Yəni hamı böyük rol oynaya bilməz. Amma mən balaca rol oynamaqdan çəkinmirəm. İndi də repertuarımda bu cür rollar var.

- Niyə oynayırsınız? Rolsuz qalmamaq üçünmü?
- Teatrın müəyyən qanunları var: əgər teatrda işləyirsənsə, bir roldan imtina edib, ardınca gələn roldan da imtina edirsənsə, gərək teatrdan çıxasan. Həmişə də baş rollar oynamaq olmur axı. Elə rollar var ki, onu heç oynamamalısan. Və niyə görə sən həmişə baş rol oynamalısan? Ola bilər balaca bir rolu çox maraqlı oynayasan və tamaşaçı onu sevə.

- İmtina etdiyiniz rollar olub?
- Bir neçə dəfə olub. Həm yorğunluqdan, həm də aktyorluğuma böyük nələrsə qatmayacaqdı, deyə o rollardan imtina etmişəm.

- Daha çox teatr, yoxsa kino aktyoru olmaq istəyirdiniz?
- Kino mənim üçün maraqlı olub. İndi də elədir. Teatrdan əvvəl kinoda oynamışam. O vaxt mən elə fikirləşirdim ki, ancaq kinolara çəkiləcəm. Bir gün hörmətli Loğman Kərimov kinostudiyanın həyətində mənə yaxınlaşdı və dedi ki, Gənc Tamaşaçılar Teatrında gənclərə ehtiyacımız var, gəl. Mən də dedim ki, eybi yox, gedib, iki-üç ay işləyib çıxaram, onsuz da mən kinoya çəkilirəm. Teatra getdim və mənə çox maraqlı gəldi, bir də ayıldım ki, artıq bura gəlişimdən 25 il keçib. Sovet dövründə olsaydı yəqin ki, kinoda qalardım. Bir filmə çəkilib qurtarmamış başqasından təkliflər gəlirdi, ona görə inamla deyirdim ki, ancaq kinoda çəkiləcəm. Kino sistemi dağıldı və mən bir az da ona görə teatrda qaldım.

- Bəziləri deyir, mən teatrsız, səhnəsiz yaşaya bilmərəm.
- Səhnəsiz yaşaya bilərəm, əgər alternativ olaraq kino varsa.

- İllər əvvəl bir müsahibənizi oxumuşdum. Çox bədbin notlara köklənmişdiniz. Aktyor olduğunuza peşmanmı idiniz?
- Düzdür, o vaxtlar belə hisslərə qapılmışdım, amma indi elə deyiləm. Hər yaş dövrünün öz tələbləri var. On il bundan əvvəl bu sənətdən getmək istəyirdim. İndi niyə o vaxt getmək istədiyimi və gedə bilmədiyimi fikirləşirəm və bu nəticəyə gəlirəm ki, sadəcə gedə bilməzdim. Acığımdan və bəlkə də qisas almaq üçün bu sözü deyirdim. Elə situasiyalar olur ki, sən teatrdan qisas almaq istəyirsən. Və bayaq dediyim “kino olsa səhnəsiz yaşayaram” sözümə qayıtmaq istəyirəm, bəlkə də teatrdan gedə bilmərəm, sadəcə qisas almaq üçün deyilmiş sözdür. Nəyin acığıdır, bilmirəm.

- Hər halda özünüz yaxşı bilirsiniz. Və bəlkə də etiraf etmək istəmirsiniz...
- Ola bilər. Etiraf etmək istəmirəm. Teatr yaxud kino fərqi yoxdur, aktyor hər yerdə aktyordur. Əsas odur ki, bunlardan ikisindən birində olasan. Mən aktyor olmağı seçmişəm, geriyə yol yoxdur. Aktyorluqdan uzaqlaşa bilmərəm. 25 ildir ki, bu sənətdəyəm və əlimdən başqa iş gəlmir.

- Oynadığınız rolların xarakteri, dünyagörüşü olubmu ki, Sizə də təsir etsin?
- Xasiyyəti dəyişmək olmur. Mənim xasiyyətim uşaqlıqdan necə varsa yenə də elədir. Hətta mən onu dəyişmək istəsəm də, dəyişə bilmərəm. Dünyagörüşə təsiri var, insanın formalaşmasında rolu var, amma xarakterə, xasiyyətə təsiri yoxdur. Həmişə öyrənməyə çalışmışam, indi də öyrənirəm. Eksperimentdən qaçmıram.

- Çox rejissorlarla işləmisiniz?
- Azərbaycanın rejissorlarının 90 faizi ilə işləmişəm.

- Amma mən sizi heç bir rejissorun aktyor komandasına aid edə bilmirəm.
- Mən beynəlmiləl aktyoram. Hansısa bir rejissorun aktyoru deyiləm. Bilmirəm, bu, yaxşıdır, yoxsa pis, amma belədir. Lakin elə rejissor olub ki, mənimlə yeddi-səkkiz tamaşa hazırlayıb. Onu da deyim ki, işlədiyim bütün rejissorlardan nəsə öyrənməyə çalışmışam.

- Kaprizli aktyorsunuz?
- Heç bir kaprizim yoxdur. Rejissora qulaq asan aktyoram. Və rejissora inanmaq istəyən aktyoram. İnam olanda böyük işlər alınır.

- Bəzi aktyorlar “O vaxtlar beləydi, o vaxtlar daha yaxşıydı” kəlmələri ilə sözə başlayır. Siz necə düşünürsüz, aktyor zəmanəsinə uyğunlaşmalıdırmı?
- Uyğunlaşıb, uyğunlaşmadığını deyə bilmərəm, amma fikrimcə, aktyor həmişə müasir olmalıdır. Və onun oyununa baxan hər kəs “bu aktyordur”, deməlidir. Keçmiş, gələcək və indiki məhfumu orada itməlidir.

- Xarici görünüş baxımından özünüzü formada saxlamaq üçün nə edirsiniz?
- Təbiətən tənbələm. Teatrda aktyorun fiziki sağlamlığı çox önəmlidir. Bizdə aktyorlar tez qocalırlar yəni formadan düşürlər. Mənə elə gəlir ki, yaşıma görə üç-beş ildən sonra teatrda fiziki imkanlarıma görə işləmək çətin olacaq. Kinoda daxili plastika, teatrda fiziki plastika daha vacibdir.

- Amma kinoda xarici görünüş çox önəmlidir. Kişilərdə qarın, qadınlarda köklük problemi daha çox başa bəla olur.
- Kinoda qarnımı deyil, üzümü göstərə bilərlər. Amma teatrda o eyiblər daha çox üzə çıxacaq. İndiyə qədər çalışıram ki, həmin o lənətə gəlmiş qarın çıxmasın (gülür). Onsuz da çıxmayacaq, buna icazə verməyəcəm.

- Saqqal sizə çox yaraşır. İmiciniz hansı işdən sonra dəyişdi?
- “Qarabağnamə” adlı film çəkilirdi, amma yarıda qaldı. Saqqal o vaxt yarandı, sonra “Bir ailəm var” serialının rejissoru bu imici bəyəndi. Elə vaxtdan da saxlayıram. Tamaşalara da bu, çox lazımlı olur. Ələlxüsus da klassik əsərlərə... Əgər bu saqqal olmasaydı, istər-istəməz saqqal yapışdırmalı olacaqdım.

- Elşən bəy, siz gec ailə qurmusunuz. Daha doğrusu ümumi fikrə nəzərən belə deyiləm.
- 32 yaşında ailə qurdum.

- Sosial vəziyyətiniz, yoxsa istədiyiniz adamı tapmadığınıza görə bu qədər gözləməli oldunuz?
- Xanım tapa, evlənə bilmirdim. Sonra tapdım və evləndim.

- Sənət adamı deyil...
- Ən böyük sənətlə məşğuldur: anadır

- Adətən kişilər 30 yaşdan sonra evlənmək istəmirlər.
- Evdə təzyiqlər var idi. Tətil vaxtı rayona gedəndə hamı soruşurdu, mən də özümü pis hiss edirdim. Arxada iki qardaşım var idi, mən evlənməsəydim, onlar da evlənməyəcəkdilər. Həm də işimə başım çox qarışıq idi.

- Qohumdu?
- Yox.

- Sevib evlənmisiniz?
- Bəli. Çox da razıyam. Əgər sevməsəydim, evlənməyəcəkdim.

- Adətən, qızlar aktyorlarla ailə qurmaq məsələsində bir az tərəddüd edirlər.
- O, məndən belə bir təklif gözləmirdi. Məni bir aktyor kimi tanıyırdı. Təklif olanda çox təəccübləndi. Onların ailəsində bir az ehtiyatla yanaşdılar. Amma sonra hər şey yaxşı oldu. Evləndik, üç uşağımız – iki oğlan, bir qızımız var.

- Musiqiyə sevginizin olduğunu bilirəm, yadıma düşmüşkən soruşmaq istəyirəm: müğənni, yoxsa musiqiçi olmaq istəyirdiniz?
- Musiqiçi olmaq istəməmişəm, çünki anadangəlmə musiqiçiyəm. Təvazökarlıqdan uzaq olsa da bunu deyəcəm. Heç kimdən dərs almamışam, amma bütün ruhumla, vücudumla musiqi alətlərində yaxşı ifa etmişəm. İndinin özündə də tütəyim var. Amma musiqi ilə çoxdandır ki, məşğul olmuram. Ailə qurandan sonra avtomotik olaraq musiqini sildim. Tək idim, indi oturduğumuz otaqdan da balaca bir mənzildə yaşayırdım. Heç televizorum da yox idi. Gitaram və başqa musiqi alətlərim var idi və başım ancaq onlarla qarışıq idi. Mahnılar bəstələyirdim, fleytada Motsartın 40-cı simfoniyasını ifa edirdim. Özü də qulaq asa-asa çalırdım. Musiqiyə bu qədər sevgim var idi.

Ailə qurandan sonra isə artıq tək olmursan, ailəni dolandırmaq məsələsi ortaya çıxır. Uşaqlı evdə daha gitarada çala bilməzsən. Çünki o gitaranı sənin əlindən alıb, özü çalacaq. İndi uşaqları musiqi məktəbinə qoymuşam. Özümün də o dövrkü həvəsi qalmayıb, amma yenə də musiqi insanıyam.

- Hansı ifanı, hansı musiqini həyatınıza şamil edərsiniz?
- Əhval ruhiyyədən asılıdır bu. Elə hal olur ki, klassik, elə olur ki, milli musiqiyə qulaq asmaq istəyirsən. Caz nikbinlik yaradır. Klassik musiqi hər zaman məni heyrətləndirib. Birinci kursda oxuyanda mən Opera və Balet Teatrında səhnə quraşdırıcısı işləyirdim. Orada Fikrət Əmirovun “Min bir gecə” baletinə baxanda, heyrətamiz musiqidən gözlərim doldu. Bu, insan işi deyil, bu Allah tərəfindən gəlib və insanın əl işi kimi üzə çıxıb.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər