11 Yanvar 2016 10:45
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə siqaretin qiymətində xeyli artım oldu. Bu artım yazarlarımızı öz “dərd ortağı”ndan ayrı salacaqmı, onlar siqareti atmaq barədə düşünürlərmi?

Teleqraf.com bu mövzuda sorğu keçirib. Səslənən fikirləri təqdim edirik:

Mübariz Örən: “Özümü professional siqaretçəkən saymıram. Evdə, ümumiyyətlə, siqaret çəkmirəm. Dostlarla çayxanada, orda-burda yığışanda bir də görürsən, baş qarışıb söhbətə, bir qalaq siqaret kötüyü yığılıb külqabıda. Bir sutka da tüstünün-tütünün qoxusu adamın üst-başından getmir. Fikirləşirəm ki, siqareti atmaq üçün indi ən əlverişli zamandı. Rus demiş, "что Бог не делает – все к лучшему" Siqaret həm sağlamlığa, həm də cibə ziyandı. Bahalaşmanın da xeyri o ola bilər ki, bir gülləylə iki ziyanın "alağını aşırasan". O ki qaldı, konkret mənə, bu gün bir qutu siqaretimi aldım...”

Əsəd Qaraqaplan: “Siqareti çətin ki tərgidəm. Bəlkə, dərddən daha çox çəkəcəm.

Bunu da deyim ki, mən zatən mədəmlə bağlı az siqarət çəkənəm. Amma belə baxıram ki, deyəsən, çox çəkəcəm. Qiymətlər çoxaldıqca bizim dərdimiz də çoxalır”.

Tural Cəfərov: “Əslində, xeyli zamandır, az siqaret çəkirəm. Yəqin yenə də az çəkməyə davam edəcəm”.

İkinci Mahmud: “Siqaret bahalaşsa da, tərgitməyəcəm. Daha ucuz markalara keçəcəm”.

Emin Piri: “Basqasından siqaret almaqdansa, iradənə sahib çıxıb tərgitmək daha yaxşıdır. Çəkdiyim siqaret çox bahalaşıb. Birtəhər tərgitdim. Amma etiraf edim ki, siqareti atmaq sevgilini atmaqdan daha çətindir”.

Qılman İman: “Demək olar ki, siqareti tərgitmişəm. Bu bahalaşma istər-istəməz məcbur edir ki, sosial problemlərin çox şişməməsi üçün israfçılığa yol verməyək. Bahalaşmanın bircə xeyri siqareti tərgitməyim oldu. Allah dolların atasına rəhmət eləsin!”

Elvin Bakiroğlu: “Məncə, bir qutu siqaret 100 manat olsa da, asılı olan yenə çəkəcək. O ki qaldı mənə, mən bahalaşmaya görə yox, sabahımı düşündüyüm üçün artıq uzun müddətdir ki, tərgitməyə çalışıram və müəyyən qədər nail olmuşam”.

Sərvər Şirin


Müəllif: