Londonun Tate Britain muzeyində britaniyalı rəssam Devid Hokninin 80 illik yubileyi münasibətilə sərgi açılacaq.
2017-ci ildə Tate Britain muzeyində son 30 ilin ən böyük sərgisi açılacaq. Devid Hokninin yubileyinə həsr olunmuş retrospektiv sərgidə rəssamın 160-dan çox rəsm əsəri nümayiş olunacaq. Bura ötən əsrin 60-cı illərindən başlayaraq, rəssamın son olaraq iPad vasitəsilə yaratdığı fotoişlər daxildir.
"Devid Hokninin yaradıcılığına həsr olunan sonuncu sərgi 1988-ci ildə Los-Ancelesdə açılmışdı. Bu isə o deməkdir ki, son 30 ildə belə bir görkəmli rəssamın əsərləri işıqlanmayıb" - deyə, sərginin kuratoru bildirib.
Qeyd edək ki, britaniyalı rəssam, qrafik və fotoqraf Devid Hokni uzun illər ABŞ-da yaşayıb. O, 1960-cı illər pop-art cərəyanının ən görkəmli nümayəndəsidir.