Teleqraf.com Nizami Hüseynovun "Şeyx Sənan" tamaşası barədə yazısını təqdim edir:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Şeyx Sənan”ı oynayırdı dünən. Bəlkə də, oynayırdı, səhnələşdirirdi, tamaşaya qoymuşdu kimi ifadələrdən istifadə etmək teatrın kollektivi qarşısında günahdır. Çünki heyət tamaşanı, sadəcə olaraq, yaşayırdı.
Səhnə arxasında sizin, bizim kimi adamlar səhnədə olurdular Şeyxlər, Sənanlar, Tamaralar. Tamaşaçı ilə üz-üzə, göz-gözə bu qədər rahat rola girə bilmək, heç şübhəsiz, çox çətindir. Amma heyət peşəkar olduqda yalnız heyrətlənmək düşür bizə.
Əvvəla, bəzi məsələlərə mütləq toxunmaq lazımdır. Telefon sevdalısı bu millət sanki 4 dəqiqədən artıq telefonda hansısa əməliyyatı həyata keçirməsə rahat dayana bilmir. Həm də belə insanların sayı bir deyil, həddən artıq çoxdur. Ümumiyyətlə, teatr mədəniyyəti çox zəifdir. Telefoların işıqları növbə ilə zalın müxtəlif oturcaqları üstündən yanır-sönür, adamlar teatra 15-20 dəqə gecikir (hələ 1-ci hissədən sonra fasilədə çölə çıxıb ikinci hissəyə də 10 dəqiqə gecikən var idi), durmadan nəsə danışır, yanındakına və ya öz-özünə izahlar verir… və ən acısı – səhnədə gürcü keşişin əlindəki xaçın taxtası qoparaq yerə düşən zaman zaldan elə bir gülüşmə qopur ki…
Bir Hüseyn Cavid klassikası olan “Şeyx Sənan” əsərinin mətni tamaşanı səhnələşdirənlərin əməyinə kölgə salırdı. Aciz idi aktyorlar ssenari qarşısında. “Məhv olmuş gündəliklər”i, “Yalqız qəlb”i, “Ələddinin sehrli çırağı”nı, “Miras”ı peşəkarcasına oynayan heyət eynisini, bəlkə də daha artığını etsələr də, Hüseyn Cavidin bu əsəri qarşısında əzilirdi, zorlanırdı, çökürdü.
Tənqid ediləcək çox az məqam olsa da, qeyd etməliyəm ki, geyimlər çox süni idi. Şeyxin geyimi, paltarı onu tam ifadə etsə də, milli rəqs paltarları ilə Tamaranı, Zəhranı, Həzranı geyindirmək çox yersiz görünürdü. Bəlkə də, tarixiliyin və keçmişin ruhunu saxlamaq lazımdır, amma tamaşaçıya süni görünən bu geyimlərdən yavaş-yavaş imtina etmək və daha sadələşmək gərəkdir.
Əsərin ssenarisi ilə mütləq olmaq lazımdır. Bir bədii əsər kimi şedevr sayılan romanlara göz dağı verə biləcək qədər güclü bir ssenari gizlənib bu pyesdə. Cavid əfəndinin “İblis”i qədər, hətta ondan daha bəşəri və ədəbi ağırlığı yüksək olan “Şeyx Sənan” ideya axınıdır. XX əsrin hələ əvvəllərində belə bir əsər yazmaq çox çətindir. İslam ideologiyasının gərilmiş zəncirləri ilə boğulan bir cəmiyyətdə yaşayıb dinləri bu qədər gözəl dərk edə bilmək yalnız Cavidin hünəri ola bilərdi. Adam kilsə xaçını boynuna asarkən onu barmağa taxılan bir üzük kimi aksesuar hesab edir, “Quran”ı yandırmaq istəyəndə yanacaq olanın sadəcə kağız və mürəkkəb olduğunu deyir. “Əgər qəlbində inamın yoxdursa, müqəddəs kitablarda yazılanlara əməl etmirsənsə onları çoxdan yandırmamısanmı?”- deyir əfəndimiz.
Cavid dinləri, dəyərləri silkələyir, onlara od vurur. Tək olan tanrının dininin də tək olmalı olduğunu deyir. Daima özünə gözəlliyi və eşqi tanrı bilən Cavid burada da eşqlə əbədiyyətə, tanrıya çatmağın mümkünlüyü söyləyir.
Məni öldürsələr də mən yaşarım,
Tərk edib xalqı xaliqə qoşarım.
Əbədiyət mənim məzarımdır,
Çünki sultani-eşq yarımdır.
Tamaşanı hazırlayanların ən gözləmədiyim hərəkəti, tamaşaçıya xəlvətcə gəldiyi 6 qoşası, gözlənilmədən etdiyi mata salacaq gedişi isə sonda Cavid əfəndinin şəklini səhnəyə gətirmək oldu. Mənim ağlamağıma, yanımda əyləşən sevgilimin mənə “artistlik eləmə” baxışları ilə baxmasına səbəb olan Əfəndimizin şəkli bir daha mənə orta məktəbdə ədəbiyyat müəllimizin sevə-sevə danışdığı Cavid şeirlərini, eyni sevgi və hörmətlə dərs keçərkən uşaqlara öyrətdiyim “İblis”i, “Ana”ı xatırlatdı. Cavid səhnədə ən başda göründü sanki. Və elə oradaca aramla deməyə başladı:
Mən fəqət hüsnü-xuda şairiyəm,
Yerə enməm də, səma şairiyəm.
PS. “Şeyx Sənan”a baxmaq lazımdır, diqqətlə qulaq asmaq lazımdır. Amma Sənanın monoloqları qədər Dərvişin də sözlərini sırğa etmək lazımdır qulaqlarda.
PSS. Əzizlərim, “həmkarlar”dan bilet gözləməyin, gedin can verməkdə olan teatrımıza dəstək olun, onu yerlərdən, ayaqlar altından götürün. Qoymayın ölsün!