16 May 2016 17:54
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixin müəyyən mərhələsində, cəmiyyətdə baş verən dəyişikliklər, yaxud nəsillərin bir-birini əvəz eləməsi fonunda ideoloji mübarizələr elə kəskinləşir ki, bu, ədəbiyyata da təsir göstərir. Bu zaman ənənə və novatorluq, köhnəliklə yeniliyin qarşıdurması, ədəbi irs və varislik məsələsəi aktuallaşır.

Yeni yaranan ədəbiyyatın bir qismi həm forma, həm də məzmun cəhətdən ənənəyə əsaslanır, bir qismi isə ənənədən kənara çıxır.

Qan Turalının “Fələk qırmancı” romanını oxuyanda ilk növbədə həmin məsələ barədə düşündüm. Bu roman Azərbaycan ədəbiyytında az işlənən mətn içində mətn üsulu ilə, pastiş formasında yazılıb. Romanda eyni paralel zamanda bir-birindən fərqli iki həyat tərzi verilib. Birinci qisim həyat tərzinin əsasında mənəvi əsarət, ifrat dindarlıq, ikinci qismin əsasında isə tam sərbəstlik, dünyəvilik dayanır. Bu cür təzadlı, gözlənilməz hadisələrin təsviri əsərin maraqlı olmasını təmin edən əsas cəhətlərindən biridir.

Həm dini, həm də dünyəvi hadisələrin qəhrəmanının adları Mehdidir! Birinci Mehdi mollaxanada oxuyarkən “yaxşı şagird” kimi diqqəti cəlb edir və beləliklə, təkkəyə göndərilir. Təkkədə əvvəl aşiq dərəcəsinə qəbul edilir. Sonra dərvişlik, xəlifəlik, mücərrədlik dərəcəsinə yetişir, hətta sonda təkkənin şeyxi olur. Lakin... şeyxlik etmir, təkkənin məhrumiyyətlərlə dolu ağır həyatı onu usandırır. Buradakı tərki-dünya yaşam tərzi ona mənasız və lazımsız görünür. Müridlər qarşısında çıxış edir, təkkənin insan təbiətinə və Allahın hikmətinə zidd olduğunu bildirərək burdan çıxıb gedir.

Romanda bu dini süjetlə paralel olaraq dünyəvi süjet – jurnalist Zeynəblə yazıçı Mehdinin macərası verilib. Gənc Zeynəb əsərlərinə heyran qaldığı yazıçı Mehdini axtarıb tapır. Əri ola-ola evdən baş götürüb gedir, Mehdi ilə intim həyat yaşayır. Nəhayət, bu xəyanətinə görə əri dostları ilə onu öldürür. Onun ölümü Mehdiyə ağır təsir eləyir. Bəs Mehdinin aqibəti necə olur? Zeynəbin xəyali xahişi ilə o, “Fələk qırmancı” romanını və “Mən həmişə deyirdim ki, ədəbiyyat...” kitabını nəşr etdirir və... intihar eləyir.

Romanda gözlənilməz hadisələr çoxdur. Mən romanın xeyrinə bəzi cəhətləri də demək istərdim. Romanda dini müəssisə olan təkkənin qayda-qanunları, daxili aləmi müəllif tərəfindən təfsilatı ilə təsvir edilib. Oxucu bu əsər vasitəsi ilə təkkənin dözülməz, lakin maraqlı həyatı ilə dərindən tanış ola bilər. Həmçinin müəllif Zeynəb-Mehdi xəttinin təsvirində müasir sənət və ədəbiyyat haqqında zəngin bilik və məlumat verir.

Lakin bu maraqlı, dəhşətli hadisələr, dini-elmi məlumat və biliyin zənginliyi hələ əsərin bədii cəhətdən yüksək olması demək deyildir. Romanda bədii təsvir və ifadə vasitələri yeknəsəqdir, lirik-psixoloji təhlil zəifdir, təbiət təsviri yox dərəcəsindədir. Məsələn, əyalət qızı Zeynəbin Mehdiyə sevgisi lirik-psixoloji cəhətdən əsaslandırılmır. Oxuduğu çoxlu kitablar (əsasən, qərb ədəbiyyatı) Zeynəbin öz kəndinə, hətta ailəsinə (xüsusən qardaşına) nifrət bəsləməsinə səbəb olur. O, “qəfəs” adlandırdığı kənddən xilas olmağa çalışır və bu zaman Mehdinin yazıları onun üçün “oksigen balışı” olur.

Bu münasibət bir az da maraqlı olsun deyə Zeynəbin dilindən deyilir ki, “Çalışdığım əyalət televiziyasında onu sevmirdilər” (səh. 9). Yəni burda – geri qalmış bir əyalətdə heç kəsin sevmədiyi bir adamı Zeynəb sevməklə özünü fərqli, üstün, orijinal göstərmək istəyir. Mehdini görmədən, onunla tanış olmadan yazılarına məftun olmaq və bu məftunluğu əsl məhəbbət hesab etmək inandırıcı görünmür. Bizcə, bu, “fanat” heyranlığına, “fanat” sevgisinə daha çox bənzəyir.

Zeynəbin mütaliəli, məlumatlı olması, bu cür adamlara pərəstiş etməsi, lakin əxlaqa, mənəviyytata laqeyd yanaşması qardaşı Elmara olan münasibətində də özünü göstərir. O, qardaşının bacısını qısqanmasına, onu pis hərəkətlərdən və əməllərdən çəkindirmək cəhdlərinə nifrət edir. Görün kitablara, yazıçılara “məhəbbət” bəsləyən bu qız öz qardaşı haqqında nə deyir: “Anamın israrına baxmayaraq, Elmarın səsini eşitmək, ona xoş bir söz deyib, kefini xəbər almaq mənim üçün işgəncədən başqa bir şey deyildir... Boşqabına tüpürəndən sonra gətirib qabağına qoyurdum”.

Bu cümlələr müəllifin niyyətinin əksinə olaraq Zeynəbin “maraqlı”, “qeyri-adi” qız deyil, qeyri-mədəni qız olmasına daha çox dəlalət edir.

Əsərdə Mehdi yazıçı-publisistir. Zeynəbin gözündə və müəllifin təqdimatında qeyri-adi yazardır. Onun məqalələri, “Əbədi xəzinə” romanı böyük şöhrət qazanır. Zeynəb onun imza gününə həyəcanla gedir, fanatı olduğu yazarın üzünə ötəri belə baxması onun üçün xoşbəxtlik hesab olunur. Sonra Mehdi itir... Yəni ədəbi aləmdə görünməz olur... Zeynəb onu dəli kimi axtarır. Çünki Mehdiyə pərəstiş edir, onu daxilən özünə yaxın hesab edir.

Zeynəb Mehdini bir macəra qəhrəmanı kimi axtarır və onu maraqlı (yenə də maraqlı!) bir vəziyyətdə tapır. Gecə saat dörddə Zeynəb mağazadan siqaret alıb qaranlıq bir yerdə çəkməyə başlayır. Elə bu vaxt qarşısında bir oğlan görür. Oğlan qızdan alışqan istəyir. Onun siqaretini yandıranda... qarşısındakının Mehdi olduğunu görür. Pişik kimi onun üstünə tullanır. Sərxoş olan Mehdi ona “Siz kimsiniz?” deyəndə Zeynəb belə cavab verir: “Mən aylarla səni axtarıram. Mən sənin Sinonanam” (səh. 162).

Hiss olunur ki, Zeynəb “Səssiz ölüm” romanına aludə olub və beləliklə, “qərbli qız” rolunu oynamaq onun idealına çevrilib. Zeynəb elə belə də deyir: “Mehdinin Sartr haqqında yazısını isə əzbər bilirdim. Və ömrümün axırına qədər onun belə bir yazısının qəhrəmanı olmaq üçün hətta fahişə də (!) olmağa hazır idim” (səh. 16).

Həm Zeynəbin, həm də Mehdinin dilindən çoxlu qərb yazıçılarının əsərlərinin adları çəkilir, onların fikirləri söylənilir. Ümidsizlik, bədbinlik, həyatın mənasızlığı, özünəqapanma və yaxud məşhurluq hissləri aşılayan həmin fikirlər onların psixikasına güclü təsir edib və onlarda anormal təxəyyül yaradıb. Mehdi söhbətlərinin birində deyir: “Zeynəb, bilirsənmi nə var? Biz çox bədbəxt adamlarıq, nəyə görə inanmırsan buna?.. Biz Tanrının nəhəng səhviyik, o, bizi dünyaya tullayıb, bu barədə heç bizdən soruşmayıb... Sirrimiz varsa, o da ölümün özüdür, biz anadan ölü doğulmuşuq, nəyə görə özümüzü diri kimi aparmalıyıq” (səh.147).

Təsadüfi deyil ki, Zeynəbin də, Mehdinin də sonu ölümlə bitir. Zeynəb xəyanət üstündə öldürülür, Mehdi isə intihar eləyir... İntihardan əvvəl o, Zeynəbin xahişi ilə “Fələk qırmancı” romanını yazıb (özü də çox qəribə vəziyyətdə - avtobusda diktə etməklə) çap etdirir. Roman qeyri-adi şöhrət qazanır, böyük sensasiyaya səbəb olur. Xarici mətbuat ondan yazır, ölkə bir-birinə dəyir. Bütün televiziya kanalları ondan danışır. Belə bir şöhrət zirvəsindəykən, Mehdi özünü dəhşətli surətdə öldürməsi bu hadisəni daha da maraqlı, daha da sensasion edir (təqdimat mərasimində zəhər içib ölür).

Məlumdur ki, ümumən, söz, kəlam insan şüuruna, psixologiyasına güclü təsir göstərir. Dini söz və kəlamlar bu baxımdan “güclü doza” sayılır. Birinci Mehdinin şüurunu, psixikasını öz təsiri altına alaraq onun təkkəyə bağlanmasına, yəni bütün ömrünü evlənmədən dini ibadətlə keçirmək qərarına gəlməsinə səbəb olur. Lakin bir müddət sonra o bu cür ağır yaşayışın mənasız, bihudə olduğunu etiraf edib təkkəni qapadır, adi həyata qayıdır və anası, atası onu həbsdən qurtulmuş biri kimi sevincək, göz yaşları ilə qarşılayırlar.

Yenə də məhz sözlər, kəlamlar – bu dəfə ədəbi-fəlsəfi leksikon ikinci Mehdinin, yəni yazıçı Mehdinin şüuruna, psixologiyasına güclü təsir edərək onu bütün ömrünü ailə həyatı qurmadan, pivə içə-içə sərbəst (sərgərdan) yaşaması əqidəsinə (məhz əqidəsinə) gətirib çıxarır. Sonda o da birinci Mehdi kimi seçdiyi həyat tərzindən bezir. Əgər birinci Mehdi bir növ o dünyadan bu dünyaya, yəni dini aləmdən dünyəvi aləmə qayıdırsa, ikinci Mehdi əksinə, bu dünyadan o dünyaya, yəni dünyəvi aləmdən dini aləmə qayıdır.

Onu da qeyd edək ki, əsərin dili publisistik-məqalə dilinə daha yaxındır. Hətta bəzi epizodlar qəzet materiallarına bənzəyir.

Əlbəttə, hər bir əsərin ən əvvəl maraqlı süjet xətti olmalıdır. Lakin maraq xatirinə sensasion hadisələrə, daha doğrusu, hadisəçiliyə meyllənmək, oxucunu şoka salmaq cəhdləri bədii mətn üçün əsas məqsəd sayıla bilməz.

Şöhrət azarına, ulduz xəstəliyinə tutulan, məşhur olub gündəmə çıxmaq üçün hətta qeyri-adi, dəhşətli ölüm variantı seçən Mehdi kimilər, heç şübhəsiz, qərb ədəbiyyatı və qərb həyatının bu tip uğursuz nümayəndələrindən nümunə götürür və onlara bənzəməklə fəxr eləyirlər. Təəssüf ki, bu, ədəbiyyat adına çap olunan pessimist kitabların təsirinin nəticəsidir. Təqdirəlayiq haldır ki, Mehdi bir kafedə adi insanlara baxıb düşünür: “Bura əsl mən istəyən yer idi. Ədəbiyyatın, incəsənətin zəhərlənmədiyi bir yer. Ruhən və fikrən sağlam adamlar bura yığışırdı” (səh.176).

Bir cəhəti xüsusi qeyd etmək istərdik. Biz Avropa-qərb ədəbiyyatı və mədəniyyətini, onun həyat tərzini, ümumiyyətlə yüksək qiymətləndiririk. Azərbaycanın böyük ədib və şairləri Avropa inkişaf yolunu xalqımız üçün həmişə bir nümunə, bir örnək kimi göstəriblər. Əsas məsələ həmin ədəbiyyat və mədəniyyətin hansı nümunələrindən və onların hansı cəhətlərindən qidalanmaqdadır.

Ancaq Avropaya yanaşmanın da müxtəlif metodları var. Dünyada qərb təmayüllərindən yararlanıb, müasir nəsr inciləri yaradan Çingiz Aytmatov örnəyi də var.

Turalın qəhrəmanları Zeynəb və Mehdi isə ümumən, ədəbiyyat haqqında pis fikrə düşür, bədbin, kədərli sözlər söyləyirlər. Məsələn, Mehdi Zeynəbə deyir: “Mən kitabları oxuduqca qəhr olurdum, içimdə hər şey çilik-çilik olurdu... Hər gün yeni yaralar alırdım və düşünürdüm ki, bütün bu yazılar məni Ədəbiyyat Tanrısına, Həqiqət Tanrısına aparır. Əzab müqəddəs idi. Amma buna dəyməzmiş. Mənim həqiqətim hamını qorxudur. Mən hamının gözündə vecsiz bir adama çevrilirdim. Məndən hamı çəkinir, qorxur, dəli deyirlər mənə. Zır dəli... Bir az daha nəzakətli olanlar “oxumaqdan dəli oldu” deyirlər (səh. 140).

Məgər pessimist kitabların təsiri ilə dünyada psixası pozulan insanlar az olmuşdurmu? Zeynəb də eynilə Mehdi kimidir. Mehdi onun haqqında deyir: “Qollarına baxdım, qırmızı qələmlə biləklərinə bir dairə çəkmişdi. Psixiatr sevgilimin dediklərindən xatırlayıram, bu cür dairələri intihara meyilli adamlar çəkir”. (səh. 156)

Romanın dilindəki adi cümlələrdə də nitq qüsuru, orfoqrafik səhvlər olduğunu da qeyd etməliyik. Belə bir cümləyə diqqət yetirək: “Onların bu söhbəti mənə ədəbiyyatın həyatdan, yoxsa kitabdan gəlməyi haqda mübahisələrdən çox daha maraqlı, çox daha əyləncəli idi” (səh. 177).

Əslində cümlənin sonu belə olmalıdır: “daha çox maraqlı, daha çox əyləncəli idi”. Azərbaycan dilində ədat aid olduğu sözdən sonra yox, əvvəl işlənməlidir. Kitabda durğu işarələri səhvlərinə də rast gəlmək mümkündür.

Sərvər Şirin


Müəllif: