16 May 2016 17:38
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev “Eurovsion 2016” mahnı müsabiqəsi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Faiq bəy necə düşünürsünüz, Stokholmda keçirilən “Eurovision 2016” bundan əvvəlki müsabiqələrdən nə ilə fərqləndi?
- Mənim üçün “Eurovsion 2016” mahnı müsabiqəsində yadda qalan hadisə o oldu ki, tamaşaçılar tərəfindən ən çox səs Rusiyaya verildi, münsiflər heyəti Avstraliyanı seçdi, amma Ukrayna təmsilçisi Camala qalib oldu. Mənim üçün müsabiqədə ən maraqlı və ağlasığmaz hadisə bu oldu.

- Azərbaycan təmsilçisi Səmra Rəhimli “Eurovision 2016”da 17-ci yerə layiq görüldü. Bu nəticəni gözləyirdinizmi və buna səbəb nə idi?
- Gəlin açıq etiraf edək ki, “Eurovision” müsabiqəsi ildən-ilə siyasətləşir. Bu il isə bütünlüklə siyasiləşdi. Belə deyək, müsabiqə Avropanın siyasi sifarişlərini həyata keçirirdi. Rusiya ilə Ukraynanı sonuncu mərhələdə baş-başa qoyub, sonda qələbəni Ukraynaya vermək...Bu təbii ki, siyasi bir mesaj idi. Ona görə də Azərbaycan arada qaldı. Səmra Rəhimlinin çıxışını uğursuz və 17-ci yerə layiq hesab etmirəm.

- Necə düşünürsünüz, müsabiqənin ən güclü və ən zəif mahnısı hansı idi?
- Bu suala cavab vermək çətin olar. Zəif iştirakçılar arasında Niderland və Avstriya nümayəndələri idi. Hətta “Eurovision”dan əvvəl İTV-də canlı yayımda olanda dedim ki, bu iki ölkənin ifasından naftalin qoxusu gəlir. Sanki 90-cı illərin mahnıları idi. O mahnılar bu müsabiqədə səslənməməli idi. Xoşuma gələnlərdən danışsam, mahnı kimi Fransa və Litva təmsilçilərinin ifa etdiyi mahnılar çox yaxşı idi.

- Bəs sizcə, birinci olmağa kim daha çox layiq idi?
- Dediyim kimi, bu ən ağılasığmaz bir hadisə oldu. Avropa tamaşaçısının səs birinciliyi Rusiya təmsilçisində, münsiflər heyətinin ən yüksək xalı Avstraliyada idi, amma qalib Ukrayna oldu. Görüntü, mahnı, ifa baxımından bu üç ölkənin təmsilçisindən qalib seçəsi olsaydım, Sergey Lazarevi seçərdim. Mənim Rusiyaya xüsusi rəğbətim yoxdur. O iştirakçı bu cür mahnı ilə hansı ölkəni təmsil edirsə etsin, birinci olmalı idi. Dediyim kimi, siyasi oyunlardır.

- Yəni deyirsiz ki, qalibiyyəti Ukrayna təmsilçisi deyil, Rusiya təmsilçisi əldə etməli idi...
- Mən nə Ukrayna, nə də Rusiya deyirəm. Ukrayna təmsilçisi Camalanın ana tərəfi ermənidir, onunəsl adı Susanadır. Amma çox gözəl müğənnidir. Ona görə də ölkələrin adını qeyd etmək istəmirəm. Bu müsabiqə ölkə yarışması deyil, mahnı yarışmasıdır.
Ona görə də xahiş edirəm, “Eurovision”u siyasiləşdirməyək. Mən burada Rusiya və Ukrayna söyləməyəcəm.

- Azərbaycan Rusiyaya 12 bal verdi. Bunu necə qiymətləndirirsiniz?
- Münsiflər heyəti 12 balı Rusiyaya deyil, Rusiya təmsilçisi Sergey Lazarevə veriblər. Gəlin, siyasi məqamları bir kənara qoyaq. Xal Sergey Lazarevin ifasına və şousuna verilib. O şou üzərində dünya şöhrətli yunan rejissoru çalışıb. Hansı ki, o rejissor Selin Dionun konsertlərinə quruluş verib. Dörd ölkənin münsiflər heyəti ən yüksək xalı Rusiyaya verdi. Biz də onların sırasındayıq. Bu mahnıya verilən xal idi, ölkəyə verilən qiymət deyildi.

- Müsabiqənin bu dərəcədə siyasiləşməsinə münasibətiniz necədir?
- Buna münasibətim çox pisdir. Yəni mahnının keyfiyyətinə görə Fransa təmsilçisi Amir Haddadın çıxışına qiymət verməmək haqsızlıq idi. Bizim təmsilçimizin 17-ci yerdə qərarlaşması haqsızlıq idi. Mən “Eurovision” müsabiqəsinə baxmaq istəyəndə Avropa parlamentinin siaysi qərarlarına uyğun şouya baxmaq istəmirəm. Avropa Yayım Birliyinin son siyasəti heç xoşuma gəlmir.

- Son dövrlərdə “Böyük beşlik” ölkələri müsabiqəyə ciddi yanaşmırlar. Təmsilçiləri son sıralarda qərarlaşır...
- Onlar müsabiqəni ciddiyə almırlar. Amma onu da deyim ki, “Böyük beşlik”də olan Fransa bu il məncə, çox ləyaqətlə təmsil olunmuşdu. İngiltərənin nümayəndələrinin mahnısı tipik “Eurovision”a uyğun mahnı idi. İtaliya həmişəki kimi öz musiqi baxışını nümayiş etdirirdi. Qeyri-ciddi yanaşmalarını deməzdim, çünki zaman-zaman mahnıları üzərində çox böyük musiqiçilər çalışıblar. Böyük Britaniyanı çox yaxşı tanınmış sənətçilər təmsil edib. Bilmirəm...

- Bəs, təmsilçimiz Səmra Rəhimlinin, mahnısı, geyimi, musiqisini necə dəyərləndirirsiniz?
- Səmra Rəhimli çox yaxşı çıxış etdi. Sadəcə olaraq çox istərdim ki, növbəti müsabiqədə bizim bəstəkarlarımızdan da müsabiqə üçün mahnı tələb olunsun. Bizim təmsilçilərimiz öz bəstəkarlarımızın mahnıları ilə təmsil olunsunlar. Səmranın çıxışında geyim, performans, mahnı baxımından heç bir qüsur görmədim. Müsabiqədə onluğa daxil olan ölkələrdən Səmranın çıxışı daha güclü idi.

- Faiq bəy, ermənilər hər zamankı kimi yenə də təxribata əl atdılar. Qondarma “respublika”nın bayrağını nümayiş etdirdilər. Eləcə də müsabiqə günü “İveta Mukuçhyan və Dağlıq Qarbağ” sözləri yazılmış plakatla təyyarə şousu düzənlədilər...
- Bəli, müsabiqə günü belə bir təxribat törətdilər. Amma araşdırsaq, deyəcəklər ki, hansısa İsveç vətəndaşı İvetaya məhəbbətindən belə bir şounu təşkil edib. Siz elə bilirsiniz ki, ermənilər o qədər “tupoy”durlar ki, bunu təşkil etdiklərini etiraf edərlər? Biz bilirik ki, bunu ermənilər ediblər. Təbii ki, Avropa Yayım Birliyinin toplantısında bu məsələyə baxılacaq. Bununla bağlı ciddi tədbirlərin görüləcəyini gözləyirəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər