17 May 2016 12:31
6 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Kamera Teatrında işləyib, baş rollarda oynayıb. Üç il Gənc Tamaşaçılar Teatrında çalışandan sonra öz ərizəsi ilə işdən çıxıb.

O vaxt bu hadisə böyük səs-küy yaratdı. Dövlət teatrından uzaqlaşsa da teatrdan kənarda qalmadı. Özü müstəqil tetar yaratdı. “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Qisas”, “Dəfnə ağacı” seriallarında oynadı...

Teleqraf.com əməkdar artist İlqar Cahangirlə müsahibəni təqdim edir.

- İlqar bəy, bildiyim qədər son illər ODA teatrında tamaşalar hazırlamısınız, seriallarda çəkilmisiniz və aktyor kurslarınız var. Bunlardan hansı davam edir?

- ODA Teatrının formatı bir az dəyişdi. ODA fəaliyyətini dayandırdı, ADO olaraq davam edir, çox yaxşı da işləyirlər. Stabil tamaşalar qoyurlar, özləri rejissor dəvət edirlər. Son olaraq “Dəfnə ağacı” serialında çəkildim. Aktyor kursları da fəaliyyətdədi. Bu yaxınlarda “Laçın” adında yeni bir teatr-studiya da yaratmışıq.

-Studiyanın tərkibində kimlər var?

-Mən, Rauf Şahsuvarov və başqa bir dostumuz... O, hələ qəti qərarını verməyib (gülür).

-Teatrsız qalmırsınız...

-Teatrsız qalmaq mümkün deyil. Teatr artıq bizim bir hissəmizə çevrilib.

-Bəs neçə il teatrsız qaldınız?

-Heç bir il də çəkmədi. Özəl teatrların yaranmasına cəhd edirik. İstəyirik ki, teatr studiyalarının sayı artsın.
Bilirsiz, teatr studiyalarında fəaliyyət bizim üçün məşqdir. Heç olmasa həftədə bir dəfə yığışıb, sənət söhbətləri edib, məşqdə oluruq. Çünki maddi duruma görə başqa işlərlə məşğul olmaq məcburiyyətindəyik. Başqa iş deyəndə, yenə də sənətlə bağlı olur: kino, serial, elə aktyor kursunun özü...

Dövlət Teatrında belədir ki, hər bir aktyor cədvəl prinsipinə əməl etməlidir. Amma prodüser, rejissorlar daha çox sərbəst aktyorlara üstünlük verməyə çalışırlar ki, çəkilişlərdə problem yaşamasınlar.

Qəbul etmək lazımdır ki, indi biz 10-15 il əvvəlki sistemlə çalışmırıq. Amma təbii ki, elə olmamalıdır. Hər şeyi aktyor üzərində qururlar. Biz aktyorlar da qoyulan qayda- qanuna tabe oluruq ki, öhdəmizə düşən işi problemsiz, minnətsiz başa çatdıraq. Bugünün reallığı belədir.

-Bu reallıq da hazırda sizin işinizə yarayır.

-Bəli. O aspektdən yanaşanda belədir. Amma çox təəssüf ki, biz bu gün filmlərə, seriallara yaradıcı nöqteyi- nəzərindən yanaşa bilmirik.

-Niyə?

-Müəyyən şərtlərə, vəziyyətə, mühitə görə... Burda söhbət kimisə qınamaq, günahlandırmaqdan getmir. Bu, reallıqdır.

Fikir verdinizsə, aprel ayında beş-altı yeni filmin təqdimatı keçirildi. Mən sadəcə ikisinə baxdım. Onların keyfiyyət məsələsinə toxunmaq istəmirəm, dost-tanışlar arasında da söhbət edəndə deyirəm ki, qoyun çəksinlər. Əgər onlar filmi bu cür əziyyətlə, çətinliklə çəkirlərsə, qoyun çəksinlər. Lap müğənni oynasın, müğənni pulu hardan tapırsa, qoy tapsın, amma əsas odur ki, çəkilsin.

Nə qədər çox film olsa, rəqabət də yüksələcək, keyfiyyət artacaq. Yaxşı filmlər qalacaq, pis filmlər isə onsuz da rəqabətə tab gətirməyib ortadan çıxacaq.

-Bir müsahibənizdə demisiniz ki, seriallarda peşəkar aktyorlardan çox qeyri-peşəkarlardan istifadə edilir. Gileylənirdiniz ki, niyə aktyorları çəkmirlər. Deyəsən, fikriniz dəyişib.

-Sonra bildim də niyə çəkmirlər... Çünki aktyora verməyə pulları yox idi. Rusiya və Türkiyədə bir çox aktyorların kursları fəaliyyət göstərir. Bu sahədə təhsili olmayanlar ekrana çıxmamışdan öncə mütləq o kurslarda oxuyub, ilkin biliklərə yiyələnirlər.

Bizdə bu sektor yox dərəcəsində idi. İndi-indi aktyor kursları yaranır. Ona görə aktyor olmayanlar ilkin biliklərə yiyələnmədən birbaşa ekrana çıxırlar. Bu da peşəkar aktyora yaxşı təsir bağışlamır...

Həm də qeyri-peşəkar çəkiliş meydançasında peşəkar aktyora mane olur. Bir dəfə mənim də başıma gəlib. İddia ilə gələn adamlar çəkilişdə çox gülünc vəziyyətə düşürlər.

-Bir qrup aktyorlar üçün kamera, digər qrup üçün səhnə, o biriləri üçün ikisi də əzizdi, rahatdı. Siz necə, kamera önündə yoxsa səhnədə daha rahatsınız?

-Mənə teatr daha əzizdi. Ümumiyyətlə, aktyorluqda “yaşama” və “göstərmə” sənəti var.

Mən hər zaman deyirəm ki, nə “göstərim”, nə də “yaşayım”, sadəcə “olum”. Çünki aktyor obrazı yaşayanda da, yaşamağın özünü də göstərir. Amma səhnədə və kamera önündə “olmağı” bacaran aktyor üçün səhnənin və kameranın xüsusi önəmi yoxdur.

Bəzən mən də kameraya “oynayıram”. Baxıram vəziyyətə, görürəm ki, texniki təchizat zəifdi, mən nə qədər obrazda olmağı istəsəm də bunu kameraya daşımaq mümkün deyil. Ona görə məcbur olub kameraya “oynayıram”. Çünki indi mövcud olan sistemlə başqa cür davranmaq olmur.

Mən iki il heç yerə getmədim, dörd yerdən təklif gəldi, amma razılaşmadım. Dedim, ya yaxşı pul, ya da sənət olmalıdı. Nə sənət, nə də pul var, mən niyə gedim? Baxdım ki, artıq hər şeydən təcrid oluram.

-Sonra nə qərara gəlib döndünüz?

-Bunun səbəbləri var. Amma yenə də əsas səbəb işləmək və kənarda qalmamaq idi. O biri səbəbini demək istəmirəm.

-Yaxşı bir biznesiniz olsaydı, geri dönərdiniz?

-Bəlkə də o ərəfələrdə əlimdə yaxşı, pullu bir işim olsaydı tamamilə bu sənətdən gedərdim. Aktyorluqla da hobbi kimi məşğul olardım. Amma desəm də hiss edirəm ki, sənətsiz mümkün deyil. Sözün düzü, 15 il əvvəl imkan yarandı və mən başqa gəlirli işlərlə məşğul oldum, amma yenə dura bilmədim və qayıtdım.

-Deməli, sənətlə əlaqəsi olmayan başqa iş görə bilirsiniz?

-Bu gün evdə xarab olan kranı düzəltmirəmsə o demək deyil ki, mən onu bacarmıram. Bu sözümü 15 il əvvəl də demişəm, mənim üçün maşın yuyub pul qazanmaq ayıb deyil. Lazım gəlsə, onu da edərik. Ki bəzi adamların qabağında boynumuz bükülü qalmasın, onlardan asılı yaşamayaq. Məni tanıyanlar bunu bilir.

-Elə olubmu ki, kiminsə qarşısında nəyəsə görə əyiləsiniz?

-Olmayıb.

-Əyilənlərə münasibətiniz necədi?

-Onların şəxsi işidi, özləri bilər. Səhv, ya düz hərəkət elədiyini ona sübut etməyə haqqım yoxdu. Həyat özü göstərəcək... Bilirsiz, həyat dəyişir, bu gün düz addım atdığını düşündüyümüz insanları sabah bu addımına görə günahlandıra bilərik. Yəni hər şeyi zaman göstərir.

Mən düşünürəm ki, nə olur-olsun, bir dəfə yaşayırıq və onu da kişi kimi yaşamalıyıq.

-Mənə görə, Kamera Teatrının bir çox tamaşaları elə Kamera Teatrında qalmalıydı. Onu Gənc Tamaşaçılar Teatrının səhnəsinə gətirmək lazım deyildi. Bu tamaşalardan biri də sizin baş rolunu oynadığınız “Otello” idi.

-Razıyam. Kamera quruluşu olan tamaşalar ancaq Kamera Teatrı stilində idi. Gənc Tamaşaçılar Teatrının səhnəsində “Otello”nu oynayanda bunu hiss etdim. Hətta mən onun mizanlarını bir az dəyişmişdim.

-O böyük səhnədə aktyorların pafossuz oynaması mümkündümü?

-Gənc Tamaşaçılar Teatrında işləyəndə İrandan dostlar gəlmişdilər. Onlar əlləri ilə divarları yoxlayıb dedilər ki, bu material teatr üçün deyil. Qədim vaxtlarda teatrları tikəndə akustikanı nəzərə alırdılar. Köhnə Musiqili Teatrda, Opera və Balet Teatrında nəzərə alınmışdı.

Bilirsiz ki, teatrlarımız təmir olundu. Amma mən inanmıram ki, o binalarda mən dediyim məsələ nəzərə alınsın. Üç il işlədiyim Gənc Tamaşaçılar Teatrının səhnəsinin bəzi yerlərində obrazı oynayanda hiss edirdim ki, səsim çatmır. Hətta bərkdən danışsam da...

Ona görə aktyorlar məcburdurlar ki, tamaşaçı eşitsin deyə səsini qaldırsın, ona da indiki dövrdə pafos deyirlər.

-Teatrlara gedirsiniz?

-Bəli, gedirəm. Bircə Gənc Tamaşaçılar Teatrından başqa... Sadəcə getmək istəmirəm. Amma aktyorlarla görüşürük, danışırıq. Bəlkə də bu mənə müəlliməm Cənnət xanımdan qalıb (gülür). Cənnət Səlimova uzun illər Rus Dram Teatrında işləmişdi, amma ordan çıxandan sonra heç o teatrın yanından da keçmirdi.

-Məlum hadisələrdən sonra hansı dostlarla aranız dəydi?

-Bir-iki nəfərdən başqa hamı ilə münasibətim yaxşıdır. Onlar da dost deyildilər, sadəcə həmkar və iş yoldaşı idilər. Mən hətta deyim ki, teatrdan çıxandan sonra mənə olan münasibət daha da yaxşılaşıb.

-Qızınızın bu sənətlə məşğul olmasını istəyirsiniz?

-Özü bilər. Bu, onun seçimidir. Əgər bu sənətlə məşğul olmaq istəsə kömək edərəm. Amma hazırda 9 yaşı var, fikirləşmək üçün çox tezdir. İndi valideynlər övladlarının həyatına, seçimlərinə çox müdaxilə edirlər. Az qala onların əvəzinə gedib əsgərlik çəkirlər, ana qızını köçürəndə az qala özü köçür.

Amma mən əsgərliyə nə vaxt getdim, nə vaxt gəldim, atamın xəbəri olmadı. Atam universitetimin yerini belə tanımırdı. Üç il kəsilmişəm, beş il mübarizə aparmışam. Nəhayət, dördüncü il qəbul olunmuşam. Yazıda çox zəif idim. Amma universiteti qırmızı diplomla bitirdim.

-Həyatda seçimlərinizi hər zaman özünüz etmisiniz?

-Sevdiyimi almışam, sevdiyim sənətlə məşğulam.

-Bircə rol seçimi sizin seçim olmayıb...

-Təbii... Rol seçimində də düzgün yanaşmalar olmur. Həmişə Cənnət xanıma deyirdim ki, mən sizin tələbəniz olduğuma görə mənə rol verməyin. Birinci, yaxud ikinci dəfə nəyəsə görə rol verilibsə və bu, məndə alınmayıbsa, demək üçüncü dəfə rol vermək lazım deyil. Teatr sənətdir, yaxşısı oynamalıdır.

-Bu səbəbə görə hansısa roldan imtina etmisiniz?

-Bu səbəbə görə yox, amma başqa səbəbə görə imtina etmişəm. Mən istəyirəm teatrlar çoxalsın, insanlar teatrlara getsin. Teatrlarla məşğul olan insanlar bu sənətin nə qədər ciddi və vacib sənət olduğunu bilsinlər. Sadəcə işimdir, yaxud işə gedirəm deyə teatrla məşğul olmasınlar.

Bu gün mən çox şey edə bilərəm, amma edə bilmirəm. Nəyə imkanım varsa onu da edəcəm.

-Şəraitə uyğunlaşa bilirsiniz?

-Bəli. Mən o boyda karyeramın üzərindən bir kəlməyə görə xətt çəkdim. Bir teatr direktorunun qorxaqlığının badına getdi.

-Heç peşman olmadınız?

-Əlbəttə, desəm, olmamamışam, yalan çıxar. Karyeramın üzərindən xətt çəkməyimin peşimançılığı var. Amma buna mən özüm getdim. Məni teatrdan çıxartmadılar, mən özüm çıxdım.

-Belə deyə bilərikmi bir o ana qədərki İlqar Cahangir var, bir də ondan sonra...

-Bəli, doğrudur. O İlqar Cahangirov idi, bu isə İlqar Cahangirdir. Həmin vaxtlarda soyadımı da dəyişdim.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər