“Artıq üçüncü ildir Azərbaycan Uşaq Avroviziya (“Junior Eurovision”) Mahnı Müsabiqəsində iştirak etmir. Mənim bildiyimə görə, müsabiqədə iştirak etmədiyimiz üçün təşkilatçılara kompensasiya ödəyirik”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Can-bala” qrupunun rəhbəri, bəstəkar Məryəm Əlibəyli deyib:
“İctimai Televiziyanın rəhbərliyi bildirir ki, 2008-ci ildən Azərbaycan həmin müsabiqədə iştirak hüququ qazanıb. Amma müsabiqəyə 2012-ci ildə qatılmışıq. Ardınca növbəti ildə də müsabiqədə iştirak etdik, sonra müsabiqədə iştirakımız haqda heç bir məlumat yayılmadı. Səbəbi məlum deyil”.
İctimai Televizya və Radio Yayımları Şirkətinin (İTV) mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi ("Junior Eurovision Song Contest") 2003-cü ildən keçirilir. Onun məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Əvvəllər müsabiqədə 8-15 yaşlı uşaqlar iştirak edirdilər. 2007-ci ildən sonra yaş həddi 10-15 yaşadək artırılıb.
Böyüklər arasında müsabiqədən fərqli olaraq, uşaq Avroviziyasının qalibi növbəti ildə ev sahibliyi etmək hüququnu avtomatik qazanmır. Təşkilatçı ölkəni Təşkilat Komitəsi müəyyənləşdirir.
Nərmin