30 May 2015 13:11
4 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, dünya və Avropa çempionu, Əməkdar idman ustası Yaşar Bəşirov "Brifinq"in qonağıdır. O, "Bakı-2015" I Avropa Oyunlarına salınan qeyri-olimpiya növü olan karate üzrə yarışlarda azərbaycanlı idmançıların imkanlarından danışdı, proqnozlarını dilə gətirdi. Y.Bəşirov karatenin incəliklərinə toxundu, vaxtilə qadağan olunan idman növünün Azərbaycanda inkişafından söz açdı.

"Prezident seçkilərinə 3 gün qalsa da, cənab İlham Əliyev bizi qəbul etdi"

Nərgiz Ehlamqızı: Yaşar bəy, I Avropa Oyunlarına 13 gün qalıb. Karate Federasiyası bu idman yarışlarına necə hazırlaşır?
- Biz I Avropa Oyunlarına il yarımdır hazırlaşırıq. Oyunlardakı 20 idman növü üzrə keçiriləcək yarışlar içərisində karate də var. Karate qeyri-olimpiya idman növüdür. Karatenin Avropa Oyunlarına salınması şəxsən cənab Prezidentin səyi nəticəsində mümkün olub. O bilirdi ki, azərbaycanlı karateçilər hansı səviyyədə çıxış edir. Bizim karateçilər liderdir. Dünyanın ən güclü karateçisi Rafael Ağayev bizim karateçimizdir. O, 4 qat dünya, 12 qat Avropa çempionudur. Bundan başqa komandamız Avropa çempionu, İslam Həmrəylik Oyunlarının lideridir. Biz ən güclü komandaya - İran yığmasına qalib gəldik. Dünya çempionatının finalçısı da olmuşuq, təəssüflər olsun ki, hakimlər haqsızlıq etdi, çempion ola bilmədik. Dünya çempionatı 2 ildən bir keçirilir, gələn il çalışacağıq ki, komanda şəklində dünya çempionu olaq. Bütün böyük idman tədbirlərində, İslam Həmrəylik Oyunlarında Azərbaycanı təmsil etmişik. Mədinədə və İndoneziyada keçirilən birinci və ikinci İslam Həmrəylik Oyunlarında uğurla çıxış etdik. 2013-cü ildə prezident seçkilərinə 3 gün qalsa da, cənab Prezident İlham Əliyev bizi qəbul etdi. Çünki Azərbaycanın qazandığı 6 qızıl medaldan üçü karateçilərə məxsus idi. 10 ilə yaxındır ki, Prezident tərəfindən təyin olunan baş sponsor Beynəlxalq Bank bizə köməklik göstərir. İllərdir bizə Prezidentimizin başçılıq etdiyi Milli Olimpiya Komitəsi dəstəkdir. Gənclər və İdman Nazirliyi, şəxsən nazir Azad Rəhimov yardım edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsi (BAOƏK) bizə köməklik göstərir. BAOƏK Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görür. Qısa müddətdə bu səviyyədə hazırlıq işləri çox böyük qüvvə tələb edir. Başda Dünya Karate Federasiyasının (WKF) rəhbəri Antonio Espinos olmaqla, hər kəs bir ağızla deyir ki, bu səviyyədə hazırlıq görməmişik. Hər şey göz qabağındadır. İyunun 12-də 65 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda açılış mərasimində bir daha Azərbaycanın beynəlxalq tədbirləri hansı səviyyədə keçirdiyinin şahidi olacağıq.

Dilqəm Əhməd: Hansı karateçilərə "Bakı-2015"də ümidlər böyükdür?
- Bizim gənclər çox istedadlı və ustadırlar. Şahin Atamov Avropa çempionudur, dəfələrlə dünya çempionatlarının mükafatçısı olub. Mamayev Ayxan gənc olsa da, Avropa və dünya çempionu olub. Əliyev Niyazi üç qat Avropa çempionudur. Komandamız çox güclüdür. Bu idmançılarımızın hər biri əzmlə Avropa Oyunlarına hazırlaşır. Necə bütün nüfuzlu yarışlarda çıxış etmişik, Avropa Oyunlarında da ölkəmizi yüksək səviyyədə təmsil edəcəyik. Biz Dünya Karate Federasiyasına 1997-ci ildən üzvük. Bu, karatedə ən böyük cəmiyyətdir. WKF rəhbəri Antonio Espinos 2 dəfə Bakıda olub. Bir rəhbər kimi Avropa Oyunlarının sınaq yarışlarına və tədbirlərə dəvət edilmişdi. Cənab Prezident İlham Əliyev də onu 2 dəfə qəbul edib.

"Avropa Oyunlarında birinci qızıl medalı karateçilər qazanacaq"

N.Orucov: Rentabelli, istedadlı gənclərin adını çəkdiniz, bəs yarışlarda neçə karateçi döyüşəcək?
- 12 nəfər olmaqla 6 qız, 6 oğlan tatamiyə çıxacaq. Onlardan 5-i qızlar, 5-i isə oğlanlar arasında yarışda döyüşəcək. Katada 1 nəfər oğlan, 1 nəfər qız var. Avropa Oyunlarında birinci karateçilər yarışacaq, mənə elə gəlir ki, birinci qızıl medalı elə biz verəcəyik.

A.İlqarqızı: Biz karateçilərin medal qazanmasına, yüksək nəticələrinə öyrənmişik. 12 idmançıdan neçəsinin medal gətirəcəyini proqnozlaşdırmaq olar? Nə qədər medal gözləyirsiniz?
- Mən çox geniş proqnoz vermək istəmirəm. Uşaqlarla danışmışam, özüm neçə medal qazanacağımızı təxmini bilərəm. Mətbuatda 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanacağımızı söyləmişəm. Mütləq himnimiz səslənəcək.

N.Orucov: Amma ən minimum nəticəni söyləmisiniz...
- Allahın işidir, onu heç kəs bilə bilməz. Avropa Oyunlarında hər çəkidə 8 idmançı iştirak edir. Onlar Avropanın və dünyanın ən güclüləridir. Bu idmançılar seçimlə yarışlara gəlir. 6 nəfər seçilib, 1 nəfər bizim idmançımızdır, 1 nəfəri də WKF özü verib. Ölkəmizdə yarışacaq idmançılar arasında zəif karateçi yoxdur, ona görə də hər bir döyüş çətin olacaq. Biz evdəyik, nüfuzumuz yüksəkdir, uşaqların ustalığı digər idmançıların çoxundan üstündür. Kişilər arasında 5 çəki dərəcəsində idmançılarımızın, ola bilsin 3 final görüşü oldu. Bəlkə də 5 finalda da yarışa bilərik. Qızlar arasındakı yarışlarda proqnoz vermək çətindir. Çox olsa, 1-2 final ola bilər.

N.Orucov: Vaxtilə qız karateçilər daha güclü idi.
- Onlar indiki idmançıların yanında zəif idilər.

N.Ehlamqızı: Qız karateçilərin zəif olmasının səbəbi nədir?
- Bizim təbiətimizdən irəli gəlir. Qız uşaqları döyüşə az yazılır. Amma indi federasiyadakı qızlara baxsanız, modelə bənzəyirlər, heç karateçiyə oxşatmaq olmaz.

A.Lətifov: İdmançı karateyə yazılmaq istəyəndə onu hansı göstəricələrə baxıb federasiyaya götürürsünüz?
- Uşaqlar 4-5 yaşında karateyə yazıla bilər. Karate hərtərəfli idman növü kimi çox xeyirlidir. Boy artır, hər günə fəlsəfi baxımdan yanaşsaq, tərbiyə olunur, beynin iki tərəfi də işləyir.

“Avropa Oyunlarına görə hər bir azərbaycanlı qürur hissi keçirməlidir”

Aqil Lətifov: Bəzi qüvvələr Oyunların Azərbaycanda keçirilməsinə etiraz edir. Belə yanaşmalara münasibətiniz necədir?
- Həmin insanların ağıl səviyyəsi çox aşağıdır, dünya görüşləri, millətçiliyi, mənliyi yoxdur. Ölkəmizdə belə səviyyəli tədbir keçirildiyinə görə hər bir azərbaycanlı qürur hissi keçirməlidir. Azərbaycanda qısa müddətdə çoxlu sayda yeni idman kompleksləri tikilib. Düzdür, hər zaman böyük işlər görüləndə xırda çatışmazlıq olur. İş görən adam səhv də edə bilər. Amma dünya səviyyəsində götürsək, bu, Azərbaycan üçün böyük imicdir. Balaca bir dövlətdə böyük ölkələrdə olmayan idman obyektləri tikilir. Mən dünya ölkələrində çox olmuşam, etiraz edən adamlar yəqin Bakıdan kənara çıxmayıblar, ya da ağıl səviyyələri çox aşağıdır ki, belə danışırlar. Dünyada böhran gedir, çətinliklər də var. Amma Azərbaycan kimi inkişaf edən dövlət görmürəm. Hər bir vətənpərvər insan öz üzərinə düşən işi öhdəsinə götürməlidir. Nəyisə tələb etməzdən əvvəl özü desin ki, o, vətən üçün nə edib?

“SSRİ-də karateyə məhdudiyyət qoyulmuşdu”

A.Lətifov: Yaşar bəy, özünüz idmana haradan başladınız və hara gəldiniz?
- 50 ildən çoxdur ki, idman sahəsindəyəm. 1978-ci ildən isə karate ilə məşğulam. Karatedə ən pik nöqtədəyəm, MDB məkanında məndən yuxarı nəticə əldə edən idmançı yoxdur. 8-ci dan qara kəmər sahibiyəm. Dünya, Avropa çempionuyam, dünya kubokunu udmuşam, 3 dəfə Amerika çempionu olmuşam. Bütün titullarım var. Sağ olsun, cənab Prezident də həmişə əməyimi qiymətləndirib. Respublikada nə yüksək adlar var, hamısını qazanmışam, fəxri idman xadimiyəm, Əməkdar idman ustası, Əməkdar məşqçi titulu verilib. Tək mənə yox, bütün idmançılara dövlət səviyyəsində qiymət verilir. Bütün uşaqlar kimi uşaqlıqda birinci üzgüçülüyə, həndbola getmişəm. Sonra məktəb illərində yüngül atletika ilə məşğul oldum, olimpiadaya da düşdüm, ölkəmizi 1974-cü ildə Almatıda keçirilən məktəblilər arasındakı olimpiadada təmsil etdim. Atletikada boy-buxun lazımdır, orada ucaboylu idmançılar vardı, mən 2-3 dəfə artıq qüvvə sərf edirdim ki, nəyəsə nail olum. Sonra cüdoya keçdim, 4-5 il cüdo ilə məşğul oldum, müəllimim Tərlan Həsənov idi, o indi də güclü müəllimlərdən biridir. Sonra hərbi xidmətə getdim, Mirəli Seyidovla bir yerdə Sibirdə əsgərlikdə olduq. O, həm karate müəllimim, həm dostum olub, üstəlik qonşu idik. Əsgərlikdən dönəndən sonra dedi ki, mən də cüdoda, samboda olmuşam, gəl karateyə keç. O zaman karatedə ustad az idi, yeni inkişafa başlayırdı. Oqtay Məmmədov, Azad müəllim, Süleyman Məmmədov, Mirəli Seyidov məşqçilik edirdi. 1978-ci ilin axırlarında karateyə keçdim. Birinci nəticəm o oldu ki, 1981-ci ildə respublika çempionu oldum. 1982-ci ildə ilk dəfə olaraq Azərbaycanda SSRİ beynəlxalq turniri keçiriləndə 2-ci oldum. 1983-cü ildə respublika çempionu olandan sonra karateyə SSRİ məkanı üzrə məhdudiyyət oldu. Bir də 1989-cu ildə karateyə yol açıldı. Amma ona baxmayaraq biz balaca qrup şəklində "Dinamo" cəmiyyətində 20 nəfərə yaxın insan məşq edirdik. Ülvi Quliyev, mən, Oqtay müəllim, Yusif Məmmədov, Füzuli Musayev məşğul olurduq. Azərbaycanın sonrakı yığma komandası orada məşğul olurdu ki, formada qalaq. 1989-cu ildə Moskvada aspiranturaya qəbul oldum, özüm bioloqam. Aspiranturanı bitirdim və alimlik dərəcəsi aldım, oxuduğum 4 il ərzində "Feniks" adlı klub açdım, uşaqlarla birlikdə yarışlarda iştirak edirdim. Rusiyanın tərkibində 3 il çıxış etdim, Hollandiyadakı yarışda Avropa mükafatçısı oldum. 1992-ci ildə vətənə döndüm, ilk azərbaycanlı kimi karate üzrə Avropa çempionu oldum. Həmin ildə birinci professional "Qaraqaplan" klubu açdım. Ayvazov Vahidlə birgə fəaliyyətə başladıq, gözəl komanda yaratdıq. Dövlətimizi dünya və Avropa çempionatlarında təmsil etməyə başladıq. 1994-cü ildən Milli Karate Federasiyasına rəhbərlik edirəm. Ötən il 20 illik yubileyimizi qeyd etdik. Bu 21 il ərzində nəticələrimiz arta-arta gedir. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin və Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzası ilə mən Azərbaycanı Dünya Karate Federasiyasında təmsil edirəm. 2007-ci ilə kimi özüm yarışlara qatılırdım. Veteran kimi də çıxış etmişəm. Moskvada 2007-ci ildə ulduzlar yarışında qalib oldum. 3 dəfə dünya kubokunun qalibi olmuşam. Son illər yarışlarda iştirak üçün vaxt çatmır. Təşkilati işlər həddən artıq çoxdur. Federasiyada idmançıların sayı artıb.

A.Lətifov: Bu qədər uğur gözləyirdiniz?
- Uşaqlıqdan xarakterim elədir ki, liderəm. Kiçik yaşlarından birinci olmağa çalışmışam. Hansı idman növü ilə məşğul olmuşamsa, istəyimə nail olmuşam. Hərbi xidmətdə də, universitetdə də lider olmağa can atmışam. Moskvada aspiranturada qrup nümayəndəsi idim. Orada yeganə azərbaycanlı mən idim, 7 erməni tələbə vardı, institutun prorektoru da erməni idi. Hər bir insan istədiyi şey üçün əmək sərf eləməlidir.

“Dünya və Avropa çempionu olan oğlum indi Kaliforniyada bankda işləyir”

N.Ehlamqızı: Ailə üzvlərinizdən yolunuzu davam etdirənlər var?
- Oğlum Novruz Bəşirov karate üzrə dünya və Avropa çempionudur. İki qızım da var, heç birini karateyə məcbur etməmişəm. Böyük qızım Səidə özü karate ilə məşğul olmağı istədi, amma gec, 13 yaşında karateyə gəldi. Düzdür, nailiyyətləri var. Oğlum indi Kaliforniyada yaşayır, Vortonda, Harvardda təhsil alıb, Azərbaycanı həmişə tələbə və idmançı kimi yüksək səviyyədə təmsil edib. Hazırda dünyanın ən güclü banklarından birində çalışır. Qızım İslam Həmrəylik Oyunlarının bürünc mükafatçısı olub. Dəfələrlə kata üzrə respublika çempionu olub. Artıq idmanda deyil, həyat yoldaşı Batumda konsuldur deyə Gürcüstana gedib, orada Azərbaycanı təmsil edirlər. Kiçik qızım isə BAOƏK-da çalışır. Heç mənim qızım olduğunu bilmirlər, öz istəyi ilə getdi sənədlərini verdi və qəbul etdilər. 19 yaşı var, Los-Ancelesdə modelyer-dizaynerlik üzrə təhsil alıb. O, idmanla çox məşğul olmadı, ailəmizdə böyüdüyünə görə işi yaxşı bilir, karate üzrə BAOƏK-da işləyir.

N.Orucov: Bu məsələ mübahisəli olaraq qalıb, Azərbaycana karateni ilk dəfə kim gətirib? Hətta belə iddialar var ki, hansısa bir müğənni karateni ölkəmizdə təbliğ edib...
- Heç kəsin xətrinə dəymək istəmirəm, həmin adam heç zərbənin adını da bilmir, karate haqda danışmasa yaxşıdır. Bir vaxtlar Abşeronda yaşayan Xəqani haqda danışırdılar. Karateni Azərbaycana sırf kimin gətirdiyini bilmirəm. Amma Mirəli Seyidov, Süleyman Məmmədov, Azad Kazımov bir yerdə karateyə başlamışdı.

N.Orucov: Deyirdilər ki, karate ilə Nərimanov metrosu yaxınlığındakı binalarda yaşayan insanlar daha çox məşğul olub...
- Mirəli Seyidov orada yaşayırdı, yəqin ona görə belə fikirlər irəli sürürlər.

N.Orucov: Sovet vaxtı karateni bir ara qadağan etmişdilər. Bakıda idman növü ilə məşğul olanları həbs etdikləri ilə bağlı şayiələr də gəzirdi. Doğrudan da, belə hadisələr olmuşdu?
- Azad və Əhməd adlı gənclər vardı, həbs olunmuşdular, amma karateyə görə deyildi. Tadeuş Kotyanovu həbs etmişdilər, amma o, idmançı olmaqla yanaşı bir az kriminala qarışmışdı. Bizdə də həmçinin kim ayrı işlərə qarışırdı, saxlanılırdı. Bayaq da qeyd etmişdim, biz “Dinamo”nun tərkibində məşqlər edirdik. Zirzəmilərdə ayrıca fəaliyyət göstərən başqa insanlar da vardı.

“Həkim deyirdi ki, elə bil burnunun üstündən tank keçib”

A.Lətifov: Gücünüzdən idmandan kənar istifadə etmisiniz?
- Uşaqlıqda davakar idim, əsgərlikdə çox dalaşmışam. İlk Avropa, sonra dünya çempionu oldum, titullardan sonra diqqətli olmağa çalışırdım. Bir zərbəyə insanı öldürmək olar. Karatedə deyirlər kontakt yoxdur, amma tam qüvvə ilə vurulan zərbəni saxlamaq çox çətindir. Rəqib üstünə gələn vaxt nəzarət də çətindir. Şəxsən mənim 5-6 dəfə burnum sınıb, 1 il olar əməliyyat etdirdim. Həkim deyirdi ki, elə bil burnunun üstündən tank keçib. Böyük idman hər bir kəs üçün deyil, fanatlar üçündür. İnsan öz sənətinin fanatiki olmalıdır. Çünki böyük idmanda böyük zərbələr də olur, ona görə də gərək işini sevəsən ki, ardınca gedəsən.

Aygün İlqarqızı: Belə çıxır karatenin fanatı olmusunuz...
- Hər bir işin fanatı var. Bu idmanı sevməyən insanın burnu sınsa, arxasınca getməyəcək, amma mən karatenin fanatı kimi qırıq burunla finalı udmuşam, Moskvada ulduzlar yarışında çempion olmuşam. 1992-ci ildə Avropa çempionatında qırıq qabırğa ilə finalda yarışıb udmuşam. Fanat olmasaydım, qalib olmayacaqdım.
Karatedə milli yığmanın üzvləri SSRİ dövründə ərizə yazıb imzalayırdı ki, idmandan kənar gücümüzdən istifadə etməyəcəyik. 1979-cu ildə Estoniyada davada oğlanın birinə vurdum, çənəsi qırıldı, güclə qurtulduq, ölkəyə qayıtdıq. Bakıda 2-3 dəfə elə dava olub. Vurub-qırmaq heç nədir. İki kərpici sındırıramsa, sümüyü qırmaq nədir ki. Əsl döyüşçülərin əli silah kimidir.

A.İlqarqızı: Hər bir tələbə istəyir ki, müəlliminə qalib gəlsin. Rafael Ağayev məşqlərdə yəqin sizinlə döyüşür.
- Rafaelin indi 30 yaşı var, 20 ildən sonra 50 yaşı olacaq. İndiki istedadlı uşaqların isə həmin vaxt 20-25 yaşı olacaq. O uşaqlarla Rafaelin gücü bir ola bilməz. Rafaelin gücü çoxdur, təcrübəsi mənim qədər deyil. Fiziki cəhətdən mənə qalib gələ bilər, amma daxilən mən bu gün ondan qat-qat üstünəm. Karatenin fəlsəfəsi var, orada qeyd edilir ki, danlar artdıqca qüvvə azalır, amma içəridəki qüvvə, müdriklik artır. Rafael 3-cü dandır. Danı elə-belə vermirlər. 5-ci dandan sonra danı gördüyün işə, nəticələrə görə verirlər.

N.Orucov: Azərbaycanda idmançılar neçənci dana qədər buradan alırlar?
- Mən Milli Karate Federasiyasının prezidenti kimi 7-ci dana kimi danı verə bilərəm. 7-dən yuxarı danları WKF verir. Mən 6 və 7-ci danı verə bilərəm, amma təsdiqlənməzsə olmaz, Dünya Karate Federasiyası təsdiq etməlidir. Çətinlik 5-ci dandan sonra başlayır. Onlar 5-dən sonra hər adamı təsdiq etmir. Gözləyirlər, yaşa, təcrübəyə baxırlar, əvvəlki danı nə zaman aldıqlarına diqqət edirlər. 7-ci danı 2003-cü ildə almışdım, 2012-ci ildə 8-ci danı aldım. Aradan 9 il vaxt keçdi.

N.Orucov: Dünyada ən yüksən danı olan kimdir?
- Kanazava Senseydir, onun 10-cu danı var. Yaponiyalıdır, mənim müəllimim olub. İlk dəfə Bakıya 1996-cı ildə gəlmişdi.

N.Ehlamqızı: Bu yaxınlarda Gürcüstanda ermənilərlə bizim yeniyetmələr arasında dava olmuşdu. Əsl səbəbi Sizdən eşitmək istərdik.
- Gürcüstandakı yarışa 200-dən artıq azərbaycanlı getmişdi. “Şvarsnegr” ləqəbli erməni müəllim olub, üzərində “genosid” sözü yazılmış idman köynəyi geyinib. Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia ilə 3-4 gün bundan öncə Qətərdən birgə qayıdırdıq. Ondan soruşdum ki, dava nədən başladı, bəlkə bizim uşaqların təqsiri vardı? Dedi ki, azərbaycanlıların təqsiri yox idi, erməni özü provokasiya ilə məşğul idi. Ona dedik ki, idman köynəyini çıxar, sən niyə siyasəti idmana qarışdırırsan? O da qayıdıb ki, yox, mən çıxarmayacam, artıq söz işlədib. Sonra dava başlayıb. Düzdür, “Şvarsnegr”i bizimkilər pis döyüb (gülür).

"Ermənilər bizə fanatlıq edir"

A.Lətifov: Yarışdan əvvəl idmançılarla bu cür situasiyanın ola biləcəyi ilə bağlı söhbətləriniz olurmu? Nəyi məsləhət görürsünüz?
- Bizdə bir dəfə Kiprdə 2005-ci ildə bayrağa görə çox pis dava oldu. Hamı telefona, kameraya çəkirdi. Əcnəbi bilmir axı nəyə görə dava olub, deyirdilər ki, bunlar vəhşidir. 70-dən çox dövlətin paradı olacaqdı, dava da paraddan qabaq baş verdi. Ermənilər gəldi ki, uşaqları aparacağıq, dedim ki, uşaqlar lazım deyil, gəlin mənimlə gedək. Getdik söhbət etdik, uşaqlar da gəldilər, barışdılar. Ermənilər doğrudan da, bizə fanatlıq edirlər. Biz dünyanın hansı yerində oluruqsa, ermənilər gəlib bizim döyüşlərə baxır. Fikrimcə, döyüş ancaq döşəkdə olmalıdır. Bu, idmandır, dava olmaz. Birincisi, hər kəs öz mədəniyyətini göstərir. Sivil insanlar üçün dava-dalaş düzgün hərəkət deyil. İdmançıya dava etmək yaraşmır. Mən heç indi də uşaqlara demirəm ki, Gürcüstanda dava etməklə düzgün iş tutmusunuz. 2-3 dəqiqə ərzində tatamidə döyüşməlisən. Himn səslənəndə də hamı ayağa qalxmalıdır. Protestlər olur bəzən, haradasa, həmin şəxsləri başa düşürəm, insana qarşı haqsızlıq olub. Kimin qüvvəsi çatırsa, başqasını döysə, onda heç yarışlar keçirilməz. Onda yəhudilər ərəbləri döyəcək, biz ermənilərlə döyüşəcəyik, xorvatlar bosniyalılarla vuruşacaq. Əvvəllər olimpiada keçiriləndə müharibələr dayanırdı.

N.Orucov: Erməni karateçilər Avropa Oyunlarına gələcək?
- Yox, onlar lisenziya almayıblar, onlarda karateçilər zəifdir.

D.Əhməd: Yadımdadır, 1990-cı illərdə karate barədə kitablar da çıxırdı.
- Əsasən rus dilində kitablar çıxırdı, hər bir idmançı haqda 3-4 səhifə yazılırdı.

D.Əhməd: Sizin bədii ədəbiyyat zövqünüz də maraqlıdır.
- Sözün açığı, mən rus bölməsində təhsil almışam. Tolstoyu, Puşkini, Dostoyevski, Balzakı, Aqata Kristini oxumuşam. Bizimkilərdən Anarın, Çingiz Abdullayevin əsərlərini çox oxuyurduq. O vaxtlar biz kitabla həvəslə maraqlanırdıq. İndiki gənclər oxumağa az meyillidir.

N.Orucov: Hobbiniz nədir? Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
- Yayda dəniz xoşuma gəlir. Dostlarla dəniz kənarına gedirik. Rəqsi çox sevirəm. Toylarda karateçi uşaqlarla da rəqs edirik (gülür).

N.Orucov: Bakıda böyümüsünüz?
- Bakıda anadan olmuşam, 1 yaşında Gəncəyə getmişik. Atam Eyyub Bəşirov akademikdir, iki qardaşım orada doğulub. Mənim 9 yaşım olanda yenidən Bakıya qayıtdıq.

A.İlqarqızı: Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Uşaqlıqdan tanış idik, atası atamla bir sinifdə oxumuşdu, uzaq qohumluğumuz da çatır. Ailəvi gediş-gəlişimiz də vardı, 2 il nişanlı qaldıq, sonra evləndik (gülür).

N.Orucov: Ailədə hansı dildə danışırsınız?
- Əlbəttə, Azərbaycan dilində.

"10 il bundan qabaq deputatlığa namizəd olmuşdum"

N.Ehlamqızı: Siyasətlə aranız necədir?
- 10 il bundan qabaq deputatlığa namizəd olmuşdum. Bizim idman da haradasa, siyasətdir, bayrağı, dövləti təmsil edirsən. Biliyin, bacarığın olmalıdır ki, siyasətə qatılasan. Kortəbii siyasətçilər insanları bir-biri ilə toqquşdurur, araya nifaq salırlar. Çirkin siyasətdən uzağam. Mən namizədliyimi verəndə fikirləşirdim ki, insanlara köməyim dəyə bilər, təşkilatçılığım, bacarığım var.

N.Ehlamqızı: Bu il şansınızı yenidən sınayacaqsınız?
- Çətin ki. Bu il namizədliyimi irəli sürmək istəmirəm.

Nərgiz EHLAMQIZI

Foto: İsmi ŞAHZADƏ


Müəllif:

Oxşar xəbərlər