Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putindən PKK-nın Suriya qolu olan PYD-nin (Demokratik Birlik Partiyası) Moskva ofisinin bağlanmasını istəyib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan bu barədə Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
Prezident Türkiyə üçün həssas olan PYD və Suriya məsələlərini Putinlə müzakirə etdiyini deyib. O, xüsusilə PYD məsələsində Rusiyayla eyni mövqedə olduğunu bildirib: “PYD və PYD-nin silahlı qanadı olan YPG mövzusunda eyni fikirdəyik. Biz Moskvadakı ofis məsələsini də gündəmə gətirdik. Ancaq Rusiya tərəfi bu ofisin PYD ilə əlaqəsi olmadığını, onun vətəndaş cəmiyyəti qurumuna aid olduğunu bildirdi. Cənab Putin ən azı bu məsələdən xəbərdar oldu və bunu ilk dəfə bizdən eşitdiyini dedi. Əlimizdəki faktları təqdim etdik. Putin məsələylə yaxından maraqlanacağını söylədi”.
Ərdoğan iki ölkənin Suriya probleminin həlli üçün birgə addım atacağını vurğulayıb. O bu istiqamətdə müzakirə aparılması üçün qarşılıqlı heyət təşkil ediləcəyini bildirib: “Bilirsiniz ki, biz Suriya məsələsinə görə zərər çəkən ölkəyik. Çünki Suriya ilə 950 kilometrlik sərhəd var. Bu sərhəd çiynimizə məsuliyyət yüklədiyi kimi, eyni zamanda təhdid ifadə edir. Ona görə də artıq açıq və konkret danışmaq lazımdır.
Şimali Suriyada məlum təşkilatlanmanın qorxusunu yaşayırıq. Buna görə də atılacaq addımlar çox önəmlidir. Təbii ki, Suriyanı dünyadakı proseslərdən ayrı götürə bilmərik. ABŞ-dakı seçkinin də bu məsələyə dəxli var. Bu baxımdan heyətimizin Moskvada həyata keçirəcəkləri işlər çox vacibdir”.
Sevinc