“FETÖ məni öldürdü, mən də qızımı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gülən camaatıyla bağlı olduğuna görə 13 il əvvəl 25 yaşlı həkim qızını öldürən ata Ali Rıza Çağlar deyib.
“Bütün ailəmi oğurladı”
Afyonun Çay bölgəsinə bağlı Karacaören kəndində yaşayan 7 nəfərlik Çağlar ailəsinin yolu FETÖ ilə kiçik qızları Cəvahirin litseyə başladığı illərdə kəsişib. İddialara görə, FETÖ-nun tərəfdarları əvvəl Cəvahiri, sonra o biri uşaqları təsir altına salıblar. Növbə evin kişisinə gəlib çatanda isə Ali Rza Çağlar onlara qoşulmaqdan imtina edib. Elə hər şey də bundan sonra başlayıb...
“Beyinlərini yudular”
Ali Rza Çağlar olanları belə anladıb: "Uşaqlarım çox zəkalıydılar. FETÖ onların beynini yudu. Arvadım da onların təsirinə düşmüşdü, bütün ailəm Gülənin xidmətində idi.
Qızım Ankara Tibb Universitetinə qəbul oldu. Bir gün mənə dedi ki, FETÖ mənə oxuduğum universitetdə atatürkçü əhval-ruhiyyəni dağıtmağı tapşırıb. Nə qədər çalışsam da, mənə qulaq asmadı, getdi. Ailəmi xilas etməyə çalışdıqca FETÖ-ya daha da yaxınlaşırdılar.
“Yaşlı adamla evləndi və…”
Qızım universiteti bitirəndə onların nəzarəti altında olan xəstəxanada işə düzəldi. Məni nəzarət altına ala bilmədiklərini görəndə arvadımı məndən boşatdırdılar.
Bir gün eşitdim ki, qızımı 68 yaşlı qocaya ərə verirlər. Gedib onunla mübahisə elədim, mübahisə zamanı üzümə tüpürdü, mən də tüfənglə vurdum. İntihar eləmək istəyəndə isə polislər gəlib həbs etdilər.
“Arvadım məni zəhərləmək istədi…”
Fətullahçıların təsri altında olan arvadım bir dəfə məni zəhərləmək istədi. Duyuq düşüb, yeməyi yemədim. Sonra öyrəndim ki, siçan dərmanı qatıbmış. Məni həbsxanada da dəfələrlə öldürməyə cəhd ediblər.
Bütün bunları ona görə danışıram ki, FETÖ-nun təhlükəsini izah edə bilim".
Sevinc Fədai