26 Sentyabr 2016 18:41
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı ümumxalq referendumu keçirilir, xalq da gələcəyinə səs verir.

Təbrizdən tutmuş, Londona; Vaşinqtondan tutmuş, Pekinədək səfirliklərimizdə səsvermə oldu.

Azərbaycanda milyonlarla vətəndaş mövqeyini bildirdi ki, onların arasında 116 yaşlı Balakən sakini Fatma Səməddinova, 105 yaşlı qusarlı 105 yaşlı Bəsbəyi Döndərova, 100 yaşlı ağdamlı Şəkər Əhmədova da vardı.

Dərs olmadı

820-ci ildə Səmərqənddə Əhməd Abbas və Abdulla Hakim adlı iki şəxs varmış. Bu insanlar gecələr şəhərin mərkəzindəki bazarın yaxınlığında yerləşən evlərin divarlarına Səmərqənd qazisi, sonralar ən böyük müsəlman alimlərdən biri kimi tanınacaq Əbu Hətim Məhəmməd ibn Hibban barədə "azad fikir"lərini yazar, şəhər sakinlərini də öz fikirlərini divara yazmağa dəvət edərdilər.

Səhərlər o divarlarda ibn Hibbanı yamanlayan sözlər həmişə qazini tərifləyən, ondan razılığa dəlalət edən kəlmələrdən dəfələrlə az olardı. Şər qarışandan sonra isə Əhmədlə Abdulla o divarlardakı razılıq yazılarını pozardılar ki, qazidən "kütləvi narazılıq" görüntüsü yaransın.

Səmərqənd qazisi olmuş ibn Hibban divarda "əməliyyat"lar aparanlar tutulandan sonra onlara toxunmamış və demişdi: "Belələri beyinlərini zəhərləyiblərsə, özlərinə ən ağır cəzanı veriblər".

Tarix təkrarlanır, amma Azərbaycanda müəyyən kəsim tarixi deformasiya olunmuş vəziyyətdə bir daha yaşatmaq istəyir.

Əfsuslar olsun ki, hər addımı səhv olan bu insanlara yanlışlıqlarının sonucları dərs olmur, onlar hər dəfə yıxılandan sonra büdrəmələrinin səbəbini araşdırmaq əvəzinə, uğursuzluqlarının vəsiləsini az qala Pataqoniyadakı insanların folklorunda arayırlar.

Halbuki hər şey bəsitdir: onların yalan danışmaqdan əl çəkmələri yetər ki, həqiqəti görsünlər.

Göbbelsdən bəhrələnməyin primitiv nişanəsi

"Xalqımız referendumu hamılıqla boykot edir. Seçki məntəqələrində tam bir sükunətdir". Bu sözlər AXCP sədri Əli Kərimliyə məxsusdur. Əslində, özünü müxalifət lideri sayan və tərəfdarlarının səyləri ilə belə illüziyadan qurtula bilməyən şəxs başqa söz deyə də bilməzdi və ondan reallığı əks etdirən, qərəzi və ambisiyaları nümayiş etdirməyən kəlmələr gözləmək də sadəlövhlük olardı.

Onun dediklərini ölkə müxalifətinin "birliyi" təki təqdim olunan, amma faktiki sadəcə, AXCP və normal müxalifətçilərin qəbul etmədikləri siyasət marginallarından ibarət olan "Milli Şura"nın sədri Cəmil Həsənli də təkrarlayıb, "xalqın kütləvi şəkildə referenduma getməkdən imtina etməsi" barədə müsahibə verib.

Əli Kərimli və Cəmil Həsənli bəyanatlarını səsləndirməzdən, habelə Facebook-da paylaşmazdan əvvəl həmişəki kimi, emosiyaların məntiqi üstələməsi sindromunun canlı nişanəsinə çevriliblər.

Nədən ki, bu gün səhər saatlarından etibarən Azərbaycanın kütləvi informasiya vasitələri bir yana (AXCP sədri və "Milli Şura"nın liderinin könülləri xoş olsun deyə, onları hələlik nəzərə almayaq) - Rusiya, Gürcüstan, Ukrayna, İran, Türkiyə, Britaniya, Almaniya, İspaniya, İtaliya - bir sözlə, ən müxtəlif ölkələrin telekanalları və nüfuzlu informasiya saytları Azərbaycanda referendumun gedişatı barədə reportajlar yayımladılar. Həmin reportajlarda isə seçki məntəqələrinin qarşısında növbə gözləyən insanlar vardı.

Gərçi "xalq kütləvi şəkildə imtina edibsə", bəs bu insanlar kimlərdir?! Əli Kərimli və Cəmil Həsənli, habelə bu şəxslərin sosial şəbəkələrdəki "mürid"ləri suala, çətin ki, məntiqli cavab verə bilsinlər.

Onların açıqlamalarındakı digər məntiqsizlik, daha doğrusu, bilərəkdən yol verilən saxtakarlıq isə odur ki, AXCP sədri və "Milli Şura" lideri bu gün səhər saatlarında "kimsə referenduma gedib səs vermədi" söylədilərsə, günorta saatlarında "referenduma çoxlu insan qatıldı: onlar da iqtidarın adamları idilər" söylədilər.

Marazm o səviyyəyə çatdı ki, hətta Bakının iki qəsəbəsində "məktəblilərin səs verdiyi" barədə açıqlamalar səsləndi.

Yetkinlik yaşına çatmayan, səsvermə hüququ olmayan məktəblilərin "səs verməsi" ilə bağlı heç bir dəlil, sübut və fakt yoxdur, bu absurd ümumiyyətlə mümkün ola bilməz - amma nə olsun, radikal müxalifətin lüğətində "məntiqsizlik" kəlməsi hələ 25 il əvvəl çıxdaş sözlər sırasına daxil edildiyindən, Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referenduma qatılan xalqı, hər bir vətəndaşımızı ləkələmək, Qərbdəki sifarişçilərə yarınmaq üçün istənilən vasitəni məqsədə çatmaq üçün məqbul sayan "müxalifət liderləri" həmişəki amplualarındadır.

Nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin "mümkün qədər çox yalan danışın, bəlkə, inandılar" ifadəsindən, deyəsən, müxalifətdəki bəzi şəxslər bəhrələnməyə çalışırlar. Di gəl, bəhs etdiyimiz bəhrələnmə olduqca primitiv, bəsit formada olduğundan aşkar yalanları pərdələmək mümkün deyil.

"Demokratiya hesabı": 364 də 173 ola bilər

Azərbaycan müxalifətinin aqressiv və radikal qisminə daimi dəstəyi, ölkəmizin ünvanına böhtanların sıralanması ilə xüsusi "fərqlənən" Meydan TV bu dəfə də taktikasına sadiq qaldı.

Saytda yaradılmış "Referendum xəbərləri: Meydan TV-də canlı bloq" informasiya bülleteninin şərhlər bölməsində fikirlərini bildirən şəxslərin yazdıqları çox ciddi senzuraya məruz qaldı. Belə ki, dünən ikindi saatlarında həmin bölmədə 290 şərh vardısa, az sonra o şərhlərin sayı 173-ə endi.

Çünki Meydan TV saytının redaksiyası referendum barədə yalnız yalan, hədyan yazanları, ancaq neqativ reaksiyanı nümayiş etdirənləri məhrəm bildiyindən, onların şərhləri toxunulmaz saxlandı.

"Məktəblilərin səs verdiyi" iddiasında adı hallanan seçki məntəqəsində səs verən insanlardan tutmuş, referenduma qatılan və Meydan TV-nin yalanlarını faş edərək gerçəklər barədə olduğu kimi yazan şəxslərin şərhləri silindi.

Fasiləsiz olaraq insan haqları, demokratiya, vətəndaş cəmiyyəti prinsiplərindən yazdığını iddia edən Meydan TV obyektiv şərhlər yazanların haqlarını pozdu, demokratiyanın təməl tələblərini qulaqardına vuraraq fikir azadlığı ilə mövqe plüralizmini təmin etrməkdən boyun qaçırdı, vətəndaş cəmiyyətinin ümdə prinsipi olan söz demək və yazmaq sərbəstliyini tapdaladı.

Sonucda Meydan TV-də "canlı bloq" canını itirib vücudu saxlanmış bloqa çevrildi və orada yalnız referendumu pisləyən, xalqın seçiminə həqarət edən, səsverməyə qatılan vətəndaşlara ən yaxşı halda kinayəli ibarələrin ünvanlandığı şərhlər saxlandı.

"Azadlıq"da fikir diktaturası

"Azadlıq" radiosu da "qan qardaşı" olan Meydan TV-dən uzaq getmədi. "Azadlığ"ın saytında və Facebook-dakı səhifəsində də referendumla bağlı reallığı əks edirən, obyektiv şərhlər sanki senzura tozsoranı ilə silinir.

Yalnız müxalifətin absurd açıqlamalarının dəstəkləndiyi, referendumda səs verən insanların pisləndiyi və ümumiyyətlə, səsvermə prosesinin qaralandığı şərhlər saxlanılır.

Məqsəd aydındır: "Azadlıq" radiosu və Meydan TV söz azadlığı, vətəndaşların hüquqlarının təminatı ilə bağlı kakafoniyaya çevrilən bəyanatlarını sıralasalar da, gerçək tam əksinə dəlalət edir: bu strukturlar Azərbaycanda bu gün keçirilən referendum barədə maksimal dərəcədə yalan, irreallıq yaymaq, səsvermənin baş tutmaması və eyni zamanda baş tutub müxalif fikirli insanların mövqe izharından guya "kənarlaşdırılması" barədə insinuasiyaları tirajlamaqla məşğuldur.

Referendum başlanmazdan çox-çox əvvəl, hələ iyul ayının ortalarında ABŞ və Avropa Birliyindəki bəlli strukturlar Azərbaycanda planlaşdırılan səsvermə haqqında dezinformasiyalar yaymağa başlamışdılar.

Zaman keçdikcə o proses sürətləndi, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Tom Lantos komissiyasında dinləmələr, daha sonra Strasburqdakı müzakirələr, sonucda BMT təmsilçisinin və Venesiya komissiyasının qərəzli bəyanatları - bunu avropalı ekspertlər də etiraf etdilər - sıralandı.

Belədə Meydan TV ilə "Azadlıq" radiosunun Azərbaycan xidmətinin fərqli, daha doğrusu, obyektiv mövqe tutacağına ümid etməyə belə, dəyməzdi.

AXCP sədrinin və "Milli Şura" liderinin Facebook-da tərəfdarları kimi təqdim olunan "trol"lardan fərqli olaraq, şərhləri silinənlər real insanlardır.

O insanlar ki, reallıqdan bəhs edirlər, yalan və hədyanlara etiraz edirlər.

...Dünyanın ən nüfuzlu təhsil müəssisələrindən biri sayılan İton Kollecinə 1965-1978-ci illərdə rəhbərlik etmiş baron Harold Kaçça Britaniya müxalifətinin reallığı qəbul etmədiyindən gileylənərək "Gerçəyi yalnız müxalifətçi olduğuna görə bilməyənlər məntiqin sinfində qalanlardır" söyləmişdi.

Maraqlıdır, baron Kaçça indi Azərbaycanda özlərini "demokratiya daşıyıcıları" adlandıranların yalanlarını tirajlamaq üçün həqiqəti qəbul etməyənləri, habelə ölkədən çox uzaqda "redaksiya" yaradıb ölkəni hədəfə alanları görsəydi, nə deyərdi?!.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər