Fransa polisi Kale şəhərində miqrantların aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, 200-ə yaxın miqrant və 50 etirazçı qadağaya baxmayaraq, Kaledəki düşərgəni tərk edərək, aksiya keçiriblər. Onlar düşərgədə vəziyyətin dözülməz olduğunu bildiriblər. Qeyd edək ki, prezident Fransua Olland ilin sonuna qədər həmin düşərgənin bağlanacağını bildirib.
Polis etirazçıları geriyə - düşərgəyə sıxışdırmağa çalışıb. Bu zaman siyasi fəallar polisi daşa basıblar.
Daha 150 nəfər aksiyaya qatılmaq üçün Parisdən yola düşsələr də, düşərgəyə 48 km qalmış polis yolu bağlayaraq onların qarşısını kəsib.
Son 2 ildə Kaledə minlərlə miqrant yerləşib. Onların çoxu qatar və yük maşınları ilə Böyük Britaniyaya keçməyə çalışır. Miqrantlarla yerli əhali arasında gərginlik yaşanır ki, bu da polisin tez-tez müdaxiləsinə səbəb olur.
Nihad