Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücumu nəticəsində 39 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, artıq ölən şəxslərdən 38-nin kimliyi bəlli olub. Onlardan 16 nəfərin əcnəbi olduğu aydınlaşıb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.
Sosial şəbəkələrdə klubda 2017-ci ili qarşılamağa toplaşan və hücum zamanı ölən şəxslərin fotoları paylaşılıb. Həmin klubda həyatını itirənlərdən biri də 25 yaşlı İlyas Vardini olub. O, aldığı yaradan hadisə yerindəcə keçinib. Nişanlısı Melisa Papalurdu isə yaralanıb.
Ölən livanlılardan biri isə məşhur iş adamı İlyas Şaminin qızı Rita Şamidir. Hadisədən bir neçə saat öncə İlyas Vardini Rita Şami ilə sosial şəbəkədə foto paylaşıbmış. Yaralanan Livan vətəndaşları arasında millət vəkili Estefan Düveyhinin qızı Büşra Düveyhi də var.