"ABŞ Yaxın Şərqdə İrana qarşı NATO kimi alyans yarada bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Perencev deyib.
Onun sözlərinə görə, bu alyans dolayısı ilə Rusiya üçün də təhdid olacaq.
Amerikalı rəsmilərə istinadla məlumat yayan "Wall Street Journal" nəşri bildirib ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya İranın təhdidlərinə qarşı Ərəb İttifaqına üzv ölkələrlə hərbi alyansın yaradılmasını müzakirə edir. Bildirilir ki, bu təşkilat İsrailin kəşfiyyat məlumatları ilə idarə olunacaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya və digər ərəb ölkələri daxil ola bilər.
Məlumatda qeyd edilir ki, alyan NATO sistemi ilə idarə ediləcək. Yəni ki, alyansın hansısa üzvünə edilən hücum bütün təşkilata edilən hücum kimi dəyərləndiriləcək.
Perencevin fikrincə,Trampın İranla bağlı mövqeyi əvvəlcədən proqnozlaşdırılmışdı: "Hazırda Trampı Avropa NATO-su maraqlandırmır və o, Yaxın Şərqdə hərbi alyans yaratmaq istəyir. O, seçkiqabağı kampaniyalar vaxtı mövqeyini açıq bildirmişdi. Bu arada, sabiq prezidenti Barak Obama İran ilə açıq müharibəyə getmək istəməyən elitadan idi".
Politoloq bildirib ki, belə bir alyansın yaradılması ürəkaçan deyil: "Yeni yaradılacaq alyans İrana qarşı aqressiv mövqe sərgiləyə bilər. Söhbət hansısa gizli aksiyadan deyil, genişmiqyaslı əməliyyatlardan gedir. Amerikalılar bunu özgəsinin əli ilə etmək istəyir".
O əlavə edib ki, İran Rusiyanın beynəlxalq terrorçuluqla mübarizədə tərəfdaşıdır və Şanxay Əməkdaşlıq Təşkilatına daxildir: "Buna görə də, Rusiya və Çin bu ölkəni dəstəkləməlidir və İranın idarəedilməz ölkə olmasının qarşısı alınmalıdır".
Samir