Ukraynanın sabiq baş naziri, “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko Mixail Saakaşvilinin Ukraynaya qayıtmasına kömək etmək üçün sentyabrın 10-da Polşaya gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə xanım siyasətçi “NyusOne” telekanalının efirində bildirib:
“Mən Saakaşvilini mütləq dəstəkləyəcəyəm. Mən gedəcəyəm. O, sentyabrın 10-da sülh şəraitində gəlib məktub təqdim etmək istəyir. Vətəndaşlıqdan məhrum etsələr də, onun Ukraynada yaşamaq haqqı var”.
Timoşenko həmçinin ölkə Prezidenti Pyotr Poroşenkonu Saakaşviliyə qarşı siyasi repressiyaların çirkli metodlarından istifadədə ittiham edib.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacağını bəyan edib.
İyulun 26-da Ukraynanın Miqrasiya Xidməti Prezident Pyotr Poroşenkonun Saakaşvilinin bu ölkənin vətəndaşlığından məhrum edilməsi barədə fərmanını nəşr edib. Saakaşvili hazırda Avropa İttifaqı ölkələrinə səfərə çıxıb və artıq Macarıstanda, Litvada, Polşada olub. Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, o, həmin ölkələrə Ukrayna pasportu ilə gedir.