Avropa Parlamentinin 45 deputatı birliyin xarici işlər naziri Federiko Moqeriniyə birgə məktub yazaraq İranda məcburi hicaba qarşı etiraz əlaməti olaraq baş örtüyünü açan qadınlara dəstək verməsini tələb ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məktubda qadınların məcburi hicaba qarşı başlatdığı kampaniyanın guya xaricdən idarə olunduğu barədəki iddiaları rədd edilir:
“Biz sizdən istəyirik ki, İran rəsmilərindən həmin qadınları dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmasını tələb edəsiniz”.
Həmçinin, Beynəlxalq Əfv Təşkilatı bəyanat yayaraq, İranda ən azı 35 qadının baş örtüyünü açdığına görə rejim qüvvələri tərəfindən həbs olunmasından nigaran qaldığını bildirib.
Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl start verilib. Vida Müvəhhid adlı 31 yaşlı qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.