İranda hər gün dəyərdən düşən milli valyutanı - realı dollara dəyişmək üçün uzun növbələr yaranıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu gün səhər saatlarında minlərlə iranlı mübadilə məntəqələrinə axın edib.
Məlumata görə, valyuta məntəqələri artan tələbi ödəyə bilmir. Əhali yalnız dövlətin müəyyən etdiyi miqdarda dollar ala bilir. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək şərtdir.
Bir valyutadəyişmə məntəqəsinin müdiri deyib ki, müştərilərə maksimum 2 min dollar satmağa icazə var.
Bu ara bəlli olub ki, İranda qanunsuz puldəyişmə biznesi güclənib. Ancaq bu zaman dolların qiyməti azı 7 faiz baha olur. Valyutadəyişmə məntəqəsindən 1000 dollar alan iranlı bunu qara bazarda satarsa, azı 100 Azərbaycan manatı qədər qazanc əldə edə bilər.
Son xəbərə görə, polisin keçirdiyi əməliyyat nəticəsində qara bazarda yüzlərlə şəxs tutulub.
Xatırladaq ki, ötən həftənin sonlarında İran Milli Bankı ABŞ dolları ilə idxal ticarətini qadağan edib.
İran realı son aylarda 20 faiz dəyər itirib.