İŞİD, PKK/YPG ilə ən çox biz mübarizə aparmışıq. Menbiçlə bağlı ABŞ-la aramızda uzun zamandır ən böyük problem olan YPG məsələsi ilə əlaqədar yol xəritəsi müəyyənləşdirdik. Hazırda onun həyata keçirilməsi mərhələsindəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinin “redaktor masası” layihəsində çıxışı zamanı deyib.
Mövlud Çavuşoğlu qeyd edib ki, bu istiqamətdə bir sıra addımlar atılıb, indi birgə hərəkətə keçmək və Menbiçə daxil olmaq vaxtı çatıb: “PKK / YPG buradan çıxarılacaq və silahları alınacaq”.
Onun sözlərinə görə, Menbiç əməliyyatı başa çatandan sonra digər bölgələrə keçidlə bağlı yol xəritəsində razılıq əldə olunub: “Buranın kimin idarə edəcəyinə ABŞ-la birgə qərar verəcəyik. Türkiyədəki suriyalıların da geri qayıtması üçün əlimizdən gələni edəcəyik. Sonra Fəratın şərqindən PKK-lılar geri çəkiləcək. Yol xəritəsi məsələsində Kobanidəki kürdlərin narahat olmasına əsas yoxdur. Çünki YPG onlara zülm edir. Kobanidə əhalinin tərkibinə uyğun olaraq kürdlər çoxluq təşkil edərsə, idarəçilik də o cür olacaq. Amma YPG/PKK olmayacaq”.
Nərgiz