Prezident üsul-idarəsinə keçid edən Türkiyədə prezidenti Rəcəb Tayyib Ərdoğan Fuad Oktayı özünə müavin təyin edilib.
Teleqraf.com xəbər verir ki, Fuad Oktay siyasətdə yeni sima hesab oluna bilər.
Onun köməkçi təyin edilməsi diqqəti bu şəxsin personası üzərinə cəmləyir. Üstəlik prezidentin öz səlahiyyətlərini icra edə bilməməsi durumunda onun səlahiyyətlərini müavinlərindən ən yaşlısı həyata keçirəcək. Məhz bu baxımdan Türkiyədə prezidentin müavinləri strateji postlar hesab olunur.
Fuad Oktay kimdir? Nədən prezident ona belə bir böyük vəzifəni etibar edib? Bu suallar hazırda ciddi müzakirə mövzusudur.
Qeyd edək ki, Fuad Oktay 1964-cü ildə Yozqatda doğulub. 1985-ci ildə Çukurova Universitetinin biznes idarəetməsi fakultəsini bitirib. Bundan sonra universitetdə araşdırmalar aparıb. 1990-cı ildə ABŞ-da Avtomobil sənayesinin mərkəzi olan Detroyt şəhərində Vayne Dövlət Universitetində sənaye mühəndisliyi üzrə doktorluq sahəsində təhsil alıb, istehsal mühəndisi olub. Eyni zamanda ABŞ-da yaşadığı dövrdə avtomobil və informasiya texnologiyaları üzrə ixtisaslaşıb.
2000-ci ildə Türkiyədə yaşanan iqtisadi böhran zamanı krizin idarə olunması sahəsində mütəxəssis kimi formalaşıb, bununla paralel Beykent Universitetində əməliyyat bölümünə rəhbərlik edib, dekan müavini vəzifəsində çalışıb. Özəl şirkətlərə məsləhətlər verən Fuad Oktay bəzi şirkətlərdə baş direktor, vitse-prezident və ya İdarə Heyətinin rəhbəri vəzifəsini tutub.
2008-2012-ci illərdə aviasiya sahəsində çalışıb. Türk Hava Yollarının strateji planlaşdırma, biznesin inkişafı, istehsalat planlanması və informasiya texnologiyaları, satış və marketinq sahələrinə rəhbərlik edib.
Fuad Oktay 2012-2016-cı illərdə Nazirlər Kabinetində müşavir vəzifəsini tutub. Burada risk və böhranların idarə edilməsi, fövqəladə vəziyyət və fəlakətlər sahəsinə rəhbərlik edib.
Fuad Oktay 2016-cı ilin 19 iyunundan Nazirlər Kabinetində müşavir işləyib. 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdinə qarşı hökumətin apardığı siyasətdə rol alıb. Sonrakı mərhələdə Suriya ilə sərhəddə terrorist təhdidlərinə qarşı Firat Qalxanı və Zeytun Budağı əməliyyatları çərçivəsində strukturlararası əlaqələri koordinasiya edib.
Fuad Oktay eyni zamanda Türk Havaçılıq və Kosmik Sənayesi sahəsində özünü sınayıb, bu strukturda İdarə heyətinin üzvü olub. Eyni zamanda Türk Telekomda sədr müavini vəzifəsində çalışıb. İngilis dilini müfəssəl bilir, 3 övladı var.