13 İyul 2018 10:13
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın həyat yoldaşı Ziba Pilevəri zindanın Təhlükəsizlik Məsələləri üzrə İstintaq Mərkəzinə məktub yazaraq yoldaşı ilə görüşmək üçün icazə tələb edib.

Bu barədə Teleqraf.com-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı məlumat verib.

O, məktubunda həkimlərin həyat yoldaşına ürək infarktı təhlükəsi ilə bağlı xəbərdarlıq edildiyini deyərək, C.Rüstəmiradın səhhəti ilə bağlı narahatlığını dilə gətirib. Fəalın həyat yoldaşı həmçinin hamilə olduğunu diqqətə çatdıraraq bildirib ki, stress və narahatlığa görə körpəsini itirə bilər.

Qeyd edək ki, Cəfər Rüstəmirad Azərbaycan Mili Hərəkatının tanınmış fəallarından biridir. O iyulun 2-də mülki geyimli şəxslər tərəfindən öz evində yaxalanıb.

Ürək xəstəliyindən əziyyət çəkən fəal hazırda Tehranın Evin zindanında saxlanılır. C.Rüstəmirad Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astaranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Xatırladaq ki, 5-6 iyul tarixlərində keçirilmiş ənənəvi Babək qalası yürüşü ərəfəsində İranın təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə 80 fəalı saxlayıb, onların əksəriyyətinə işgəncə verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər