4 Avqust 2018 19:59
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mediasında bu gün əsas xəbər başlıqlarından biri budur: “Azərbaycan hər an müharibə başlaya bilər”. Bu xəbər “Helsinki təşəbbüsü-92”nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyana istinadən yayılıb. Yayılan xəbərdən sonra “Ermənistandan sensasiya” alt başlığının əlavə edilməsini doğrusu anlamadım.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, əvvəla, K.Ohancanyan Ermənistanda deyil, Dağlıq Qarabağda yaşayır:

“İkincisi, Dağlıq Qarabağda yaşayan erməninin “Facebook”da yazdığı bir neçə cümləlik statusun Azərbaycanın informasiya məkanını zəbt etməsinin tərəfdarı deyiləm. Ancaq əgər erməninin məlum statusu xəbər məkanımızı işğal edibsə, mən də Karen Ohancanyanın arqumentlərini xırdalamaq məcburiyətindəyəm. Onun əsas müharibə arqumenti budur ki, Azərbaycan bütün sərhədboyu hərbi təlimləri genişləndirir.

Onun sözlərindən belə çıxır ki, indi bütün bu məsələlər Azərbaycan üçün arxada qalıb və Bakı üçün avqust və ya sentyabrda müharibəyə başlamaq üçün maneə yoxdur. Hətta onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki mövcud gərginlik də Azərbaycanın müharibəyə başlaması üçün şərait yaradır.

Karen Ohancanyanı şəxsən tanıyıram. Müxtəlif beynəlxalq konfrans və seminarlarda dəfələrlə üz-üzə gəlmişik. O “müharibə yaxınlarda başlayacaq” ifadəsini illərdir işlədir. Bir dəfə ona belə bir sual verdim: “Azərbaycanın gəlirləri artır, ordumuz güclənir, hərbi texnikamızın sayı artır. Bu halsa siz nə etməyi düşünürsünüz?”. Bilirsiniz Karen Ohancanyanın mənə cavabı nə oldu: “Sizi təxribata çəkəcəyik və sizdə 1990-cı illərdə baş verən olayları təkrarlamağa çalışacağıq””.

E.Şahinoğlu qeyd edib ki, həmin K.Ohancanyan bu gün də təxribatla məşğuldur:

“O “müharibə” sədalarını gücləndirməklə erməni cəmiyyətini Azərbaycana qarşı kökləməyə çalışır. Bəli, müharibə hər an başlaya bilər, ancaq Karen kimilərin məqsədi “dəqiq tarixi” göstərməklə müharibənin qarşısını almaq və işğalı uzatmaqdır. Müharibənin nə zaman başlanacağı qərarı ancaq Bakıda verilə bilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər