ABŞ Prezidenti Donald Tramp iyun ayında Sinqapurda keçirilmiş görüşdə Şimali Koreya lideri Kim Çen İnə münasibətləri yoluna qoyan anlaşmanı imzalayacağı vədi verib, amma bunu yerinə yetirməyib.
Teleqraf.com xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “Voks” xəbər agentliyi ilginc iddia ilə gündəmə gəlib.
Mənbə iddia edir ki, Tramp koreyalı həmkarına görüşdən dərhal sonra müvafiq sənədi imzalayacağını deyib. Lakin görüşdən iki ay keçməsinə baxmayaraq, Tramp hələ də vədini yerinə yetirməyib.
Məlumatda bildirilir ki, Amerika prezidentinin vədini yerinə yetirməməsi Şimali Koreyanı məyus edib və buna görə də, nüvə silahlarının azaldılması dair məsələyə etinasız yanaşmağa başlayıb.
Məsələ ilə əlaqədar “Voks”a açıqlama verən Dövlət Departamentinin nümayəndəsi Şimali Koreyanın nüvə silahlarını azaltmağa başlayacağı halda, böhranın dinc yolla həlli müzakirələrinə başlamağa hazır olduqlarını bildirib.
Hələlik Ağ Evdən yayılmış iddiaya münasibət bildirilməyib.
Qeyd edək ki, iyunun 12-də Siqapurda Donald Tramp və Kim Çen İn arasında keçirilmiş görüşdə tərəflər Şimali Koreyanın nüvə silahlarının azaldılmasına dair anlaşma əldə etmişdilər.