Türkiyədə həbs edilmiş amerikalı keşiş Endryu Bransonla bağlı istintaqda yeni faktlar üzə çıxıb. Araşdırmalar zamanı Bransonun tez-tez ABŞ-da fəaliyyət göstərən Yevangelist Missiyası Təşkilatının lideri Mayk Bikl ilə əlaqə saxladığı məlum olub.
Teleqraf.com xəbər verir ki, Bikl hazırda ABŞ-ın ən böyük yevangelist təşkilatları arasında yer alan Beynəlxalq Dua Evinin rəhbəridir.
Onun adı 2015-ci ildə Bransonun telefonuna göndərilmiş mesajların içində çəkilir. Sonuncu mesaj ona 2015-ci il aprelin 22-də göndərilib.
Dan Sleyd adlı şəxsin “Mayk Biklin mayda Ermənistanda olacağından xəbərin varmı?” mesajına cavabına Endryu Branson yazıb: “Salam, Dan. Hesab edirəm ki, hansısa mərasim, yaxud müzakirəyə qatılmaq üçün ora gedəcək. Bunun erməni soyqırımın 100-cü ildönümü ilə bağlı olacağı da mümkündür. Bu gün suriyalı kürdlərlə bağlı məsələni həll etdik. 15 kişi və qadın var”.
Bransona gələn mesajlarda adı çəkilən Mayk Biklın kimliyi və Ermənistanda Türkiyə əleyhinə etdiyi çıxışların təfərrüatı 3 il sonra ortaya çıxıb.
Bikl məlum çıxışında Türkiyəni erməniləri soyqırıma məruz qoymaqda ittiham edib: “1.5 milyon erməni türklər tərəfindən soyqırıma məruz qalıb. Lakin ermənilər inanclarından imtina etmədilər. Ermənistanla İsrailin əhəmiyyətli oxşarlıqları var. Hər iki millət soyqırıma məruz qalmasına baxmayaraq, dövlət olmağı bacardı. Ermənilər 400 il türklərin əsarətində olublar”.
Mayk Bikl İrəvandakı yevangelist kilsəsinin 10 min aktiv üzvünün, bu kilsənin Yaxın Şərq və keçmiş SSRİ coğrafiyasında ən böyük yevangelist kilsəsi olduğunu bildirib.
Qeyd edək ki, Endryu Branson Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) agentlik etməkdə ittiham olunaraq, həbs edilib.
Keşişin həbsi ABŞ və Türkiyə arasında diplomatik gərginliyə səbəb olub.