Fikir versək görərik ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında son vaxtlar artıq konkret gündəliklər olmur. Digər tərəfdən bu görüşlərdə bütün məsələlər ətrafında söhbətlər gedir. Bu fikirdə də həqiqət var.
Bunu Teleqraf.com-a açıqlamasında “Cənubi Qafqaz” Politoloqların Diskussiya Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə deyib.
Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasını şərh edən İ.Vəlizadə qurumun 10-15 il əvvəl keçirilən sammitlərindən misal gətirib:
“O vaxtlar gündəlikdə hansısa konkret sənədlər var idi. Bu sənədlər müzakirə və qəbul olunurdu. Hazırda isə 10-15 il əvvəl qəbul olunmuş sənədlərin implementasiyası, yəni, həyata keçirilməsi ilə bağlı söhbətlər gedir. Yaxud, ötən on illiklərdə formalaşan hüquqi bazanın təkmilləşdirilməsindən danışılır.
MDB çərçivəsində nəqliyyatla, iqtisadi, humanitar sahələrdə əməkdaşlıqla bağlı çoxlu sənədlər qəbul olunub. Onların bəziləri indi müəyyən səbəblərə görə ümumiyyətlə işləmir, yaxud köhnəlib. Bax, bəzən onların təkmilləşdirilməsi ilə bağlı söhbətlər gedir. Yəni, görüşlərdə bu məsələlər müzakirə olunur”.
İ.Vəlizadə əlavə edib ki, digər tərəfdən cari məsələlər, yəni, cari əməkdaşlıq müzakirə olunur:
“Yəni, MDB ətrafında və MDB daxilində gedən proseslərdən danışılır. Burada çox vaxt təhlükəsizliklə bağlı məsələlər aktual olur. Xüsusilə, destruktiv proseslərin inkişafı, İŞİD kimi cərəyanların yaranmasından əmələ gələn risklər, bu risklərlə mübarizə, qaçaqmalçılığa qarşı birgə fəaliyyət, digər məsələlər tez-tez müzakirə olunur.
Düşənbədə də əsasən bu məsələlər müzakirə obyekti olub. Xüsusilə, Mərkəzi Asiyada təhlükəsizliklə bağlı müəyyən problemlər yaranır. Bu problemlər Əfqanıstandan gəlir. Bax, bu problemlərin çözülməsi, iqtisadi əməkdaşlıq kimi məsələlər də masa üzərində olub”.
Qeyd edək ki, sentyabrın 28-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.