Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı konsulluğunda qətlə yetirilməsi 1985-ci ildə Bolqarıstanın İstanbul konsulluğunda baş verən casus Əli Yusifov qalmaqalını gündəmə gətirib. 1985-ci il qalmaqalı zamanı mətbuat Əli Yusifovun konsulluqda öldürüldüyünü iddia edirdi, lakin sonradan aydın oldu ki, casus jurnalistlərin izlədiyi avtomobillə ölkəsinə aparılıb.
Teleqraf.com 1985-ci ildə Bolqarıstanın İstanbul konsulluğunda baş verən qalmaqal haqqında yazını təqdim edir.
1985-ci il casus qalmaqalı Bolqarıstan və Türkiyə arasında ciddi böhrana səbəb oldu.
Bolqarıstandan “bolqar zülmündən” qaçaraq Türkiyəyə sığınana və siyasi oturum tələb edən casus Marin Oliyanov 1985-ci il martın 6-da Türkiyənin Vyana konsulluğuna gedərək “Əli Yusifov” saxta adıyla siyasi oturum tələb edib. Beləcə Əli Yusifov 1985-ci ilin martın 20-də Türkiyəyə gələrək ölkəsinin konsulluğu önündə mətbuata açıqlama verib. Daha sonra siyasi sığınacaq tələbi üzrə qaçqın düşərgəsində yerləşdirilib. Ancaq az sonra Bolqarıstandan gələn qaçqının kimliyini Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) qısa müddətdə ortaya çıxara bilib.
Həqiqi kimliyi ortaya çıxan Əli Yusifov aprelin 3-də Bolqarıstan konsulluğuna qaçıb. Türkiyə hüquq-mühafizə orqanları onu tələb etsə də, konsulluq bu tələbi yerinə yetirməkdən imtina edib. Həmin ərəfədə türk kəşfiyyatçılar, hüquq-mühafizə orqanları Bolqarıstan konsulluğunu faktiki olaraq mühasirəyə alıb. Bolqar casusu mətbuata açıqlama verərək türk hüquq-mühafizə orqanlarının ona işgəncə verdiyini iddia edib.
Günlərlə konsulluqda yaşayan casus deyib ki, konsulluğun ətrafı polis mühasirəsində qalıb. Həmin dövrdə günlərlə bayıra çıxmayan Əli Yusifovun konsulluqda öldürüldüyü iddiaları mətbuat səhifələrinə çıxmağa başlayıb. Hətta konsulluğa girən və oradan çıxan avtomobilləri izləyən mətbuat casusun öldürüldüyü və cəsədin parçalanaraq yox edildiyini iddia edib.
Böhran dövründə Yusifov saxta kimliyindən istifadə edən bolqar casus üçün diplomatik pasport çıxarılır. Sağ olduğu ortaya çıxan casus MİT, polis və jurnalistlərin müşayiəti ilə Ədrinə üzərindən ölkəsinə aparılıb.