Adı bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri, bunun nəticəsində ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil edilməsi və haqqında Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanış olan Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqalla gündəmə gəlib.
Teleqraf.com-un məlumatına görə, erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən E.Teoxarus indi də Albaniya Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən bu ölkənin Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub. Belə ki, Avropa Parlamentinin bu üzvünün beynəlxalq hüququn prinsiplərinə, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyinin, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına ərazi iddialarını ehtiva edən ekstremist, millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək, belə bir qərar qəbul edilib.
Əslində rəsmi Tirananın qərarı heç də təəccüb doğurmur və bu qərarın bu qəbildən olan heç də sonuncu qərar olmayacağını təxmin etmək olar. Belə gedərsə, kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk avroparlamentari “statusu”nu da qazana bilər.
Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilliant alveri ilə məşğul olan, əslən yunanıstanlı Kaspar Karampetyanın da növbəti ifşasıdır. E.Teoxarusun K.Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.
Xatırladaq ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbi təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilib və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adının hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbi fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. A.Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.
E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.