“Türkiyə Suriyanın Şimalında ABŞ-ın dəstək verdiyi YPG terror təşkilatına qarşı “Cənub Hərakatı” adlı hərbi əməliyyatlara başlayacaq. Çünki YPG ABŞ-ın yardımı ilə Fəratın Şərq sahillərində və Menbiçdə güclənərək, Türkiyə üçün təhdid vəziyyəti yaradıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ Türkiyənin etirazına baxmayaraq, YPG-yə verdiyi dəstəyi artırmaq niyyətindədir:
“Burada Amerikanın əsas məqsədi Suriyada yeni kürd muxtariyyəti qurmaq və bu ölkənin bölünməsinə zəmin yaratmaqdır. Başqa sözlə, ABŞ İraq ssenarisini Suriyada təkrarlamaq istəyir. Əlbəttə, bu bölünmə Türkiyənin maraqlarına ziddir.
Buna görə də, Rəcəb Tayyib Ərdoğanın əməliyyatlara başlamaqda israrlıdır, amma bu, ABŞ-ı narahat edir. Pentaqon isə əməliyyatların başlanması ərəfəsində YPG-yə 5 yük maşını silah-sursat və zirehli texnikalar verib. Bundan əlavə, ABŞ YPG-nin təlimlərinə milyonlarla dollar vəsait xərcləyib”.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ Suriyanın neftlə zəngin bölgələrində kürd muxtariyyəti quraraq, gələcək perspektivdə bunun müstəqilliyinə nail olmaq niyyətindədir:
“Ankara isə bu planın qarşısını vaxtında almaq üçün aktiv formada hərəkətə keçib. Çünki ABŞ Menbiç məsələsində Türkiyəyə verdiyi vədi yerinə yetirmir, YPG-ni dəstəkləməklə Ankaranın maraqlarını görməzdən gəlir. Hesab edirəm ki, Türkiyə ordusunun uğurla həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun Budağı” əməliyyatları Türkiyənin Suriyadakı mövqeyini gücləndirdi. YPG terror təşkilatına qarşı Fəratın Şərqinə başlanacaq “Cənub Hərəkatı” isə Türkiyəyə bu mövqelərində daha da güclənməsinə şərait yaradacaq.
Vaşinqton bunun qarşısını almaq və əməliyyat fikrindən geri çəkindirmək üçün Ankara ilə danışıqlara başlayıb. Türkiyə isə ABŞ-dan YPG-yə verdiyi dəstəyi dayandırmağı və bu terror təşkilatının Cənub sərhədlərindən uzaqlaşdırılmasını tələb edir. Beləliklə, Vaşinqton iki seçim qarşısında qalıb. Ya müttəfiqi Türkiyəni dəstəkləməli, ya da Türkiyəni itirmək bahasına YPG-nin yanında durmalıdır. Qənaətimə görə, Vaşinqtonun hansı seçimin üzərində dayanması, Türkiyənin əməliyyatlara başlaması ilə bəlli olacaq”.