28 Dekabr 2018 20:37
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu planı kürdlərin dəstəklənməsi ilə bağlı ola bilər”

“Hazırda Amerikanın Suriyadan ordusunu hansı tərkibdə çəkəcəyi dəqiq deyil. Böyük ehtimalla ABŞ hərbi mütəxəssisləri, strukturları Suriyada qalmaqda davam edəcək. Odur ki, ABŞ-ın Suriyadan hansı formada çəkiləcəyini dəqiq bilmək üçün bir qədər gözləməyə ehtiyac var”.

Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev ABŞ-ın Suriyanı tərk etməsi haqda verdiyi qərar və bunun mümkün nəticələri haqqında danışarkən deyib.

Siyasi şərhçi xatırladıb ki, ABŞ Suriyadan çəkilmək haqda qərar versə də, bu ölkədə NATO və Fransanın hərbçiləri qalmaqda davam edir:

“Bu qüvvələr Suriyada qalacaq. İndi hər kəs Suriya mövzusunda gözləmə mövqeyindədir. Türkiyə Prezidenti Ərdoğan ordunu Fəratın şərq sahillərinə göndərmək niyyətində idi. Amma ABŞ prezidentinin Suriyadan çıxmaq haqqında qərarından sonra rəsmi Ankara gözləmə mövqeyinə keçdi. Hesab edirəm ki, doğru da etdi. Türkiyə də bilmək istəyir ki, nə baş verir. Bu mənada hərbi əməliyyatın keçirilməsi haqqında son qərarı vermirlər. Düzdür, Türkiyə hərbi texnikasını Kilisə toplayıb. Amma Suriyaya daxil olmaq barədə qərar verilmir. Çünki Fəratın şərqində olan YPG ilə münasibətlərin necə formalaşacağı, ABŞ çıxdıqdan sonra silahları YPG-yə verib-verməyəcəyi kimi vacib məsələlər var.

Üstəlik, ABŞ Suriyanı tərk etdikdən sonra Türkiyə Rusiya ilə məsələhətləşmələr aparacaq. Son məlumata görə, bu iki ölkə arasında yaxın zamanlarda məsləhətləşmələr olacaq.

Nəzərə almaq lazımdır ki, Türkiyə Suriyada fəaliyyət göstərən Azad Suriya Ordusuna dəstək verir. Halbuki Bəşər Əsədin Azad Suriya Ordusunun legitimliyini qəbul etməyəcəyi görünür. Yəni Bəşər Əsəd Azad Suriya Ordusunun ya hökumətə təslim olmalarını, ya da Türkiyəyə keçmələrini istəyə bilər. İndi mürəkkəb dövrdür və konkret fikir bildirmək bir qədər çətindir”.

Fərhad Mehdiyev əlavə edib ki, əgər ABŞ-ın Suriyadan çəkilməsi gerçəkləşsə, bu zaman regionda əsas aparıcı qüvvə kimi Rusiya və Türkiyə qalacaq:
“Düzdür, İran da var. İran Suriyada Bəşər Əsədin yanındakı qüvvə kimi çıxış edəcək. Sözsüz ki, İran müəyyən qədər Rusiya ilə razılaşma ilə Əsədə dəstək verməkdə davam edəcək”.

Politoloqun fikrincə, ABŞ-dan sonra Suriyada qalan Fransa və NATO qüvvələrinin də ərazini tərk etmə ehtimalı yüksək olacaq:

“Birincisi, onlar öz personalını təhlükə altında qoymayacaq. Fikrimcə, bu qüvvələr siyasətini ABŞ-la koordinasiyalı formada həyata keçirəcək”.

ABŞ-ın qəfildən Suriyadan çəkilməsini təsadüfi hesab etməyən müsahibimiz deyib ki, Tramp hökumətinin hansısa planı var:

“Böyük ehtimalla bu plan kürdlərin dəstəklənməsi ilə bağlı ola bilər. Ancaq planın detalları haqqında bir söz demək çətindir. Bir qədər gözləsək, hər şey ortaya çıxacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər