15 Yanvar 2019 12:52
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrqçi bəyanatları ilə gündəmə gələn ABŞ Konqresinin Təmsilçilər Məclisinin üzvü Stiv Kinq üzvü olduğu Ədalət və aqrar komitədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Konqresin Təmsilçilər Məclisinin lideri Kevin Makkarti bununla bağlı açıqlama verib.

Kinqin ötən həftə Nyu-York Times qəzetinə verdiyi açıqlama zamanı irqçi ifadələrdən istifadə etməsinin qəbuledilməz olduğunu bildirən Kevin Makkarti bəyan edib ki, Konqresin heç bir komitəsində Stiv Kinqlə yan-yana oturmayacaqlar.

Stiv Kinq isə bəyan edib ki, Makkartinin onunla bağlı verdiyi qərar reallığa söykənmir və tam siyasi qərardır.

O, Təmsilçilər Məclisindən istefa etməyəcəyini bildirib və əlavə edib ki, həqiqətləri deməkdə davam edəcək.

Əvvəllər də irqçi ifadələri ilə tanınan Kinq ötən həftə Nyu-York Times qəzetinə prezident Donald Trampın Meksika ilə sərhəddə hasar çəkmək istəyi haqqında fikirlərini bildirib. ABŞ-da ağ irqin təhlükə altında olduğunu bildirən konqresmen “Ağ millətçiliyi, ağ üstünlüyü, Qərb mədəniyyəti niyə bu qədər narahatlıq yaradır?” ifadəsini işlədib.

O, eyni zamanda özünün Tvitter hesabında nasizmi təbliğ edən paylaşmalar edib. Həmçinin Təmsilçilər Məclisində etdiyi çıxışlardan birində Meksika ilə sərhəddə hörüləcək divarın üst hissəsinə elektrik naqil çəkilməsini təklif edib.


Müəllif: Cavad