“Mən Paşinyanın ciddiyyətinə inanmıram, onun fikirlərinin də mənasız və boş olduğuna inanıram. Bir il əvvəl hakimiyyəti ələ keçirəndə səsləndirdiyi fikirlər sonrakı aylarda verdiyi bəyanatları tamamilə təkzib edirdi. Bunlar bir-birinə zidd olan fikirlərdir”.
Erməni politoloq Hayk Babukanyan belə düşünür.
Teleqraf.com onun “EaDaily” saytına müsahibəsini təqdim edir.
- Mövcud Ermənistan-Rusiya münasibətlərinin vəziyyətini necə qiymətləndirirsiniz? Ekspertlərə görə, Moskva hələ də Baş nazir Nikol Paşinyan və komandasına inanmır.
- Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin “narıncı inqilab” olduğu dəqiqdir. Təkcə nəticə yox, hakimiyyət dəyişikliyi ərəfəsində və bundan sonra keçirilən mitinqlərdə də anti-Rusiya ab-havası hiss olunur. Məsələ bununla kifayətlənmir. Şüurlu və şüursuz formada da cəmiyyətin yaddaşında Rusiya əleyhinə düşüncə formalaşıb. Bu ab-hava yeni parlamentdə də hiss olunur.
İndi də bu inqilabın hansı nəticə verdiyini görürük. Ermənistanın yeni hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) zərbə qarşısında qoydu. Nəticədə Qazaxıstan və Belarusla münasibətlər demək olar ki, qırıldı. Bunların hamısının müttəfiqlik münasibətlərinə zərbə vurmaq və KTMT-ni zədələmək üçün məqsədyönlü şəkildə həyata keçirilən kampaniya olduğunu düşünürəm. Lakin aradan keçən aylar ərzində bu inqilabın Ermənistan üçün xeyrinin nə olduğu bizə məlum deyil. İqtisadi problemlərin həlli istiqamətində də heç bir addım atılmır, çox anlaşılmaz vəziyyətdir.
Amma bu dəyişikliyin Rusiyanın Ermənistandakı siyasi-iqtisadi dayaqlarına qarşı zərbə olduğu dəqiqdir. Münasibətləri bu formada gərginləşdirən baş nazirin də Rusiya əleyhinə təsadüfi fikir səsləndirdiyini düşünmürəm, bunlar əvvəldən ölçülüb-biçilmiş fikirlərdir. Digər yandan isə Ermənistan o qədər güclü ölkə deyil, üstəgəl, daxildə vəziyyət qarışıqdır. Buna dair çoxlu nümunələr var.
Məsələn, təkidlə Gümrüdəki rus hərbi bazasının çıxarılmasının tələb edilməsi bura daxildir. Bütün bunlar Ermənistanın nə qədər zəif olduğunu və yeni hakimiyyətin məqsədinin nə olduğunu göstərir. Bir tərəfdən isə başqa söz deyirlər, əməldə başqa iş görürlər. Təəssüf ki, hakimiyyətə gələn adamlar dövlət və xalq qarşısında özlərini məsuliyyətsiz aparırlar və ölkəyə zərər verəcək siyasət yürütməyə davam edirlər.
- Amma Paşinyan bu müddət ərzində xarici siyasətin dəyişməyəcəyini bildirdi. İndi biz kimə inanaq?
- Mən Paşinyanın ciddiyyətinə inanmıram, bu sözlərin də mənasız və boş olduğuna inanıram. Bir il əvvəl hakimiyyəti ələ keçirəndə səsləndirdiyi fikirlər sonrakı aylarda verdiyi bəyanatları tamamilə təkzib edirdi. Bunlar bir-birinə zidd olan fikirlərdir. Bu adamın sözlərinə inanmıram, amma ətrafındakı şəxslərin açıqlamaları nəzərəçarpacaq dərəcədə maraqlıdır. Bunların Paşinyanın fikirlərindən daha ciddi olduğunu düşünürəm. Nikolun Ermənistan-Rusiya münasibətləri haqda açıqlamaları əhəmiyyətsizdir.
Sadəcə olaraq, Paşinyanın müttəfiqlərimizlə münasibətlərimizə zərər verən fəaliyyətlərindən narahatam. Bu, təkcə Rusiya ilə əlaqələrə aid deyil. Yeni hökumət İranla münasibətlərimizi də təhlükə qarşısında qoyur. Bölgədəki mövcud geosiyasi şərtləri nəzərə alsaq, bu, Ermənistan-Rusiya münasibətlərinə də təsir edəcək. Sözün açığı, İranla münasibətləri pozmağa çox yaxınıq. Bu, özünü yeni parlamentin deputatlarının İran hakimiyyətini “avtoritar rejim” adlandırmasında və Paşinyanın sərt mövqeyində də göstərir. Bunun planlı kampaniya olduğunu düşünürəm. Paşinyan İranla sərhədlərin bağlana biləcəyini və bununla ABŞ-ın təsir dairəsində olduğunu nümayiş etdirir. Bu isə o deməkdir ki, Paşinyan İrana qarşı olan planı icra edir.
- Yəni, bununla prezidentin müşaviri Con Boltonun İrəvana səfərindən sonra ABŞ-ın Ermənistanı İrana qarşı poliqona çevirdiyini iddia edən ekspertlərlə eyni fikirdəsiniz…
- ABŞ bütün dünyanı İrana qarşı çevirmək istəyir, buna görə də bölgəmizə diqqəti artırıb. İndi də Ermənistan hakimiyyəti anti-İran mövqeyi seçib. Bu da onu göstərir ki, yeni hakimiyyət vəziyyəti Ermənistanın xeyrinə istifadə edə biləcək qədər intellektual deyil. Manevr edə bilmirlər, tarazlığı saxlaya bilmirlər, üstəgəl də vəziyyəti daha da gərginləşdirəcək işlər görürlər. bütün bunlar bizim üçün çox təhlükəli problemlərə yol aça bilər. Təəssüf ki, dövlətin təhlükəsizliyi ciddi təhdid qarşısındadır.
- Keçən gün Paşinyan Yuri Xaçaturovun KTMT-dəki postundan uzaqlaşdırılmasından sonra Ermənistanın ittifaq daxilindəki nüfuzunun daha da artdığını bildirdi….
- Bu gün Ermənistanın səsi eşidilə bilər, amma bu, Paşinyanın dediyi səviyyədə deyil. Təsəvvür edin ki, bu adam böyük bir ittifaqın baş katibini həbs etdirib. Bunu necə başa düşmək olar? Bu, Paşinyanın liderlik keyfiyyətinin aşağı olduğunun göstəricisidir. Bu vəziyyətdə Ermənistana münasibət necə ola bilər? Buna görə də Ermənistanın KTMT daxilində səsinin kifayət qədər azaldığını düşünürəm. İndi orada heç kəs bizi eşitmir.
- Son aylarda Paşinyan tez-tez Moskvaya getdi. Rusiya Prezidenti Vladimir Putinlə çoxlu sayda görüşlər keçirdi, telefonda da danışdılar. Paralel olaraq, son Moskva səfərində Putinlə görüş gündəmdə yox idi, amma erməni nümayəndə heyəti onunla görüşməyə cəhd etdi. Bu baş tutmadı, keçən gün isə Paşinyan Putinlə yox, Dmitri Medvedyevlə telefonda danışdı. Bütün bunların izahı nədir?
- Kimin haqda danışdığımızı unutmamaq lazımdır. Təsəvvür edin ki, Paşinyan parlamentin kürsüsündən Rusiya əleyhinə şüarlar səsləndirir, komandasının üzvləri Rusiya əleyhinə təkliflər verir. Bəs bunun izahı nədir? O, özü haqda inamsızlıq yaradıb.