Kosta-Rikanın sabiq prezidenti Oskar Arias Sançez cinsi təcavüzdə ittiham olunur.
Teleqraf.com xəbər verir ki, anti-nüvə fəalı və psixiatr Aleksandra Arce Herold prezidentdən prokurorluğa şikayət edib.
10 səhifəlik şikayət məktubunu “Nyu York Times” qəzetinə göndərən Herold 2014-cü ildə tez-tez görüşdükləri Ariasın evində cinsi təcavüzə uğradığını iddia edib. Ariasın ona arxadan yaxınlaşaraq təcavüz etdiyini bildirən Herold tez bir zamanda evi tərk etdiyini və yaşadıqlarını ağlayaraq onlarla insana dediyini bildirib.
Vəkili vasitəsilə açıqlama yayan Arias isə ittihamları rədd edib və özünü məhkəmədə müdafiə edəcəyini bildirib.
Qeyd edək ki, Kosta-Rikanın sosial-demokrat yönlü Qurtuluş Partiyasının önəmli simalarından olan Arias 1986-1990 və 2006-2010-ci illərdə ölkəyə prezidentlik edib. Arias 1987-ci ildə Mərkəzi Amerikada qarşıdurmaları dayandıraraq sülh anlaşması əldə etməyi bacaran siyasətçi kimi Nobel Sülh Mükafatına layiq görülüb.