15 Fevral 2019 14:48
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, general İlkər Başbuğ özünün “Ergenekonda çıxış” kitabı haqqında danışarkən hədəfə çevrilməsinin gerçək səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, general 2009-cu ilin aprelindəki çıxışında nurçuları hədəfə almasının qırılma nöqtəsi olduğunu, Türk Silahlı Qüvvələrində (TSK) FETÖ təhlükəsinə ilk diqqət çəkən şəxs kimi diqqətə çıxdığını xatırladıb.

İlkər Başbuğun kitabında söhbət yalnız son illər Türkiyədə baş verən həbslərdən, FETÖ-nün dövlət çevrilişi cəhdindən getmir.

General 2000-ci illərdən bu yana baş verən hadisələrdən də bəhs edir. Kitabda TSK-nın ABŞ tərəfindən cəzalandırıldığı açıq ifadə olunub.

İlkər Başbuğun sözlərinə görə, 2001-ci ilin 20 yanvarında Corc Buş ABŞ prezidenti kimi fəaliyyətə başlayıb: “Buş və komandasının ABŞ-da hakimiyyətə gəlməsi ilə yeni mərhələ start götürüb. Yaxın Şərqdə sərhədlərin yenidən formalaşdırılması Buş və komandası üçün əsas prioritet olub.

Sözsüz ki, bu mərhələnin sonunda Yaxın Şərqin xəritəsi dəyişməli idi.

Bundan bir il sonra 2002-ci ildə Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə hakimiyyətə gəlib. 2002-ci ilin 15 noyabrında ABŞ-ın Ankaradakı səfirliyindən Vaşinqtona göndərilən teleqram var. Həmin teleqramda belə yazılır: Türkiyədə ordu, bürokratiya, prokurorluq, məhkəmə sistemindən təşkil edilən “dərin dövlət” var. Siyasəti müəyyən edən “dərin dövlət”dir. Onun mərkəzində türk ordusu dayanır. Dərin dövlət ABŞ-ın dəstəklədiyi “islahatların” qarşısında ən böyük maneədir”. Əslində bu sənədlə TSK açıq hədəfə çıxarılmışdı”.

General qeyd edib ki, ABŞ 2001-ci ildə Türkiyəni yanında görməklə bərabər əhəmiyyətli bir məqamı da gözardı etmək istəyib: “Qlobal yanaşdıqda Yaxın Şərqin yenidən qurulmasını istəyirdilər. ABŞ-ın təbrincə, siyasətin TSK üzərində təsirinin artırılması vacib sayılırdı. Bu, əslində demokratik baxışdır. Amma Türkiyənin ABŞ-ın hazırladığı projedə iştirakı, onun yanında yer alması istənilirdi.

Türkiyənin isə bir problemi var. 1984-cü ildən bu yana biz PKK problemi ilə üz-üzəyik. PKK problemini həll etmədən Türkiyənin ABŞ-ın tərəfində yer alması asan deyil. ABŞ-ın terror problemini başa çatdırmaq üçün irəli sürdüyü həll variantı isə siyasi həldir.

Bəs TSK-nı niyə maneə sayırlar? ABŞ siyasi həll istəyir. TSK-nın bunu qəbul edəcəyi isə mümkün deyil. TSK PKK terroruna siyasi mövzu kimi baxmaqdan həmişə kənarda dayanıb, eyni zamanda “Kürd problemi var” ifadəsinə qarşı çıxıb. ABŞ-a görə, “siyasi çözümün” qarşısında ən böyük maneə TSK və hərbçilərdir.

Bu səbəbdən TSK-nın təhlükəsizlik məsələlərində təsirini azaltmaq lazım idi. Abdulla Öcalan 1993-cü il martın 3-də Çingiz Candara verdiyi müsahibədə bu qayəni belə formulə edirdi: “Demokratik yolla hakimiyyətə gələn iqtidar mənimlə masaya otura bilməz. Çünki hərbçilər ona xain damğası vura bilər. Bunu elə bu başdan əsgər əngəlləyər. Mən türk ordusuna qalib gələ bilmərəm. Amma qalib gəlməsəm də, hesab çəkərəm, yəni bəlli şərait yaranar və qarşı tərəfi masaya oturmağa məcbur edərəm”.

Fikrimcə, bu mövzuya dərindən baxmaq lazımdır. AKP 2002-ci ildə siyasi legitimliyini təmin etmək üçün Avropa Birliyinin (AB) verdiyi zamandan çox yaxşı istifadə etdi.

ABŞ-da Türkiyə haqqında “hərbi qəyyumluq” düşüncəsi vardı. Məqsəd bu idi: TSK-nın Türkiyəni maraqlandıran təhlükəsizlik mövzularında təsirinin azaldılması.

Siz konstitusiya və qanunlar çərçivəsində ABŞ və ya İngiltərə silahlı qüvvələrini araşdırın. Onların təhlükəsizlik məsələsində təsiri yoxdurmu? Var! Əslində təhlükəsizlik siyasətinin bərqərar olması və oturuşmasında TSK-nın söz haqqını sıfırlamaq istəyirdilər”.

İlkər Başbuğ əlavə edib ki, “Ergenekom konfiqurasiyası”nda Corc Buş hökuməti FETÖ-ya dəstək verib: “2003-cü il martın 1-də qanun layihəsi parlamentdən keçmədi və ABŞ bunun cəzasını TSK-ya tətbiq etdi. 2003-cü ildə ikinci İraq savaşı və ardında İraqın yenidən qurulması prosesini görürük. Həmin dövrdə TSK PKK ilə mübarizəsini davam etdirirdi. Beləcə 2007-ci ilə yaxınlaşırıq.

ABŞ 2001-ci ildə “siyasi həll” variantını qabartdı. Bu kontekstdə 2007-ci il oktyabrın 21-də Hakkaridə Dağlıca zastavasına edilən hücum əhəmiyyətli həlqədir. Bu, çox koordinasiyalı hücum idi. Bunun təkcə PKK tərəfindən planlandığını düşünmürəm. Mütləq xaricdən PKK-ya dəstək var. Yəni ABŞ-ın dəstəyi olduğunu düşünürəm. Ələlxüsus, hücumdan sonra baş verənlər bunun təsadüfi olmadığını göstərir. Dağlıca zastavasına hücum taktiki deyil, strateji prosesin tərkibi idi. Məhz bu hücumdan sonra TSK-ya qarşı qorxunc təbliğat başladı, “TSK silahlı mübarizədə uğursuzdur” demək istədilər”.

General əlavə edib ki, 15 noyabr 2007-ci ildə “Tərəf” qəzeti yayıma başladı. Bunun təsadüfi olmadığını deyən İlkər Başbuğ əlavə edib ki, qəzetin çapı Dağlıcaya PKK hücumundan 6 gün əvvəl başlayıb: “Eyni zamanda Dağlıca hücumundan 6 gün əvvəl, 2007-ci ilin 15 noyabrında ABŞ Dövlət Departamentinin sözçüsü Devid Filips “PKK-nın siahsızlaşdırılması” üçün raport hazırladı. Həmin raportda “dərin dövlət”dən söz açılır və TSK yenə hədəfə çıxarılırdı.

2007-ci ilin 12 iyununda “Ergenekon”un düyməsi basıldı. O vaxt FETÖ tək deyildi. Corc Buş administrasiyasının prosesə dəstək verdiyi ortadadır”.

Şəxsən özünün ABŞ və Gülən şəbəkəsi tərəfindən nəyə görə hədəfə alındığına gəldikdə, İlkər Başbuğ deyib ki, bu onun 2008-ci ilin avqust ayında Baş qərargah rəisi olması ilə bağlı məsələ deyil: “Baş qərargahda ikinci şəxs olduğum dövrdə TSK adına verdiyim açıqlamalarda iki məsələni vurğulayırdım. Bunların biri PKK, ikincisi Gülən məsələsi idi. 2004-cü ilin 25 avqustunda mən Baş qərargahda ikinci şəxs idim. Milli Təhlükəsizlik Şurasının toplantısında Fətullah Gülənlə bağlı bir plan ortaya qoyuldu. Fikrimcə, bu addımımız çox əhəmiyyətli idi.

2005-ci ilin 26 yanvarında mətbuat konfransı zamanı Gülənlə bağlı mənə suallar verildi. Vəziyyəti izah etdikdən sonra bildirdim ki, bu şəbəkə dünyəvi dövlət quruculuğu sistemini dəyişdirmək, yerinə dini şərtlərə dayanan dövlət qurmaq məqsədilə qanunsuz təşkilat yaradıb, bu məqsədlə fəaliyyət göstərir.

2005-ci ildə ABŞ hələ PKK-ya qarşı hərəkət etmədiyi dövrdə – iyunda ABŞ-a səfərim zamanı çıxış etdim. Mənə görə, qırılma nöqtəsi 2007-ci il sentyabrın 24-də Quru Qoşunları Hərbi Akademiyasında etdiyim çıxışdır. Həmin çıxışım zamanı İraqın şimalındakı siyasi quruluşla əlaqədar bəyan etdim ki, Türkiyə mövcud şərtlərdə təkbaşına İraqda proseslərə istiqamət verəcək gücə sahib deyil. Ancaq Türkiyə hadisələri əngəlləyə biləcək, xərclərini artıra biləcək gücə sahib olmadığı deyilə bilməz. Biz İraqda etnik təmələ dayanan federal quruluşun yanlış olduğunu təsbit etdik”.

Beləcə, Türkiyə generalı hesab edir ki, onun ABŞ və Gülən camaatı tərəfindən illər əvvəl hədəfə alınması, hətta həbsinə nail olunması bir neçə səbəbdən baş verib.

Bunlardan biri ABŞ-ın Türkiyəyə PKK terror təşkilatı ilə mübarizədə dəstək vermədiyini açıq deməsi, İraqın şimalında federal muxtariyyətin yaradılmasının Türkiyə maraqlarına uyğun olmamasını bildirməsi və vəzifədə olduğu müddətdə Gülən camaatına hər zaman diqqət etməsi, onları hədəfə alması olub.


Müəllif: Cavad

Oxşar xəbərlər