BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qolan Təpələrini İsrail ərazisi kimi tanıyan sənədi imzalanmasından sonra Suriyanın tələbi ilə toplanıb.
Teleqraf.com xəbər verir ki, iclasda iştirak edən ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin siyasi koordinatoru Rudni Hanter məlum sənədin imzalanmasının səbəbi açıqlayıb.
Amerikalı diplomat qeyd edib ki, Qolan Təpələrinə nəzarətin Suriya və İrana veriləcəyi halda, Suriya, İran ve Hizbullahın İsrailə qarşı hücumlarının qarşısını almaq mümkün olmayacaq: “'Bu qərar İsrailin təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. ABŞ bununla bölgədə təhlükəsizliyin təmin edilməsinə dəstəyini artıracaq”.
Lakin Təhlükəsizlik Şurasının iclasında Donald Trampın qərarını ABŞ-dan başqa dəstəkləyən olmayıb. Şuranın 14 üzvü mübahisəli Qolan Təpələri bölgəsinin İsrail ərazisi olmadığı məsələsində razılaşıb.
Şuranın daimi üzvlərindən Rusiya, Fransa və İngiltərə, qeyri-daimi üzvlərindən Belçika, Almaniya və Polşa BMT TŞ-nin 242, 338 və 497 saylı qərarlarını xatırladaraq, Qolan Təpələrinin İsrail ərazisi olmadığını bildiriblər.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri də ABŞ və İsraili sərt şəkildə tənqid edib.
Suriyalı diplomat ABŞ prezidentini beynəlxalq hüquq normalarını kobud formada pozmaqda ittiham edib: “ABŞ öz dəyərlərini çeynədi. Ölkənə utanc gətirdin. Bu, utancverici bir qərardır. Amerikanın fəaliyyətləri təhlükəlidir. Çünki düşüncəsiz hərəkət edir”.