“Baş nazir Nikol Paşinyan komandasında Rusiya əleyhinə fəaliyyət göstərən kadrları təmizləməlidir. Əks halda bu, Ermənistana zərər verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu İşıqlı Ermənistan partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan deyib.
O, Paşinyana etiraz aksiyaları zamanı Araqatsotna şəhəri qubernatorunun Rusiya bayrağını yandırmasını misal çəkib:
“Bir neçə gün əvvəl Araqatsotn qubernatorunun Rusiya bayrağını yandırmağa cəhd etməsinin görüntüləri yayıldı. Lakin polis buna icazə vermədi və o, bayrağı ayaqlarının altına atıb tapdaladı”.
Keçən il İrəvanda baş vermiş “məxməri inqilab”dan sonra Paşinyan və komandasındakı nazirlərin Soros Fondu və Avropanın maliyyə institutları ilə açıq və gizli əlaqələri olduğu üzə çıxdı. Qərb, yaxud ABŞ-da fəaliyyət göstərən bu təşkilatların nümayəndələrinin Paşinyan tərəfindən yüksək postlara təyin edilməsi nə Rusiya, nə də Ermənistan daxilindəki ictimai-siyasi sferalarda birmənalı qarşılandı. Üstəgəl, Baş nazir Paşinyanın “Sorosun uşaqları” adlanan şəbəkə üzvlərinin Rusiyanın İrəvandakı səfirliyi qarşısında təşkil etdiyi etiraz aksiyalarına “yaşıl işıq” yandırıması məsələni bir qədər də şaxələndirdi. Şəbəkə üzvlərinin Rusiyanın Gümrüdəki hərbi bazasını çıxarmaq tələbləri isə Moskva-İrəvan münasibətlərini hiss ediləcək dərəcədə gərginləşdirdi.
Edmon Marukyanın iddiasına görə, indi də Paşinyanın komandası ABŞ və Avropa İttifaqından maliyyə dəstəyi alan Qərb simpatizanları ilə doludur. O, iqtidar komandasının Rusiyanı Ermənistana qarşı qəzəbləndirdiyinə diqqət çəkib.
Erməni ekspertlərin fikrincə, vaxtilə “Qarabağ klanı”nda yer alan şəxslər də Paşinyanın komandasına daxil olduqdan sonra 180 dərəcə dəyişiblər. Ekspertlər həmin şəxslərin pulla ələ keçirildiyini və Rusiya əleyhinə fəaliyyət göstərən şəbəkənin əsas güc mərkəzlərindən birinə çevrildiyini iddia edir. Habelə Kremlin bunu Paşinyana bağışlamayacağını və qisasın ağır olacağını bildirirlər.
Edmon Manukyan hesab edir ki, Paşinyan “ayı pəncəsi”nə tuş gəlməmiş komandasındakı anti-rus kadrları dəyişdirməli və yürütdüyü xarici siyasəti redaktə etməlidir.