Almaniya Bundestaqının İqtisadiyyat və sənaye komitəsinin sədri Peter Ramsauer və İqtisadi əməkdaşlıq komitəsinin sədri Daqmar Förl Azərbaycana səfər edəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.
Sentyabrın 13-18-ə planlaşdırılan səfər Bundestaq üzvlərinin öz təşəbbüsü ilə həyata keçirilir. Səfərin məqsədi Azərbaycanın iqtisadi potensialı ilə yaxından tanış olmaqdır.
Bundestaqın komitə sədrləri İqtisadiyya və Sənaye Nazirliyi və Energetika Nazirliyində bir sıra görüşlər keçirəcək və hər iki ölkəni maraqlandıran mövzular ətrafında müzakirə aparacaqlar.
Qeyd edək ki, Almaniya Bundestaqının daha bir üzvünün də Azərbaycana səfəri planlaşdırılır. Lakin onun kim olduğu barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.
Xatırladaq ki, bir neçə gün bundan öncə Alman-Azərbaycan Forumunun İdarə Heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində bir sıra dövlət qurumları ilə görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan və Almaniya arasında illik ticarət dövriyyəsi 2,5 milyard avrodan çoxdur.