ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəyə qarşı maliyyə sanksiyalarını genişləndirməyi planlaşdırır. Məlumata görə, ehtimal edilən sanksiyalar sadəcə “F-35” qırıcları üçün detallar istehsal edən türk firmalarını yox, digər müdafiə sənayesi şirkətlərini də əhatə edəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məsləhətçisi Ellen Lord Rusiyadan “S-400” raketləri alacağı halda, ABŞ müdafiə sənayesi üçün hərbi avadanlıqlar istehsal edən türk şirkətlərinə də sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Pentaqon rəsmisi sanksiyaların təkcə, “F-35” qırıcıları ilə məhdudlaşmayacağını bildirib.
Türkiyə ilə müttəfiqlik münasibətlərini davam etdirmək istədiklərini deyən Lord qeyd edib ki, hələlik sanksiya məsələsində yekun qərar verilməyib.
Lakin o, yeni sanksiyaların Türkiyənin müdafiə sənayesinə mənfi təsir edəcəyini açıqlayıb: “Amma həqiqətən bunu etmək istəmirik”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında Rusiyadan “S-400” raketlərinin alınacağını bildirərək, bunun müzakirəsinin rəsmi Ankara üçün başa çatdığını deyib.