27 İyun 2019 11:28
3 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində qəbul edilən yeni qanun layihəsi ilə 32 ildən sonra ilk dəfə olaraq, Cənubi Kiprə (Yunan Kipri) silah vizası veriləcək.

Teleqraf.com xəbər verir ki, yeni qanun çərçivəsində ABŞ ordusu Şərqi Aralıq dənizindəki Xüsusi İqtisadi Zonada həyata keçirilən fəaliyyətlər barədə hesabat hazırlayacaq.

Yunanıstana isə 3 milyon dollar həcmində yardım göndəriləcək.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Türkiyə əleyhinə olan “EastMed” Qanununu qəbul edib. Məlumata görə, qanun ABŞ-ın Aralıq dənizinin Şərqində nüfuz dairəsini artırmaqla yanaşı, bu zonada Yunanıstan Cənubi Kipr və İsraillə işbirliyini genişləndirmək planını özündə ehtiva edir.

Senatorlar Bob Menendez və Marko Rubionun hazırladığı qanun layihəsi həm Demokratlar, həm də Respublikaçılar partiyasının dəstəyi ilə qəbul olunub. Bununla regionda Türkiyəyə qarşı özünü gücləndirən ABŞ Yunanıstan və Cənubi Kiprin mühafizəsini də həyata keçirmək imkanı əldə edəcək. Sənəddə ABŞ-ın Şərqi Aralıq dənizində strateji müttəfiqlərinin Yunanıstan, İsrail və Cənubi Kipr olduğu qeyd edilib.

Qanun çərçivəsində ABŞ Cənubi Kiprə tətbiq etdiyi silah embarqosunu ləğv edəcək. Qeyd edək ki, ABŞ bölgədə təhlükəsizlik məqsədilə 1987-ci ildə Yunan Kiprinə silah satışını dayandırmışdı.

Layihədə Ankara və Vaşinqton arasında böhran yaradan “S-400” məsələsinə də yer verilib.

Sənəddə qeyd edilib ki, Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alışını dayandırmayacağı halda, ABŞ qanunvericiliyi çərçivəsində bu ölkəyə “F-35” qırıclarının satışı dayandırılacaq. Habelə Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu