Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov arasında iki dövlətin sərhədində yerləşən Vorux kəndində görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə dövlət başçıları son günlərdə Qırğızıstan-Tacikistan sərhədində baş verən gərginliyi müzakirə edib.
Tacikistan prezidenti iki ölkənin rəsmi dairələrinin ölümlə nəticələnən insidenti araşdırmaq barədə anlaşma əldə etdiyini və bu məsələdə günahı olanların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
İki lider dövlət sərhədləri barədə yaranmış problemləri aradan qaldırmağa hazır olduğunu bildirib.
Prezidentlər insidentin baş verdiyi sərhəd kəndləri Aksay (qırğız) və Vorux (tacik) sakinləri ilə də görüşüb.
Qeyd edək ki, iyulun 23-də Qırğızıstan-Tacikistan sərhədində ölümlə nəticələnən insident baş verib. Qarşıdurma zamanı 1 Tacikistan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb. Olayda Qırğızıstan tərəfdən 14 nəfər odlu silahlardan açılan atəş nəticəsində yaralanıb. Yaralılar arasında 6 polis, 2 hərbçi, 1 gömrük əməkdaşı olub.
Qırğızıstan tərəfinin iddiasına görə, olay anlaşılmazlıq səbəbindən baş verib. Sərhəddə yerləşən Vorux adlı tacik kəndinin sakinləri kəndin girişinə bayraq asmaq istəyərkən, Aksay adlı qırğız kəndinin sakinləri buna etiraz edib. Qarşılıqlı ittihamlarla başlayan mübahisə odlu silahların işə düşməsi ilə nəticələnib.