İran çərşənbə günü nüvə sazişinə dair öhdəliklərini azaltmaq yolunda üçüncü addımını atacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
O bildirib ki, planlanması tamamlanan və tətbiqinə hazırlıq görülən üçüncü addım birinci və ikinci addımlardan daha güclü olacaq.
Diplomatik cəhdlərlə nəticə əldə olunacağı təqdirdə İranın bu addımlardan geriyə dönüşünün mümkün olacağına diqqət çəkən sözçü əlavə edib ki, nazir Cavad Zərifin Fransa görüşləri və müavini Abbas Araqçının bu gün Parisə edəcəyi səfər nüvə anlaşması məsələsində diplomatik cəhdlərdir.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələri nüvə razılaşması çərçivəsində vədlərini yerinə yetirəcəyi təqdirdə İran üçüncü addımı atmayacaq.
Xatırladaq ki, ABŞ-ın İranla imzalanan 5+1 formatında nüvə razılaşmasından birtərəfli qaydada çıxması vəziyyəti gərginləşdirib.
Hazırda Rusiya, Çin və Avropa Birliyi ölkələri İranla imzalanan sazişə sadiq qaldırlarını elan edirlər. İran isə ona tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün Avropa Birliyinə ciddi təzyiqlər edir.
Bu təzyiqlərin ana xəttini Tehranın nüvə anlaşması ilə üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün atdığı addımlar təşkil edir.