İlk dəfə Çin hökumətinin Sincan Muxtar Bölgəsində uyğur türkləri üçün verdiyi təlimatlara dair rəsmi sənədlər mediada yayımlanıb.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna (ICIJ) ötürülən sənədlər BBC və “Guardian” kimi nüfuzlu KİV-lər vasitəsilə tirajlanıb.
Çin hökumətinə məxsus rəsmi sənədlərdə yüz minlərlə uyğur türkünün həbsxana və düşərgələrdə saxlanıldığı, işgəncələrə məruz qaldığı qeyd olunub.
17 media qurumunun əməkdaşlığı sayəsində ələ keçirilən məlumatlar Çin hökumətinin uyğurlara sistemli “beyin yumaq” əməliyyatı həyata keçirdiyini təsdiq edir. Pekin indiyədək bu düşərgələrin könüllü təhsil və iş düşərgələri olduğunu deyirdi.
ICIJ-in ortaya çıxardığı sənədlərdə isə 2017-ci ildə Sincan bölgəsi üzrə yüksək rütbəli şəxsi, Kommunist Partiyası liderinin köməkçisi Çju Haylunun düşərgə rəhbərlərinə göndərdiyi qeydlər var. Bu əmrlər düşərgələrin təhlükəsiz bir həbsxana olduğu, ciddi bir intizam sistemi ilə cəzalandırmaların həyata keçirilməsini, düşərgələrdən qaçmaların qarşısını almaq üçün tədbirlərin artırılmasını ehtiva edir.
Qeydlərdə nizam-intizamın artırılmalı olduğu, bütün yataqxanalarda və sinif otaqlarında video nəzarətin həyata keçirildiyi bildirilir, bunun üçün ətraflı təlimatlar verilir. Digər sənədlər həyata keçirilən həbslərin sayının nə qədər çox olduğunu göstərir, bir sənəddə təkcə Sincanın cənubundakı bir bölgədən 15.000 adamın bir həftə içində düşərgələrə göndərildiyi bildirilir.
Sənədlərdə peşmanlıq və etiraflardan sonra düşərgələrdə saxlanılan insanların buraxıldığı və Çin dilində danışmağın prioritet olduğu vurğulanır. Bu sənədlər Çinin türk bölgəsində texnoloji cəhətdən böyük bir nəzarət mexanizmi qurduğunu da göstərir.
1.8 milyon uyğur türkünün istifadə etdikləri ağıllı telefonlar vasitəsilə izlənilərək saxlanıldığı da sənədlər yer alıb.