11 Dekabr 2019 14:50
2 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya ilə Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı anlaşması əhəmiyyətli hadisədir, bu, bölgədə şərtləri dəyişə bilər, amma İsraildə siyasi hökumət böhranı olduğundan bu məsələlər gündəm təşkil etmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İsrailin xarici işlər nazirinin sabiq müavini, diplomat Alon Liel Liviya-Türkiyə razılaşmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda İsraildə böyük siyasi böhran var: “Bu səbəbdən İsraildə Türkiyə-Liviya razılaşması gündəmin arxasında qalıb. Liviya-Türkiyə anlaşması olduqca önəmlidir, şərtləri dəyişə bilər. Türkiyə oyuna daxil oldu. Yunanıstan, Misir, İordaniya, Kipr və İsraillə Türkiyənin münasibətləri elə də yaxşı deyil. Bütün bunlara baxmayaraq bu mərhələdə güclü dəyişiklik gözləmirəm”.

Tel-Əviv hökumətinin Şərqi Aralıq dənizi ilə bağlı Liviya-Türkiyə razılaşmasına necə yanaşdığına gəldikdə sabiq diplomat bildirib ki, İsrail tərəfi anlaşmaya obyektiv baxmalıdır: “Türkiyənin Liviya ilə razılaşmasına İsrail də ABŞ kimi normal baxır. Əgər bu razılaşma Yunanıstan və Cənubi Kiprə təsir edərsə, hərçənd təsir göstərəcək, bu halda İsrailin Yunanıstanı dəstəkləməsi mümkündür. Çünki İsrailin bu iki ölkə ilə münasibətləri çox yaxşıdır”.

İsrailli sabiq diplomat ölkəsində baş verənləri də qiymətləndirib: “İsrail tarixinin ən çətin böhranını yaşayır. Əgər çərşənbə gününə qədər hökumət qurulmasa, İsrail 2020-ci ilin martında yenidən seçkilərə gedəcək. Mart seçkilərində də nəticə alınmasa may və ya iyunda yeni seçkilər olacaq. Mən ehtimal edirəm ki, İsraildə hökumət altıncı ayda qurula bilər”.

Alon Liel korrupsiyaya görə başı dərddə olan Netanyahu haqqında da danışıb: “Netanyahu seçkidə qələbə qazanacaq. Düzdür, hazırda Netanyahu böyük sıxıntı içindədir. Bu hüquqi mərhələlərdən xilas olmaq elə də asan deyil. Gələcək seçkilərdə böyük çoxluğun səsini almasa da, Netanyahu baş nazir olacaq”.


Müəllif: Cavad