11 Dekabr 2019 16:13
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanuni legitimliyi bir şəxsə bağlı olan hökumət parlamentdəki mandatlarının sayından asılı olmayaraq sabit deyil”.

Teleqraf.com xəbər verir ki, bunu “Hraparak” qəzetinə müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Köçəryan Baş nazir Nikol Paşinyanı ölkəni idarə edə bilməməkdə, sistemli iş görməməkdə, səlahiyyətlilərindən sui-istifadədə ittiham edib.

Həbsdə olan keçmiş prezident Ermənistan cəmiyyətinin inqilab eyforiyasından ayılmağa başladığını bildirib:

“Artıq proseslər sürətlə toqquşmağa başlayıb. Bir tərəfdə eyforiyadan sonra cəmiyyətin gedən proseslərə adekvat cavabları bərpa olunur, digər tərəfdə özünü İsa Məsih hesab edən baş nazir adekvatlığını itirir. Bu da onun populyarlığını itirmə sürətini artırır. İnanıram ki, erkən seçki keçirilsə, o, öz hakimiyyətini itirəcək.

Üstəlik, bunun gələn il baş vermə ehtimalı çox yüksəkdir, bu da müxalifətin qətiyyətindən və səyləri birləşdirmək qabiliyyətindən asılıdır”.

Köçəryan 2018-ci ildə baş verən və ölkədə hakimiyyət dəyişikliyinə səbəb olan kütləvi mitinqlərin Ermənistanın siyasi həyatını zəiflədən əsl “siyasi sunami” olduğunu bildirib:

“Bu cür qaynar proseslər güclü ətalətə malikdir və cəmiyyətin rasional vəziyyətə qayıtması üçün vaxt lazımdır. Eyforiya və dəyişikliklə bağlı gözlənti keçib, indi gələcək siyasi mənzərənin yeni bir konturunun aktiv formalaşması baş verir. Bunun potensialı böyükdür, çünki cəmiyyətin intellektual qaynağı əsasən parlamentdən kənarda cəmləşir və orada siyasi diskussiya da aparılır.

“Vernatun”dakı son müzakirələr hakimiyyətin ölkəni idarə edə bilməməsini və aktiv müxalifətlə konsensusa ehtiyacın olduğunu göstərdi. Bir il əvvəl belə bir müzakirə mümkün olmazdı. Beləliklə, taktiki gözləmə mərhələsi keçdi, cəmiyyət aktiv fəaliyyət mərhələsinə qədəm qoyur”.


Müəllif: Mənsur Rəğbətoğlu