14 Dekabr 2019 17:05
383

Qətər əmirinin anası Şeyxa Moza Türkiyənin İstanbul şəhərində 44 hektar torpaq sahəsini satın alıb.

Teleqraf.com xəbər verir ki, Qətərin kral ailəsi üzvlərinin İstanbul boğazları yaxınlığında dəyəri milyonlarla dollar həcmində olan ərazi satın aldığı ortaya çıxıb.

Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Saninin anası Şeyxa Moza bint Nəsır əl-Mişnəd ərazini Türkiyədə qurduğu şirkət üçün alıb.

Moza sahib olduğu turizm və ticarət şirkətini 2018-ci ildə qurub. Şirkətin 45.45%-i Şeyxa Mozaya, 31.82%-i Qətər baş nazirinin keçmiş köməkçisi Abdullah bin Həmad əl-Əttiyahın həyat yoldaşı Münirə bint Nəsır əl-Mişnədə, 22.7%-i isə Şanna Nəsir əl-Mişnədə məxsusdur.

2018-ci ildə sözügedən şirkət üçün alınan ərazinin hazırkı qiyməti 20.25 milyon dollardır.

Şeyxa Moza ərəb dünyasının “dəb ikonası” adlandırılır. Moza Qətərin keçmiş əmiri Şeyx əl-Saninin üç arvadından ikincisidir.

Qətər Universitetinin məzunu olan Moza həm ölkəsində, həm də dünyada aktiv fəaliyyət göstərir. Bir neçə il əvvəl “Forbes” tərəfindən “Dünyanın ən nüfuzlu 100 qadını”ndan biri kimi seçilən Moza təhsil və QHT sektorundakı fəaliyyətləri ilə tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu