“Liviyada qiyamçı general Xəlifə Haftarın liderliyindəki ordunu dəstəkləyən Rusiyanın “Vaqner” qüvvələri geri çəkilməyə başlayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Sülh Hökumətinə (UMH) bağlı silahlı qüvvələrin komandanı Nasir Əmmar məlumat yayıb.
Komandan Türkiyə və Rusiya prezidentləri arasında əldə edilmiş anlaşmadan sonra Haftar ordusuna bağlı qüvvələrin də “Vaqner”lə birlikdə geri çəkildiyini iddia edib:
“Haftar tərəfində döyüşən “Vaqner” qüvvələrinin geri çəkildiyini müşahidə edirik. Ərdoğan və Putin arasında anlaşmanın əldə edilməsindən sonra rus qüvvələrinin əhəmiyyətli hissəsi Haftar ordusundan ayrılaraq, Cufradakı hərbi bazada yerləşib. Qalanlar da ön xətdən geri çəkilməyə başlayıb”.
Nasir Əmmar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, onun verdiyi vədləri yerinə yetirdiyini bildirib.
Əlavə edək ki, Rusiya və Türkiyə prezidentləri bir neçə gün əvvəl Liviyada atəşkəsin elan edilməsi barədə anlaşıb.